Hərbi güclə təhdid - işğaldan qurtuluşumuz üçün bütün vasitələr məqbuldur

 

Beynəlxalq hüquq, qərar və qətnamələr, həmişəki kimi, Azərbaycana savaş haqqı tanıyır; işğalçı orduda yeni ilin ilk intiharı qeydə alındı; alman deputat: “Qarabağ Azərbaycana aiddir, Azərbaycanın tərkib hissəsidir...”

Yanvarın ilk günlərində Ermənistanla sərhəd bölgəsindən acı xəbər aldıq. Düşmən tərəfin silahlı bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində - Qazax rayonunun Quşçü Ayrım kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Fərzəliyev Fərzəli snayper gülləsindən şəhid oldu. Şübhə yox ki, bunun cavabını Azərbaycan tərəfi tezliklə və artıqlaması ilə verəcək.

Azərbaycan XİN-in bəyanatından da bu aydın şəkildə görünür. Sitat: “Azərbaycan sərhədçisi Fərzəli Fərzəliyevin öldürülməsi cavabdehliyini Ermənistanın daşıdığı cinayətdir. Bununla Ermənistan bir daha aydın şəkildə nümayiş etdirir ki, o, təcavüzkar tərəfdir. İrəvan törətdiyi bütün cinayətlərin məsuliyyətini və hərəkətlərinin cavabsız qalmayacağını dərk etməlidir”.

Məlumat üçün bildirək ki, dünən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 23 dəfə pozub. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub. Ağdam rayonunun işğal altında olan Acarlı, Yusifcanlı, Füzuli rayonunun Kürdlər kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

*****

Hərbi güclə təhdid ile ilgili görsel sonucu

Diqqətçəkicidir ki, sərhədçimizin şəhid olmasından bir gün sonra Ermənistan ordusunda növbəti intihar hadisəsi baş verib. Belə ki, hərbi hissələrin birində müqavilə ilə xidmət edən erməni hərbi qulluqçu özünü güllələyib. Bildirilir ki, Geqam Xaçatryan özünə təhkim olunmuş pulemyotdan açılan atəş nəticəsində həyatını itirib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Bu olay düşmən ölkənin ordusunda davam edən başıpozuqluğun daha bir təzahürüdür. Erməni hüquq müdafiəçilərinin açıqladıqları rəqəmlərdən də aydın olur ki, keçən il işğalçı orduda qeyri-döyüş şəraitində ölən erməni hərbi qulluqçuların sayı Azərbaycan tərəfindən açılan atəşkəslə öldürülənlərin sayından çox olub.

“Yeni Müsavat” olaraq bu barədə zaman-zaman yazmışıq. Onu da qeyd etmişik ki, belə bir ordunu işğal edilmiş ərazilərimizdən çıxarmaq Azərbaycan Silahlı Qüvvələri üçün problem deyil. Yetər ki, Ermənistanın əsas hərbi-siyasi müttəfiqi Rusiya bu konfliktə qarışmasın, vasitəçi dövlət kimi öz neytrallığını saxlasın.

Məsələ ondadır ki, başa çatan 2019-cu ildə Azərbaycan Ermənistan üzərində öz hərbi üstünlüyünü bir az da artırıb - özünün yerli hərbi-sənaye kompleksini daha da böyütməklə, dost və qardaş (Türkiyə, Pakistan), həmçinin tərəfdaş ölkələrdən (İsrail, Rusiya, Belarus) ən müasir hərbi texnika və döyüş sistemləri almaqla, Türkiyə ilə çoxsaylı hərbi təlimlər keçirməklə. Bu il isə Azərbaycan öz müdafiə xərclərini daha 20.9% artıraraq, rekorda həcmə - 2.26 milyard dollara çatdıracaq. Ermənistan isə 2020-ci ildə müdafiə xərclərini 25.3% artırmağı nəzərdə tutur. Bu xərclər cəmi 625 milyon dollar edir. 2019-cu il üçün hərbi xərclər 609 milyon dollar təşkil edib. Bildirilir ki, bu zaman müdafiə xərcləri ÜDM-in 4%-dən artığını təşkil etməyəcək.

İlgili resim

Göründüyü kimi, işğalçı ölkənin hərbi xərclərinin artımı cəmi 16 milyon dollardır. O da faktdır ki, acından ölən Ermənistan məhz bu göstərici üzrə (25.3%) artıq dünyanın ən hərbiləşdirilmiş ölkəsi sayılır. Hərçənd qeyd olunduğu kimi, 25,3%-nin arxasındakı vəsait çox kiçikdir və Azərbaycanın hərbi xərcləri ilə müqayisəyə gəlməz. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq hərbi təhlil mərkəzlərinin hesabatına əsasən, Cənubi Qafqazda ən güclü ordu Azərbaycandadır (dünya üzrə 51-ci yer), Ermənistanda (93) yox.

Azərbaycan gələn il üçün hərbi və müdafiə xərcləri üçün 3 milyard 853 milyon 600 min manat və ya təxminən 2.26 milyard ABŞ dolları nəzərdə tutub. Bu, 2019-cu illə müqayisədə 20,9 faiz, yaxud 666 milyon manat çoxdur (cari ildə 3 milyard 187 milyon 600 min manat təşkil edib). Yəni bizim hərbi büdcəmiz az qala, Ermənistanın ümumi büdcəsi qədərdir.

