“Döyüş” başladı: Cəmiyyət təəccüblənməyə möhtacdır


“Döyüş” başladı: Cəmiyyət təəccüblənməyə möhtacdır

Namizədlər arasında diqqətçəkən vədlər verən, maraqlı siyasi texnologiyalar tətbiq edən varmı?

 

Bu gündən etibarən 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərinin təbliğat və təşviqat kampaniyası başlayıb. Qeydə alınmış namizədlər, namizədləri qeydə alınmış siyasi partiyalar, siyasi partiya blokları, səlahiyyətli nümayəndələr, vəkil edilmiş şəxslər artıq seçkiqabağı təbliğat və təşviqat apara bilərlər.

 

Maraqlıdır, bu ərəfəyədək namizədlər arasında diqqətçəkən vədlər verən, maraqlı siyasi texnologiyalar tətbiq edən olubmu? Cəmiyyət nə iləsə təəccüblənəcəkmi? Mövzuya siyasi şərhçilərlə AYNA tutmağa çalışdıq.

 

Politoloq Azər Rəşidoğlu təbliğat haqqında danışmağın hələ tez bildirməklə yanaşı qeyd edib ki, ilkin olaraq ciddi, diqqəti cəlb edən siyasi texnologiyaların şahid olmayıb: “Hələlik ciddi siyasi proseslərə şahid olmamışam. Namizədlər ya Türkiyə, ya da Rusiya seçki sistemini plagiat etməklə məşğuldurlar. Ancaq yekun nəticəni bilmək hələ tezdir”.

“Yəqin ki, bir neçə gündən sonra prosesə dəqiq qiymətləndirmə vermək olacaq. Lakin ilkin təəssürat heç də yaxşı deyil. Belə ki, seçiciləri motivasiya edəcək heç bir yeni şüar və texnologiya görməmişəm. Üstəlik, namizədlərin əksəriyyəti köhnə simalardır, yeni simaların sayı çox azdır”, - ekspert vurğulayıb.

 

Rəşidoğlu hesab edir ki, bu dəfə prosesdə yeni simalar da ola bilərdi, lakin: “Görünür, onlar ya siyasi dəstək ala biməyiblər, ya da maliyə imkanları yetərli olmayıb. Ona görə də, bu seçkidən elə də bir yenilik gözləmirəm. Çünki ümumi namizədlərin siyahısını təhlil edəndə, yeniliyin baş verəcəyini, köklü dəyişikliyin olacağını demək, sadəlövhlük olardı”.

 

Politoloqun sözlərinə görə, seçki prosesində namizədlərin təşviqat kampaniyasını apara biləcək siyasi texnoloqlar yox dərəcəsindədir: “Əslində, ən minimal vaxt və maddi imkanlarla da təbliğat aparmaq olar. Lakin Azərbaycanda təbliğat aparaca biləcək siyasi texnoloqlar demək olar ki, yoxdur. Olanlara da fəaliyyət göstərmək üçün şərait yaradılmayıb. Bu baxımdan da, vaxtın azlığından çox, namizədlərin və onların işlədikləri siyasi texnoloqların ifrat istedadsızlığı diqqəti daha çox cəlb edir. Çünki istənilən az vaxt ərzində belə, demokratik seçkidə güclü təbliğat apararaq istənilən namizədi qalib etmək olar. İstənilən halda gedişatı müşahidə etmək və gözləmək lazımdır”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahionoğlu da hələlik hansısa yeniliklər müşahidə etmədiyini deyib: “Təbliğat-təşviqat kampaniyası bu gündən başlayır. Bu günə qədər hələlik elə bir yenilik göməmişəm. Sadəcə bir sevindirici xəbər var ki, namizədlərin əksəriyyəti Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınıb. Bu, seçkinin əsas yenilikərindən biridir. Ümid etmək istəyirik ki, bu seçki əvvəlki seçkilərdən fərqlənəcək. Hətta, hakim Yeni Azərbaycan Partiyası da irəli sürdükləri namizədlərinə xəbərdarlıq edib ki, aktiv seçki kampaniyası aparsınlar. Bu da ondan xəbər verir ki, bu dəfə ciddi bir mübarizənin şahidi olacağıq”.

