Dağılan Ermənistan, baş nazirin 2050-ci il “arzusu”


Ermənistanın baş naziri ölkəsini ağır durumdan çıxarmaq, kreslosunu qorumaq üçün Qarabağ bəyanatlarının “doza”sını artırır; işğalçı ölkə rəhbərliyi ABŞ-dakı erməni diasporundan nicat diləməyə gedəcək; politoloq: “Paşinyan Xankəndində dediyi təxribatçı ”Qarabağ Ermənistandır" fikrini Los-Ancelsdə də təkrarlasa..."; XİN: “Prosesləri qabaqlamayaq”

Ermənistanın baş naziri Nikol Paşinyanın 2050-ci ilə qədərki (!) prioritetlərini ironiya ilə qarşılayan erməni ekspertlər mövcud hakimiyyətin acınacaqlı vəziyyətlə üz-üzə qaldığını açıq şəkildə ifadə edirlər. Belə görünür ki, Paşinyan hakimiyyətinin ömrü ilə bağlı bədbin proqnozlar səsləndirənlər kifayət qədər ciddi arqumentlərə sahibdirlər.

Məsələ burasındadır ki, N.Paşinyan hakimiyyətdə olduğu 16 ay müddətində ölkədə sosial tələblərlə keçirilən etiraz aksiyalarının ardı-arası kəsilmir. Mövcud durumda əhalisinin normal yaşayışını təmin edə bilməyən hökumət başçısı isə xalqının qarnını 2050-ci ildən bəhs edən populist bəyanatlarla, həmçinin sərsəm Qarabağ şüarları ilə “doyurmağa”  çalışır. Əks təqdirdə, Paşinyanın “Qarabağ-Ermənistandır”, “Qarabağ Azərbaycandan ayrılıb” kimi mənasız fikirlərinə ehtiyac qalmazdı. 

 Bu arada Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçaturyan erməni diplomatlarla görüşü zamanı ölkə iqtisadiyyatının bərbad vəziyyətdə olduğunu deyib və onlardan ölkələri üçün investisiya axtarmasını istəyib. Axar.az xəbər verir ki, bu barədə məlumatı “Qraparak” qəzeti yayıb.

“Adambaşına düşən gəlirə görə bu gün biz lider mövqe tutan ölkələrdən 15 dəfə geri qalırıq. Bizim istehsal qabiliyyətimiz Avropanın istənilən ölkəsindən 8 dəfə, Avrasiya İttifaqı ölkələrindən 2 dəfə geri qalıb”, - o bildirib.

“Yeni Müsavat” erməni mənbələrinə istinadən bildirir ki, elə N.Paşinyan özü də diplomatlarla görüşündə ölkəsinin düşdüyü ağır durumla bağlı bəzi etiraflarını edib. Ermənistanın baş naziri yaxşı anlayır ki, mövcud vəziyyət qonşu ölkənin torpağını artıq üçüncü onilliyə yaxındır işğal altında saxlamaqdan qaynaqlanır. Lakin Ermənistan rəhbərliyi hələ də dərk etmək istəmir ki, qonşularla normal münasibətlər yaratmadan, xüsusilə də Azərbaycan torpaqlarının işğalına son vermədən Ermənistanın ayaqda qalması, təcrid prosesinə son qoyulması mümkün olmayacaq.

İllərdir ianələrlə yaşayan Ermənistanda Qarabağ klanı ilə problemlərin yaranması, həmçinin Paşinyan hakimiyyətinə erməni diasporunun, kilsənin, eyni zamanda daşnakların münasibətinin birmənalı olmaması vəziyyəti kritikləşdirib. Odur ki, Paşinyan çox çalışır ki, diaspora ilə əlaqələri normallaşdırsın. Elə onun ABŞ-ın Los-Anceles şəhərinə səfər etmək niyyəti də buradan qaynaqlanır.

Çox güman ki, bu səfər BMT Baş Assambleyasının illik toplantısı ilə eyni vaxta təsadüf edəcək. Paşinyan “yolüstü” erməni diasporu ilə də görüşmək istəyir. O, özü də demişdi ki, Los-Ancelesdə ermənilərlə görüşlər keçirməyi planlaşdırır. Görüşün sentyabrın 22-si, saat 16:00-da baş tutacağını da elan edib. Baş nazir ABŞ-da Xankəndində müzakirə etdiyi məsələləri, o cümlədən “miatsum” və sairi gündəmə gətirəcəyini deyib. Şübhəsiz ki,  görüşə Kaliforniya ştatının digər şəhərlərində yaşayan ermənilər də qatılacaq. Bunun üçün artıq hazırlıq işlərinə başlanılıb.

elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Paşinyanın sentyabrın ortalarında ABŞ-a səfərinin əsas hədəfi BMT-nin Baş Assambleyasına qatılmaqdır: “Paşinyan bu fürsətdən istifadə etmək istəyir. O, Trampla da görüşmək arzusundadır. Keçən il də ABŞ prezidenti ilə görüşmək istəyirdi. Hətta ermənipərəst konqresmenləri prosesə qoşmuşdular. Ancaq alınmadı, Tramp bu görüşə maraq göstərmədi. Belə olan halda səfərdən nəticəsiz qayıtdı. İndi isə bir güllə ilə iki dovşan vurmaq istəyir. Həm Trampla görüşmək istəyir. Sonra da Nyu-Yorkdan Los-Ancelesə keçmək, erməni diasporunun nümayəndələri qarşısında çıxış etmək  və yenidən pul toplamaq niyyətindədir. Amma Paşinyan Robert Köçəryan və Serj Sərkisyandan fərqli olaraq, o pulu Qarabağa xərcləmək istəmir, Ermənistanın problemlərinə yönəltməyi düşünür. Yəni Paşinyan  bu dəfə Ermənistanın problemlərinin həlli üçün dilənəcək”. E.Şahinoğlu əlavə etdi ki, N.Paşinyan erməni lobbisi ilə əlaqələri sıxlaşdırmağa da çalışır: “Burada bir məsələyə də diqqət yetirməliyik. Paşinyan Xankəndində dediyi təxribatçı - yəni ”Qarabağ Ermənistandır" fikrini Los-Ancelesdə də təkrarlasa, təkrarlaması ehtimalı da böyükdür, artıq  bu, o deməkdir ki, Ermənistan hakimiyyətinin siyasəti dəyişib. O halda biz də artıq buna uyğun olaraq qərarımızı verməliyik. Yəni Paşinyan iki dəfə deyirsə ki, “Qarabağ Ermənistandır”, bu, o deməkdir ki, biz danışıqlardan çıxıb, artıq başqa vasitələrlə Ermənistanı masa arxasında otuzdurmalıyıq".

Ekspert hesab edir ki, Azərbaycan Xarici İşlər Nazirliyi və onun Los-Ancelesdəki konsulluğu da Paşinyanın səfəri ilə bağlı hazırlıqlı olmalıdır, qabaqlayıcı addımlar haqqında düşünməlidir.

Leyla Abdullayeva ile ilgili görsel sonucu

XİN-in mətbuat katibi Leyla Abdullayeva isə “Yeni Müsavat”ın sorğusuna cavabında bildirdi ki, prosesləri qabaqlamağa ehtiyac yoxdur: “Gözləyək, görək Ermənistanın baş naziri Los-Ancelesdə necə çıxış edəcək. Ona uyğun da cavabımız olacaq. Odur ki, gəlin prosesləri qabaqlamayaq”.

Qeyd edək ki, son günlər Bakı ilə İrəvan arasında “bəyanat savaşı” gedir. Ermənistan rəhbərliyinin danışıqlara nöqtə qoymağa hesablanmış bəyanatlarına Bakıdan olduqca kəskin reaksiyalar verilir. Bu cür münasibətlər isə danışıqların perspektivini şübhə altında qoyur. 

***

David Åahnazaryan ile ilgili görsel sonucu

Ermənistanın sabiq Milli Təhlükəsizlik Xidmətinin rəisi David Şahnazaryan iddia edib ki, erməni xalqının oyanışı Nikol Paşinyanın hökuməti üçün təhlükəli həddə çatıb. O qeyd edib ki, milyarder Corc Sorosun qrantından istifadə edən beynəlxalq təşkilatlar Ermənistanda baş vermiş “məxməri inqilabı” Dağlıq Qarabağda da (Azərbaycanın işğal edilmiş ərazisində - AZƏRTAC) həyata keçirməyə çalışırlar. Siyasətçinin sözlərinə görə, bu proseslərə orada keçiriləcək seçkilərin müşahidə missiyası tərəfindən rəvac veriləcək. D.Şahnazaryan bildirib ki, Dağlıq Qarabağda “məxməri inqilab” bu yaxınlarda hökumətdən 33,6 milyon dram qrant almış erməni təşkilatı və məşhur “Transparency International” tərəfindən həyata keçiriləcək. O, diqqətə çatdırıb ki, korrupsiya ilə mübarizə apardığını qeyd edən bu beynəlxalq təşkilatın seçkilərin müşahidəsi ilə məşğul olması ən azından heyrət doğurur. Siyasətçi xatırladıb ki, sabiq prezident Sərkisyanın da istefasında İrəvan-Qarabağ kartları oynanılıb.

“Qarabağda hakimiyyətin İrəvana müqavimət göstərdiyini görən Paşinyan orada özünün mənafeyinə uyğun rejim yaratmaq üçün yuxarıda göstərdiyim təşkilatların köməyinə müraciət edib”, - deyə siyasətçi vurğulayıb. Erməni siyasətçi əlavə edib ki, guya məramı korrupsiya ilə mübarizə olan “Transparency International” Paşinyan hökumətində baş verən bu cür hallar barədə bir kəlmə belə deməyib. O deyib: “Açıq-aşkardır ki, əvvəl mövcud olan korrupsiya mexanizmləri nəinki aradan qaldırılmayıb, hətta onları daha da təkmilləşdiriblər. Yeni hökumət ən azı daha üç yeni mexanizm yaradıb”.

