Milyonçular klubu

 

İTV namizədlərə belə nəzərlə baxır

İctimai Televiziya deputatlığa namizədlərin təbliğatı üçün efir vaxtının qiymətini elan edib və bu qiymət ölkəmizin reallıqlarına qətiyyən uyğun gəlmir. Sanki İTV hansısa Britaniya, Almaniya kanalıdır (doğrusu, xəbərim yoxdur, bəlkə oralarda daha ucuzdur, ancaq biz lap belə götürək). Özünüz baxın: televiziya üçün 1 saniyənin qiyməti 22-65 manat, İctimai Radio üçünsə 7-25 manat qoyulub.

Azərbaycanda rəsmi rəqəmlərə görə, orta aylıq əmək haqqı 600 manatdır, hərçənd, qeyri-rəsmi bundan iki dəfə az olmasını göstərir. Lakin yenə biz rəsmi rəqəmə inanaq. Belə çıxır, bu qiymətlə deputatlığa namizəd İTV-nin efirində ən ucuz vaxtda reklam yerləşdirmək istəsə (böyük ehtimal bu 22 manat da hardasa gecə saat 3-ün yarısına düşür) orta əmək haqqına cəmi 28 saniyə ala bilər. Lap yuxarıdan getsə, yəni saniyəsinə 65 manat ödəsə orta əmək haqqı ilə... cəmi 10 saniyə alacaq. Bu qədər müddətə namizəd seçicilərinə nə deyə bilər, təklif edirəm Balakişi müəllim bunu növbəti “ÇQK” yarışına sual kimi salsın. Misal üçün, “Mənə səs verin” variantı keçmir, hər saniyəyə bir hərfdən saysaq axırıncı hərfi kəsəcəklər. 1 dəqiqəyə cavabı tapana 65 manatlıq bayquş heykəli hədiyyə olunur. 

MTRŞ sədri Nuşirəvan müəllim isə bu qiymətləri normal sayır. Deyir bazar iqtisadiyyatında yaşayırıq. Ancaq burada bir önəmli fərq var ki, İTV dövlət büdcəsindən maliyyələşən, xalqın pulu ilə çalışan kanaldır və bunun konsepsiyası da məhz xalqa xidməti tələb edir. İTV-yə kommersiya gözüylə baxmaq qətiyyən olmaz. Xalq üçün öz parlamentini qurmaq ən vacib hadisələrdən sayılır, əgər İTV bu hadisəyə də pul kəsəcəksə, onda kanal xalqın nəyinə lazımdır? Elə bil, öz maşınında harasa gedirsən, düşəndə sürücüyə maaşdan əlavə taksi ödənişi eləyirsən. Sanki bizim deputatlığa namizədlər hamısı milyarderlər, oliqarxlar, minimum milyonçu yeznələridir. 

İTV debatlara, ictimai müzakirələrə açıq kanal olmalıdır, bunun isə əsas müstəvilərindən biri, bəlkə birincisi elə seçki debatlarıdır, namizədlərin reklamıdır. Efiri bir aylığa namizədlərə verin, özünüzə də xeyri olar, kanalın populyarlığı min qat artar. Hansısa manısın oxşarı temasında boyat, ürəkbulandıran qrimli sabun operaları çəkməkdən də canınız dincələr.

Ancaq əlbəttə, ictimaiyyət necədirsə, onun kanalı da elə olacaqdır, “buna şübhə etməyiniz, vətəndaşlar”. Bizə düşmənçilik, pislik eləmək lazım deyil, bunu özümüz özümüzə hamıdan yaxşı edərik. İki gün qabaq Bakı Nəqliyyat Agentliyinin paytaxt küçələrinə ... “bura pullu dayanacaq deyil” lövhəsi asdığının şahidi olduq. Gör vəziyyət hansı yerə gəlibdir ki, artıq tək pullu xidmətləri deyil, pulsuzları da elan eləməyə məcburdurlar. Çünki hər yerdə bir dələduz, lotu, fırıldaqçı “toçka” açıb qanunsuz pul yığa bilir (Niyə bunu adətən hansısa dövlət idarəsi adından edirlər, əlbəttə, bu da başqa temadır).

Qanunsuzluğa çox tez öyrəşirik, həvəslə əməl edirik, ancaq qanunları öyrənməyə, gerçəkliyə qiymət verməyə can çəkirik. Özümdən misal çəkim, pis çıxmasın. Keçən il bələdiyyədən bir dələduz əlində məktəbli dəftəri gəlib zibil pulu yığırdı. Hər adama 3 manatdan. Mən ona dedim ki, bizdə bir Tarif Şurası var və onun qoyduğu qiymət ayda 30 qəpikdir, niyə saxtakarlıq, quldurluq edirsiniz. Çox təəccüblənmişdi: “Birinci adamsan etiraz edirsən. Hamı pulu sakitcə verir”. Səsində qınaq tonu vardı. Açığı, bir az da utandım - xalqdan ayrı düşdüyüm üçün.

Eyni kölə təfəkkürü ilə keçən ildən çoxlu bahalaşma yaşadıq. Hamısında da əhali özü qabağa düşüb inhisarçılara haqq qazandırırdı: “Yanvardan benzin qalxacaq, ona görə indidən bu şeylər bahalaşır”. Məlum deyildi bu adamlar belə şayiələri niyə yayırlar, hətta benzinin yiyəsinin bilmədiyi xəbəri öncədən “görürlər”. Mənzil sığortası şayiəsi də onun kimi. Himə bəndik əyilmək, əzilmək üçün. Başımızı aşağı salıb yaşamağı düzgün sayırıq, ancaq dünya təcrübəsi göstərir: bura dikbaşlar üçündür. Ancaq burada geopolitik mövzuya keçirik, uzağa getməyək, elə götürək Yaponiyanı...

Tarix: 18-01-2020, 09:13
Xəbəri paylaş





Xəbər lenti