Mətbuatın kriminal dərdi: Yayaq, yaymayaq? - Arif Əliyevdən DƏYƏRLƏNDİRMƏ


Mətbuatın kriminal dərdi: Yayaq, yaymayaq? - Arif Əliyevdən DƏYƏRLƏNDİRMƏ

Dünyada olduğu kimi Azərbaycanda da kriminal xəbərlərə maraq var. 

Media vasitəsilə ictimaiyyətə çatdırılan istənilən xəbərin fərqli təsiri qaçılmazdır. Bir qrup ekspert hesab edir ki, mediada yayımlanan kriminal xəbərlərin oxunmasında hər hansı təhlükə yoxdur. Digər qrupun fikrincə isə kriminal hadisələrdən informasiya toplamaq və dərc etmək hadisə ilə bağlı aparılan istintaqa maneədir və cəmiyyətə də mənfi təsir göstərir. 

Bu məsələdə ən vacib məqamlardan biri isə hüquq-mühafizə orqanları ilə medianın birgə fəaliyyətidir. 

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, media eksperti Arif Əliyev Cebhe.info-ya açıqlamasında deyib ki, mediaya ümumiyyətlə, qadağa qoymaq düzgün deyil. Çünki kriminal xəbərlər media gündəminin böyük bir hissəsini tutur:

“Söhbət hər hansı mövzuda xəbərlərə yanaşma tərzlərindən gedir. Əlbəttə ki, kriminal xəbərlərdə müəyyən məhdudiyyətlər var ki, bunların bir qismi qanunlarla müəyyənləşdirilir. Onlar adətən istintaqın, məhkəmə prosesinin təsirsiz, təzyiqsiz getməsi, eləcə də vətəndaşların təhlükəsizliyi ilə bağlı olur. Bir qrup peşə kodeksindən irəli gələn məhdudiyyətlərdir. Bütün bunlara əməl etmək mütləq lazımdır. Çünki medianın bütün məlumatları insanların həyatına təsir edir. Amma kriminal mövzuda olan xəbərlər həm toplumun, həm də ayrı-ayrı fərdlərin həyatılarına güclü təsir imkanlarına malikdir. Ona görə də bu cür xəbərlərdə tənzimlənmə daha dardır. Məsələn, azyaşlıların adlarının açıqlanmasına, zərərçəkənlərin təhlükəsizliyinin təmin edilməsinə və s. məhdudiyyətlər var ki, bunlar da bir çox kodekslərdə öz əksini tapır. Bu çərçivələr daxilində əlbəttə ki, media kriminal xəbərləri yaymalıdır. Bu xəbərlər cəmiyyət üçün həm maraqlı, həm də lazımlıdır. Bu baxımdan, burada total qadağalardan, məhdudiyyətlərdən söhbət gedə bilməz”. 

Media eksperti istənilən kriminal xəbərə professional yanaşılmasını vacib sayır: 

“Jurnalistlər kriminal hadisələrlə bağlı sərbəst təhqiqatlar apara bilərlər. Bu hadisə ilə bağlı aparılan təhqiqatlar təbii ki, müsahibələrsiz ötüşmür. Son hadisələri nümunə gətirək. Media əhli məhkəmə qərarı olmadan heç kimi cinayətkar kimi təqdim edə bilməz. Media azyaşlı uşaqların identifikasiyasına olduqca ehtiyatlı yanaşmalıdır. Xüsusi ictimai bir tələbat olmadan onları birbaşa açıqlamamalıdır. Media əldə olunan hər bir ehtimalı dərc edərkən bu cür xəbərlərin toplumun həyatına təsirini nəzərə almalıdır. Əgər bu, çaşdırıcı rol oynaya bilərsə, o zaman o məlumatları dəqiqləşdirmədən çap etməməlidir. Jurnalist bilməlidir ki, hansı məhdudiyyətin arxasında hansı zərurət dayanır. Amma bütün bunlara əməl edirsə, jurnalistə qadağa qoymaq olmaz. Jurnalist kriminal mövzuları işıqlandırmasa, hüquq-mühafizə orqanlarının fəaliyyətinə geniş işıq salmasa, o zaman nələrin baş verəcəyini təsəvvür etmək olar”. 


Tarix: 13-01-2020, 16:46
Xəbəri paylaş





Xəbər lenti