Qudalara qadağa

 

“- Hörmətli professor, mənim sağ əlimi sağaldın. Onu mənim tanışım Pyotr Pavloviç qoparıb və geri vermir.

Pyotr Pavloviç professorun astanasında dayanıb şeytan kimi qəhqəhə çəkirdi. O, Andrey Semyonoviçin qolunu portfel kimi, nifrətlə qoltuğuna vurmuşdu".

(Daniil Xarms, “Zdıqr appr əhvalatı” əsərindən)

Heç kəsin xətrinə dəyməsin, ancaq biz çox paxıl camaatıq. Gözümüz kiminsə xoşbəxtliyini götürmür. Azca qabağa gedənin ayağından dartırıq, badalaq vururuq. Yenidənqurma vaxtı bir lətifə vardı, bu durumu dəqiq əks etdirirdi. Deyir bir gün cəhənnəmdə hər millət üçün xüsusi qazanlar ayırırlar, cəhənnəmin müdiri işçilərə tapşırır ki, ermənilər üçün qazanın ağzına bərk qapaq örtsünlər, yoxsa bir-birinin əlindən tutub hamısı qaçar. Gürcülər üçün qazanda oduna nəzarət eləmək lazımdır, çünki nərdivan düzəldib aradan çıxarlar. Nəhayət, azərbaycanlıların qaynadıldığı qazanın odununu bol eləmək, qapağını da heç örtməmək lazım imiş. Səbəb isə budur ki, azərbaycanlılar özləri qazanın altını gur yandıracaqlar, təki başqa azərbaycanlının cızdağı çıxsın. O cümlədən qapaq da ona görə lazım deyil ki, hansısa azərbaycanlı çıxıb qaçmaq istəsə o biriləri ayağından dartıb təzədən qazana salacaqdır.

Bizim hansısa rayonda Qarğabağrıçatladan adında kənd var, bilirdinizmi? Gör nə qədər paxıl camaatdır, qarğaya qozu da çox görürlər. Yazıq qarğa ağacdan bir qoz qırıb uçur, hansısa dirəyin, qayanın başına qonub qozu dimdikləyir, sındırıb yeməyə çalışır. Bunlar isə düşürlər qarğanın dalıyca, qoymurlar quş harasa ensin. Nəticədə quşun uzun müddət uçmaqdan bağrı çatlayır. Hesab edirəm heyvanları qoruma təşkilatı nəhayət bu mənfi hala münasibət bildirməlidir. 

Söhbəti nəyə gətirirəm? İl girəndə qudaların bir-birinə qoşulub qaçmağı xəbərinə çox sevinmişdik. Çünki bu, məhəbbətin qüdrətini göstərirdi. Bəlkə şairlərimiz bu böyük sevgini tərənnüm edərək “Quda və Quda” poeması yazmalıydılar, lakin sevincimiz gözümüzdə qaldı. İndi təzə açıqlamalar yayılır, deyirlər qudaların evlənməsi yalan imiş. Gül kimi hadisə zay oldu getdi. Niyə? Çünki yuxarıda yazdığım kimi, bu millətin içində ala qarğa bala çıxartmaz, gəl gör hansısa qudalar olsun. Əhvalatın lap əvvəlindən bir-birini sevən bu insanlara xeyir-dua vermək əvəzinə hərə bir vedrə bağladı. Hətta mən xəbər lentində bir süjetin axırında belə cümlə eşitmişdim: “Hazırda polis qudaları axtarır”. Bəyəm sevmək, sevilmək bizim ölkədə cinayət imiş... Manıslar, təlxəklər, tok-şou zəhmətkeşləri, reket jurnalistlər, ağzından horra tökülən aparıcılar və sairə ünsürlər hamısı iki sevən qəlbi parçalamaq üçün hər cür bəd əmələ hazır idilər və buna nail oldular. Halbuki, yenə yazıram, biz olduqca ədəbi-bədii, ictimai-siyasi, geopolitik-romantik əhvalatın canlı şahidi olmaq üzrə idik. Yadınıza salın, bu əhvalatın, necə deyərlər, prototipi 1985-ci ildə “Azərbaycanfilm” studiyasında çəkilən  “Bəyin oğurlanması” kinosunda vardı. Orada Yaşar Nuriyevin qəhrəmanı qızını istəməyə gələn elçilərə deyirdi: “Bilirsiniz nə var, mən onun anasını sevirdim”. Yadımda qalanı, qısa söhbət belə idi ki, indi Yaşarın “arvadı” ölüb, oğlanın anasının da əri və bunların bir-birinə qovuşması üçün pəncərə açılmışdır. (Bu yerdə klassik aşığımız Ələsgər müəllimin misrası da gəlib yerinə oturmuşdu: “Sənin ərin ölsün, mənim arvadım, Düşsün aramıza yas gülə-gülə”. O misranı ingilis dilinə çevirib dünyaya yaysaq, hamı bizdən danışardı). Çox kədərli əhvalat idi, ancaq biz buna gülürdük. Bütün film məhz o məhəbbətin məhv edilməsi üzərində qurulmuşdu və axırı da elə bitirdi. Gənclər evlənirdi, cavanlıqda ayrı düşmüş iki şəxs isə bir-birinə baxa-baxa qalırdı. Halbuki gənclərin həyatı qabaqda idi, onlar gözləyə bilərdilər. Axı uzağı bir neçə ilə bizdə müstəqil dövlət qurulacaqdı, dövlətimizin yeni imkanları açılacaqdı! “Su sonasının uşaqları” şadlıq sarayında, ehtiyat fonddan vəsait ayırmaqla gəncləri də evləndirərdik. “Əmiqızı ilə əmioğlunun kəbini göydə kəsilib” kimi elmi ata sözü olan millət üçün tam ögey bacı və qardaşı evləndirmək heç bir problem yaratmazdı.

Sonda bir daha zəhmətkeşlərimizdən xahiş edərdim, başqalarının şəxsi həyatına burun soxmasınlar. Dövlətimiz var, qanunlar var, biz çalışırıq hər sahədə Asan-xidmət modeli qurulsun, həyatımız yüngülləşsin, ancaq yenə bəziləri özlərinə dəxli olmayan funksiyaları mənimsəyirlər.

Tarix: 9-01-2020, 09:58
Xəbəri paylaş





Xəbər lenti