Şahnazaryanın sözlərinə görə, indi Paşinyanın həyat yoldaşı tamamilə qeyri-şəffaf fondlar yaradır, onun adamları iri və orta biznes nümayəndələrinə qarşı reketçilikdən istifadə edirlər. O, istehza ilə xatırladıb ki, beynəlxalq təşkilatın adında olan “transparency” kəlməsi məhz “şəffaflıq” deməkdir. Milli Təhlükəsizlik Xidmətinin sabiq başçısı onu da bildirib ki, Ermənistan hökuməti “inqilab” adı altında ölkədə vətəndaş cəmiyyətini məhv edib. Məsələn, mətbuat azadlığının qorunması ilə məşğul olan təşkilatlar müstəqil medianı boğmağa başlayıblar. Erməni siyasətçi ölkə vətəndaşlarını beynəlxalq təşkilatların fəaliyyətini nəzarətdə saxlamağa çağırıb və onları maliyyələşdirən Corc Soros fondunun rəhbərinin bu ölkədə “məxməri inqilab”a kömək etdikləri barədə bəyanatını xatırladıb. O, hüquq-mühafizə orqanlarını da beynəlxalq təşkilatların ölkənin daxili işlərinə müdaxiləsi ilə bağlı tədbirlər görməyə, onların fəaliyyətini qadağan etməyə səsləyib, Paşinyan hökumətini isə vətəndaşların vergiləri hesabına qondarma Qarabağ respublikasında özünə sərf edən rejim qurmaqda təqsirləndirib. Siyasətçi əlavə edib ki, bu cür oyunların Ermənistan hökuməti üçün ağır nəticələri olacaq.

Ermənistanın baş naziri Nikol Paşinyan bir-birindən məntiqsiz və ziddiyyətli açıqlamaları ilə öz savadsızlığını nümayiş etdirir. Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov Paşinyanın son dövrlər Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. O, erməni baş nazirin bu açıqlamalarla ölkəsinin işğalçı siyasətini açıq şəkildə üzə çıxardığını söyləyib:

“Biz hakimiyyətinin ilk günündən Paşinyanın ziddiyyətli bəyanatlar verdiyini müşahidə edirik. Paşinyan savadsız adamdır, o, təsadüfi şəkildə hakimiyyətə gəlib. Məsələn, son günlər belə bir açıqlama verib ki, guya Dağlıq Qarabağ Azərbaycandan ayrılıb. Dağlıq Qarabağ vilayətinin Azərbaycandan ayrılmasına heç bir hüquqi əsas yox idi. Deməli, Paşinyan nə beynəlxalq hüquq normalarından, nə də konstitusiyadan xəbərdardır. O, sadəcə olaraq, belə bəyanatlarla özünü ifşa edir. Amma vaxtilə deyirdi ki, Dağlıq Qarabağ separatçıları stol arxasında əyləşərək, danışıqlarda iştirak etməlidir. Deməli, o hesab edirdi ki, Qarabağ müstəqil bir qurumdur. Amma avqustun 5-də Xankəndidə açıqlamasında ”Qarabağ Ermənistandır, vəssalam" kimi fikirlər səsləndirdi və “miatsum” ideyasını gündəmə gətirdi. Bu da onu sübut edir ki, Paşinyan rəsmi sənədlərdən xəbərdar deyil". Politoloqun sözlərinə görə, erməni baş nazirin verdiyi bəyanatlar onun reytinqinin kəskin aşağı düşməsi ilə bağlıdır: “Vaxtilə o deyirdi ki, 2019-cu ildə Ermənistanda iqtisadi inqilab edəcək. Sonra bəyanat verdi ki, əhalinin sayını 3 milyona qədər qaldıracaq. Onun sərsəm bəyanatlarına qarşı ölkəsində həm siyasi ekspertlər, həm də ictimai və siyasi xadimlər də çıxışlar edir”.

Qarabağ Azadlıq Təşkilatı (QAT) Ermənistan rəhbərliyinin son həyasız açıqlamaları ilə bağlı bəyanat verib.  “Yeni Müsavat”a verilən  məlumata görə, təşkilat torpaqların azadlığı uğrunda mübarizəyə çağırır: “İşğalçı Ermənistanın baş nazirinin, xarici işlər nazirinin və digər qurumsaqlarının Azərbaycanın ərazi bütövlüyünə qarşı son həyasız bəyanatları, Birləşmiş Millətlər Təşkilatı çərçivəsində Dağlıq Qarabağdakı qondarma rejimin adına ”sənəd"in paylanması, bəzi dövlətlərin Ermənistanın ölçü bilməyən hərəkətlərinə dəstək verməsi və bütün bunların müqabilində Azərbaycan hakimiyyətinin susqunluq nümayiş etdirməsi artıq xalqımızın səbrini tükəndirib. Bu rəzalətə artıq dözmək mümkün deyil". QAT erməni həyasızlığına qətiyyətli cavabın verilməsini, işğalçı Ermənistana qarşı müharibənin başlanmasını tələb edib.


Tarix: 30-08-2019, 09:29
Xəbəri paylaş





Xəbər lenti