 

“Digər sevindirici xəbər isə, namizədlərin bir çoxunun imzaları şəxsən özlərinin toplaması oldu. Çünki belə olan halda, namizəd şəxsən vətəndaşla üzbəüz olur və onun problemlərini dinləyir. Digər bir məsələ ondan ibarətdir ki, namizədliyini irəli sürən şəxslər seçki qərargahları yaradıblar. Belə ki, seçki ərəfəsində vətandaşlar qərargahlara gələrək namizədlərlə üzləşəcək və namizədlər də, ən azından, gələcəkdə deputat seçilsələr, hansı problemləri qaldırmağın vacib olması ilə bağlı sosial sorğu keçirmiş olacaqlar. Hətta deputat seçilməsələr belə, vətəndaşlarla ünsiyyət onlara imkan verəcək ki, ölkədəki əsas problemləri müəyyən etsinlər və həll etməyin çıxış yollarını axtarsınlar”, - Şahinoğlu bildirib.

 

Siyasət mürəkkəb peşə olduğunu xatırladan politoloqun sözlərinə görə, seçicilərə xeyli vədlər vermək rahatdır, lakin, o vədlərin hər birini yerinə yetirmək çox çətindir: “Adicə Qərb ölkələrində belə, Prezident, yaxud Baş Nazir postuna namizəd olanlar vətəndaşlara vədlər verirlər ki, onların səslərini qazansınlar. Lakin Azərbaycanın potensialını, maliyə resurslarını, bölgəyə çıxış imkanlarını nəzərə alaraq namizədlərin verdikləri vədlərin bir qismini yerinə yetirə biləcəklərini düşünürəm. Sadəcə yeganə şərt ondan ibarətdir ki, verilən vədlər reallığa uyğun olsun”.

 

“Prezident növbədənkənar seçkiyə gedərkən, jurnalistlərə verdiyi açıqlamasında parlamenti buraxmasını iki səbələ izah etmişdi. Ölkə başçısı bildirmişdi ki, ilk növbədə millət vəkilləri passiv olmamalı və qanunverici fəaliyyətlə məşğul olmalı, digər tərəfədən də öz dairələri ilə, vətəndaşlarla sıx bağlı olmalıdırlar. Bu da yeni seçkinin lokomativi ola bilər ki, deputatlığa real namizədlər parlamentdə fəal olacaqlar, verdikləri vədləri yerinə yetirməyə çalışacaqlar, hökumət qarşısında tələblər irəli sürəcəklər və vətəndaşlarla sıx əlaqədə olacaqlar”, - deyə siyasi şərhçi vurğulayıb.

 

Həmsöhbətimiz təşviqat dövrünün az olması ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: “Düşünürəm ki, təşviqat dövrü üçün qanunla ayrılmış 23 gün elə də az müddət deyil. 23 gündə təşviqat kampaniyası da keçirmək olar, qapalı məkanlarda sçeicilərlə görüşmək də. Bir sözlə, aktiv siyasi kampaniya aparmaq mümkündür. Digər tərəfdən, bu müddətə qədər də namizədlər qərargahlar yaradıb və imzatoplama kampaniyasında iştirak ediblər. Bunun özü də demək olar ki, faktiki təşviqat kampaniyasıdır. Çünki imzatoplama zamanı vətəndaş imza verdiyi namizədin fikirlərini və vədlərini öyrənir. Yəni təşviqat kampaniyası rəsmən 23 gün olsa da, əslində, imzatoplama prosesinə start verilən gündən başlayıb”.

Tarix: 17-01-2020, 21:19
Xəbəri paylaş





Xəbər lenti