*****

Azərbaycan təbii ki, özünün hərbi potensialını yalnızca ara-sıra hərbi paradlarda nümayiş etdirmək üçün artırmır. Əsas hədəf üstün hərb güclə düşmənin təhdid edilməsi, məqamı yetişəndə isə torpaqlarımızın güc yolu ilə azad edilməsidir. Qarabağın, digər ərazilərimizin  azadlığı üçün isə bütün vasitələr məqbuldur. Bu hüququ bizə BMT Nizamnaməsi, təşkilatın Dağlıq Qarabağa dair qəbul elədiyi 4 məlum qətnaməsi, habelə bir sıra başqa nüfuzlu beynəlxalq təşkilatların sənəd və qətnamələri verir.

Savaş haqqını Azərbaycandan heç kim almayıb. Əgər özümüz bundan könüllü imtina etməsək, heç kim də ala bilməyəcək. Beynəlxalq birlik də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsində bizim yanımızdadır. Bunu keçən ilin oktyabrında 120-yə yaxın ölkənin üzv olduğu Qoşulmamaq Hərəkatının Bakıda reallaşan zirvə görüşündə qəbul edilmiş Yekun Bəyannamə də təsdiq edir.

İlgili resim

Bununla belə, Bakı ələlxüsus Qarabağ məsələsində söz sahibi olan dövlətlərlə əlaqələri sıxlaşdırmağa davam edir. Onlardan biri də Dağlıq Qarabağ ixtilafı ilə bağlı həmişə ədalətli mövqeyi ilə seçilən Almaniyadır.

“Azərbaycanla Almaniya arasında münasibətlər heç kimdə şübhə doğurmayacaq qədər aydın, səmimi və yüksək səviyyədədir”. “Yeni Müsavat”ın məlumatına görə, bunu Report-a açıqlamasında Almaniya Bundestaqının (parlamentinin) hakim Xristian Demokratik Partiyasından olan deputatı Nikolas Löbel deyib.

O vurğulayıb ki, qarşılıqlı səfərlər, imzalanan strateji sənədlər və beynəlxalq müstəvilərdə əməkdaşlıq bu münasibətləri daha da möhkəmləndirir. Bundestaq üzvü Almaniyanın Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyini də bildirib: “Heç şübhəsiz ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində hazırkı status-kvonun aradan qaldırılması zəruridir. Təbii ki, bu, beynəlxalq hüquq normaları, ərazi bütövlüyünün pozulmaması şərti ilə olmalıdır. Bu mənada biz ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Qarabağ Azərbaycana aiddir, Azərbaycanın tərkib hissəsidir. BMT-nin 4 hüquqi sənədi bu ərazilərin Azərbaycana aid olduğunu təsdiqləyir. Biz çox arzulayırıq ki, uzun zamandır davam edən bu münaqişə sona çatsın, Qafqazda sülh bərqərar olsun...”

******  

Söz yox ki, müharibə Azərbaycanın hədəfi deyil, öz ərazi bütövlüyü və suverenliyini bərpa eləmək üçün vasitədir. Müharibə, ölüm-itim, dağıntılar olmaya da bilər, əgər işğalçı tərəfi Dağlıq Qarabağa dair danışıqlarda konstruktivlik göstərsə, nəinki atəşkəs rejimini süni surətdə uzatmağa çalışsa. Əfsus ki, Qarabağ danışıqları hələ də dalandadır. Başa çatan və müəyyən ümidlər bəslənilən 2019-cu il də problemin dinc həlli yönündə mühüm gəlişmələrlə yadda qalmadı. 

Xatırladaq ki, sonuncu dəfə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüş 2019-cu ilin dekabrında, Bratislavada olub. Nazirlərin ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə 3 saat çəkən bu görüşü də nəticəsiz başa çatıb. Səbəb məlumdur: Dağlıq Qarabağ ixtilafının həllinə münaqişə tərəflərinin diametral fərqli yanaşmaları, daha dəqiqi, Ermənistanın maksimalist mövqeyi. Ardınca Minsk Qrupu həmsədrləri ənənəvi növbətçi bəyanat yayaraq “təmas xəttində hazırkı status-kvonun qəbuledilməzliyini və konfliktin hərbi həllinin olmadığını” bildirdilər.

Lakin sülh prosesi illərlə uzanacaqsa, müharibə, hərbi həll variantı istər-istəməz qacılmaz olacaq. Deyildiyi kimi, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa eləmək üçün hərbi gücə əl atmaq haqqı var. Bakı işğal rejiminə sonsuzadək səbir göstərə bilməz. Nəhayət ki, işğalçı ölkənin sülhə gəlməsi üçün vasitəçi dövlətlər, ələlxüsus Rusiya hərəkətə keçməli, ona ciddi təzyiq və təsir göstərməlidir - əgər həqiqətən də onlar yeni müharibənin alovlanmasında maraqlı deyillərsə...


"Yeni Müsavat"

Tarix: 10-01-2020, 10:15
Xəbəri paylaş





Xəbər lenti