Bu il hamı evlənəcək

 

“Bizim azadlığımız üç işığı da eyni vaxtda yanan svetoforu xatırladır”
(Jvanetski)

Heç şübhəsiz, ölkəmizdə aparılan müsbət işlər 2020-ci ildə də davam edəcəkdir. Elə ilk növbədə biz bu ilin rəqəmlərinə diqqət yetirək: 2020. Bu nə deməkdir? İyirmi-iyirmi! Yəni, bu il artım qoşa-qoşa gələcəkdir. Həmçinin, belə zerkalnı nömrəni xaricdə almaq istəsən gərək nə qədər pul verəsən, lakin dövlət qayğısı sayəsində biz 2020-ni müftə-müsəlləm əldə etmişik, buna görə şəxsən öz adımdan, şəxsən bütün Kəlbəcər köçkünləri və Kürdəmir küskünləri adından rəhbərliyə dərin minnətdarlığımı bildirirəm, arzu edirəm gələn ilimiz də iyirmi bir-iyirmi bir olsun. İki dənə 21 çıxartsaq oyun bizimdir, şübhə eləməyin. 2020-ci il Biləcəridən şəhərə gedən 202 saylı marşrut üçün də düşərli olacaqdır, yəqin bunu sürənlər avtobusun qapılarını daha heç bağlamazlar, xəttin yiyəsi isə hər bir sərnişinin hallanması qayğısına qalar. Tək sürücü hallı olanda sərnişinlər bəzən həyəcanlanırlar. Yersiz olaraq.

Doğrudur, bu ili bəziləri Çin təqvimiylə Krısa ili də adlandırır, hesab edirlər dövlət büdcəsindən, ehtiyat fonddan ayırmaların azalması ehtimalı vardır, ancaq biz belə pessimist ovqatı bölüşmürük. Siçanı tutmağa pişiyimiz hər zaman var. Ermənistan boşalır, onun dərdini çəksinlər. Çin təqvimi bizə istənilən heyvan üstündə uğurludur, çünki qədim İpək yolunun üstündə yerləşirik. Vaxt gələcək şərqdən qərbə, qərbdən şərqə, Yerdən Aya, Marsdan Veneraya, Ələtdən Kiyevə gedən bütün qatarlar Biləcəridən keçəcəkdir. Buna kimsənin şübhəsi olmasın. Hazırda Bakı-Qars dəmiryolu ilə Londona qədər getmək mümkündür. Elə şeylər var hələ yazmıram, dövlət sirrini açmaq olmaz.

Yeni il gecəsi əkiz uşaqların doğulması, şimal rayonlarımıza qar yağışı, paytaxtda isə çiskin və dumanın müşahidə edilməsi hamısı dövlət tədbirləri, aparılan işlərin müsbət nəticələridir. Görün insanlarımız necə ruhlanıbdırsa, rayonlardan birində qudalar evlənibdir! Yəni, başqa ölkələrdə qudalar bir-birinə qız verib, oğlan əldə etməklə kifayətlənirsə, bizdə qudalar özləri bir-birini bəyənib, qoşulub qaçmışdır. Hərçənd, niyə qaçıblar anlamırıq, belə gözəl hərəkəti xalqımız dəstəkləyir. Yaxşı olardı rayonun gənc və təzə icra başçısı qudaları tapıb onlara dövlətimiz adından yeni soyuducu və paltaryuyan hədiyyə etsin. Doğrudur, qudaların sevişməsi onların uşaqlarının izdivacının pozulmasına gətirmiş, gənclərin nişan və toy mərasimi nahaq yerə pozulmuşdur. Buna ehtiyac yox idi. Gərək onlar da evlənərdilər. Ümumiyyətlə, bizdə hamı bir-biri ilə evlənsə çox yaxşı olar. Həm toylar çoxalar, həm xalqımız daha da artar, həm də Ermənistan boşalar.

Daha bir müsbət tendensiya camaatın viski içməsində müşahidə edilir. Hər gün baxırsan kimsə geydirmə viskidən zəhərlənib öldü. Gör nə qədər qəşəng ölümdür. Heç erməni belə ölə bilmir. O cümlədən, başqa millətlər odekolon, ayaqqabı kremi-zad içib ölürsə, biz viski içib ölürük. Hələ axtarsan qara kürüdən ölən neçə nəfər tapmaq olar, axtarmağa vaxtımız yoxdur, ciddi işlərlə, inkişaf eləməklə məşğuluq.

Mətbuat sahəsində də irəliləyiş göz çıxardır. Yox, elə anlaşılmasın kimsə qəzeti oxuyanda yazıdan tikan uzanıb onun gözünə giribdir. Qətiyyən. Həmçinin, qəzetlərimizin sayının beş min beş yüz iyirmi beşi keçməsini də nəzərdə tutmuram. Düşmənin gözü çıxır, bunu deyirəm. Fakta baxaq: bugünlərdə yol polisinin məlumatında deyilirdi ki, Bakı şəhərində bir avtomobil qəzet köşkünə girmişdir, iki nəfər xəsarət almışdır. Görün nə qədər bizdə qəzet köşkü vardır! Bunların əlindən maşın sürmək, yol çəkməyə yer qalmır. Oxucular qəzet almağa maşınla gedirlər, bəzən yuxarıda yazdığımız kimi qəzalar yaranır.

Yazını isə hörmətli xalq şairinin misraları ilə bitirirəm, sadəcə, orda “bəlkə” sözü artıqdır:

“Bəlkə xoşbəxtsən bu gün;
ər də var, ailə də.
Amma o təbəssümün
mənimlədi hələ də”.

Tarix: 7-01-2020, 10:05
Xəbəri paylaş





Xəbər lenti