“XALQIN GÜCÜ QAZANMAĞA ÇATMAYINCA …”


“Demokratiya demirikmi, hər kəs öz  ağlı kəsdiyi yolla getsin”!!!

Fb-NİN GÜNDƏMİNDƏN 

Bütün vətənpərvərlərə və millətsevərlərə salam olsun:
– Cəmiyyətin içərisində getməsə də, siyasi aralıqda SEÇKİ söhbəti gedir. 
Ortada bir mənzərə var. Hamı özünü, mövcud rejimin dəyişməsini hədəf seçmiş, hakimiyyətin xalqa məxsus olduğunun davaçısı kimi təqdim edir. Gözəl.

Bu təqdimatın əhatə etdiyi dairə, cəmiyyətdə milli düşərgə kimi tanınır. Bu düşərgənin bir hissəsi, seçkiyə getmək vacibdir, digər bir hissəsi, boykot etmək lazımdır deyir. Olsun. 

Biz hamımız bir dövlətdə yaşayırıq və uzun illərdən bəri formalaşmış bir anormal rejimin məngənəsindəyik. Bu rejimin, hakimiyyət idarəetməsində olan bu anti-xalq təfəkkürün, 1920-ci ilin 28 aprelindən hesablasaq, gələn il 100 illik yubileydir və bunlar, Azərbaycanda gedən milli-ideoloji savaşın qarşı tərəfidir. 

Milli Düşərgə adlanan siyasi qüvvələr mərkəzindəki və əyalətlərdəki insanlarımızın əksəriyyəti, Azərbaycanın dövlət müstəqilliyi,ərazi bütövlüyü uğrunda mücadilələr vermişdirlər.İndi də hamılıqla,hüquqi, dünyavi, demokratik, Milli Dövlət qurmaq, ərazi bütövlüyümüzü bərpa etmək uğrunda mücadilə aparırıq deyilir və xalqa da bu bəyan edilir. Əla.

Məsələyə baxışımın, bu günkü gündən deyil, ümumi halda olduğunu qəbul etməyi hər kəsdən rica edərəm.

Rejimin seçkilər məsələsində öz iradəsi olmadığına baxmayaraq, kimin istəyib istəmədiyindən asılı olmayaraq, ölkədə seçki keçiriləcəksə, keçiriləcək. Keçirilməsə də, 2020-ci ildə seçkilər var və s.

Hazırda, Siyasi yetkinliyin dərəcəsi, 100 illik bir təfəkkürün, bir rejimin ortada olduğunu göstərir. Son 26 ildə, həm boykot deyib, gedib evdə oturuldu, həm də yetərincə təşkilatlanmadan, seçkilərə gedildi. Mövcud hakimiyyəti, anti-milli hesab edib, özünü milli adlandıran düşərgə var. Bu düşərgə, Milli Məclisi bütövlükdə götürmək, heç olmasa milli düşərgənin Milli Məclisdə öz milli fraksiyasını əldə etmək üçün birgə vuruşmaq əvəzinə, ayrı-ayrılıqda bir neçə mandat uğrunda 26 ildir enerji sərf edir. Nəticə də, siyasi gün-güzəran da, siyasi yetkinliyin təsirsizliyi də, xalqın təşkilatlanma səviyyəsi də, ruh düşkünlüyü də göz önündədir. Bütövlükdə milli-mənəvi qazanc da, milli itkilər də bəllidir.

Xalqın siyasi və ideoloji maariflənmə səviyyəsi, cəmiyyətsizlik, rejimin nadanlığı deyir ki, ölkə siyasətində xalqı siyasi maarifləndirmək, ideoloji təşkilatlandırmaq baxımından, yeganə fürsət seçkilərdir. Ölkəmizdə, seçiciləri maarifləndirib səsverməyə gəlmə mədəniyyətini öyrətmək, vətəndaş məsuliyyətinin dinamik reaksiyasına nail olmaq, cəmiyyəti etinasızlıqdan qurtarmaq, laqeydlik xəstəliyini aradan qaldırmaq kimi, böyük bir problem var. Seçkiyə getməyə də, boykot etməyə də, xalqın ortaq duyğusu, ortaq düşüncəsi, ortaq istəyinin təsir gücü lazımdı. Ölkədə, bu anormal vəziyyəti formalaşdıran sistemə qarşı, özünü milli düşərgədə hesab edənlərin parakəndə və yetərincə gücə malik olmadan apardığı sitemsiz mübarizə var. Nə isə… Bu mənzərə də hamıya aydındır.

Seçkilərdə fəallığın bir forması da boykotdur. Boykot, o halda seçkilərə təsir edə, seçkinin yönünü dəyişə, yenidən-xalqın mənafeyinə uyğun seçkilərə getmək məcburiyyəti yarada bilər ki, boykot edən qüvvələrin seçkiyə qatılmaması, vətəndaş itaətsizliyi həddinə çatsın və həmən qüvvələrin, buna yetərincə gücü yetsin ki, rejimin dizi yerə gəlsin. Boykotçular, seçki dönəmində dinc durmalı deyil, vətəndaşların bu və ya digər formada aktivləşməsini təşkil etməklə məşğul olmalıdır. Seçkiyə gedən qüvvələr xalqı elə aktiv hala gətirməlidir ki, rejimin seçkiləri saxtalaşdırmağa macalı olmasın. Bunun üçün də yenə yol, xalqın təşkilatlanmasından keçir.

Həm seçkiyə gedənlərin, həm də boykot tərəfdarı olanların atacaqları bütün addımlar, bir-birinin əleyhinə yox, xalqın təşkilatlanmasının, maariflənməsinin lehinə olmalıdır.

Hesab edirəm ki, həm “boykot edirəm” deyənlərin, həm də “seçkiyə gedirəm” deyənlərin bir-birini qarşılıqlı, əsassız və təhqiramiz ittiham etməsi, siyasi proseslərin yönünü dəyişməkdir, rejimə yaşaması üçün siyasi qida verməkdir, xalqı da “ac” qoymaqdır.

Demokratiya demirikmi, hər kəs öz ağlı kəsdiyi yolla getsin, lakin, hər kəsin də atacağı addımdan da xalq bəhrələnsin. Seçkinin sonunda nəticələr saxtalaşdırılacaqsa, seçkiyə gedənlərlə, boykotçular qüvvələrin birləşdirsinlər, təpki göstərib, rejimin qurduğu anti-azərbaycan oyunlar pozsunlar, yeni demokratik seçkilər keçirməyə nail olsunlar.

Məncə, milli düşərgənin demokratik ab-havası, belə qarşılıqlı sayğı ilə müşahidə olunarsa, cəmiyyətimiz daha çox bəhrələnər və siyasi-ideoloji baxımdan, seçkidən seçkiyə daha da püxtələşər, iradəsini müəyyənləşdirər. 
Xalqın gücü qazanmağa çatmayınca, həmişə rejim qazanacaq. 
Bu qədər…

Tarix: 18-08-2019, 23:46
Xəbəri paylaş





Xəbər lenti