Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin anım günüdür

       Bu gün çağdaş Milli Azadlıq Hərəkatının lideri, eks-prezident, AXCP-nin mərhum sədri Əbülfəz Elçibəyin vəfat etdiyi gündür.
Görkəmli ictimai-siyasi və dövlət xadimi Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Ordubad rayonunun Kələki kəndində doğulub. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. 1963-cü ilin yanvarında Misirə göndərilən Əbülfəz bəy 1964-cü ilin oktyabrına burada tərcüməçi kimi çalışıb. 1969-cu ildə Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb. 1968-1975-ci illərdə Bakı Dövlət Universitetinin "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib.
1975-ci ilin yanvarında Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adı ilə həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edilir. Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalır. 1976-cı ilin dekabrında EA Şərqşünaslıq İnstitunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Hələ Sovet dövründə gənclər arasında türkçülük, bütöv Azərbaycan ideyalarını təbliğ edən Elçibəy ötən əsrin 80-ci illərində başlanan xalq hərəkatının liderinə çevrilir. 16 iyul 1989-cui ildə yaranan Azərbaycan Xalq Cəbhəsinin sədri seçilir. Demokratik hərəkatın lideri olan Elçibəy 1992-ci ildə keçirilən seçkilərdə qalib gələrək Azərbaycan Respublikasının Prezidenti seçilir.
Hakimiyyətdə olduğu 1 il ərzində Elçibəy bir sıra uğurlu islahatlara imza atır. Azərbaycan milli valyutası ilk dəfə onun dövründə tədavülə buraxılır. Onun rəhbərliyi ilə ilk dəfə olaraq ali məktəblərə qəbul imtahanlarında test üsulu tətbiq edilir. Qarabağda hərbi uğurlar əldə edilir. 1993-cü ilin iyununda baş vermiş hərbi qiyam nəticəsində hakimiyyətdən uzaqlaşdırılan Elçibəy 4 il Kələki kəndində yaşamaq məcburiyyətində qalır. 1997-ci ildə Bakıya dönən Əbülfəz bəy demokratik qüvvələrin, müxalifətin toparlanmasına çalışır. Lakin amansız xəstəlik Əbülfəz bəyi arzularını həyata keçirməyə imkan vermir. Ömrünü milli və demokratik mübarizəyə, Azərbaycanın, türk dünyasının inkişafına, yüksəlişinə həsr etmiş bu işıqlı insan 22 avqust 2000-ci ildə müalicə aldığı Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasında vəfat edir.
Allah rəhmət eləsin!
Tarix: 22-08-2019, 09:19
Xəbəri paylaş





Xəbər lenti