Mübarizlik dərsi VƏ YA ölüm sevinmədi

 
Ön söz əvəzi: 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycan tarixinə parlaq səhifə yazdılar. 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi.

Vacib qeyd: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb,744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib. Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib. 1990-cı il yanvar qurbanları simvolik olaraq "20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər "20 Yanvar şəhidi” var.

Zəruri qeyd. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda ”rus və erməni kartından” məharətlə istifadə etdilər.Guya ki, Bakıya qoşunları hərbi qulluqçuların ailələrini qorumaq, ”millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ kiçirilməsinin qarşısını almaq üçün yeridilmişdi.Əslində isə bu açıq riyakarlıq,ağ yalan idi.Çünki sovet rəhbərliyinin ”dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücümundan müdafiə qüvvələri var idi,4-cü ordunun komandanlığı da Bakıda yerlışirdi.Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSRİ Konstitusiyasının 71 maddələrini kobud şəkildə pozaraq,yanvarın 20-də Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı...

20 Yanvar Azərbaycan tarixinə qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi,milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu,uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi unudulmaz bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti sınaq idi. 20 Yanvar hadisələri xalqımızın milli mənliyinə,milli azadlıq ruhuna təcavüz idi.Vətən yolunda şəhid olmaq ilahi bir zirvəyə yüksəlməkdir. Bu zirvəni fəth etmək isə Allaha qovuşmaqdır. 1990-cı ilin 20 yanvar gecəsi məhz belə bir zirvəni fəth etdi. Bu gün Dağüstü parkda-xalqımızın ən böyük ziyarətgahı olan Şəhidlər Xiyabanında əbədiyyət yuxusuna getmiş igidlərimiz.

Xalqımızın qan yaddaşıma silinməz faciə kimi həkk olunmuş 20 Yanvar hüznü xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir.Biz 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd edirik,ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. Bir daha qeyd edək ki,1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. Azərbaycan yenilməzliyini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi.Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Məhz bu əzmin, iradəınin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu.Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. Ümummilli Liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu.1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: "Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.

Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi 1990-cı ilinin 20 yanvar tarixi. Həftənin sonu, şənbə gecəsi, istirahət gününə açılacaq sabah. Bu bir çox xalqlar, millətlər və dövlətlər üçün bəlkədə sıradan bir tarix, adi günlərdən biri sayılsa da, Azərbaycan və onun xalqı üçünsə bir ölüm və qalım tarixidi.Tarixin təkrar olduğu gecə də demək mümkündü o gecəyə. Bu qədim və əzmkar millətin daha bir imtahan, daha bir sınağa çəkildiyi gecə olduğu da deməmək mümkünsüz. Bu həm də bir dövlətin yenilənən tarixi, bir xalqın varlıq tarixi oldu o gecə. O gecənin qaranlığında, o gecənin mübhəmində bir varlıq, bir müqəddəslik doğulurdu Azadlıq adlı. Uçuşan güllələrin işığında həm də millətin əzm və azadlıq istəyini görən düşmən azğınlıqdan ağlını itirmişdi. Beynəlxalq prinsiplərə belə məhəl qoymadan ağ xalatlıları hətta qanına qəltan edənlərin axtardığı və tapa bilmədiyi bircə nəsnə vardı: millətin köksündə gizlətdiyi, bəslədiyi, əzizlədiyi, illərdi çalışıb-vuruşub gözlədiyi azadlıq...Onu tapıb öldürmək, qan gölündə boğmaq istəyirdilər. Amma alınmadı...Çünki bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi.

Güllələnən divarlar, uçurulan hasarlar, əzilən maşınlar, öldürülən insanlarsa haray çəkir, dünyanı ayağa qaldırır və bir xalqın ölüm tarixinin mənzərəsini görməyə çağırırdılar. Sərt olan qış gecəsi,sanki bir az da sərtləşmişdi, külək belə haray-həşir qoparır, yağının insanlığa sığmayan hərəkətlərini ellərə yayır,qışqırır,sabahı haraylayırdılar.Sabahsa sanki yan keçirdi.Yağıların son quduzluğunun şahidi olan gecənin gizlinlərində hələ çox pislikləri törətmək istəyirdi.Yağılarda o gecənin açılmağını istəmir, canlı nə varsa məhvetməyə çalışır, əllərinə, gözlərinə görünəni yandırıb, yaxır, qəzəblərini soyuda bilmirdilər.Tanklar sanki bir xalqın, bir millətin varlığını bircə gecədə əzib keçəcək və yer üzündən siləcək qədər gücə sahiblənmişdilər. Şənbə gecəsinin hakiminə çevrilən yağılar bu vəhşiliyin cəzasız qalacağına əminmiş kimi davranır və o qışın ən uzun gecəsini daha da uzatmaq istəyirdilər.

Azadlıq gəlmişdi dünyaya. Ətraf ölüm saçsa da, gözlənən gəlmişdi. Qan-qadayla,ağrı-acıyla, qəm-kədərlə doğulmuşdu, amma sağ və sağlam doğulmuşdu. Şəhərin alt-üst olunması, insanların öldürülməsi, ev-eşiklərin dağıdılması, minlərlə yaralının sızıldaması fonunda azadlığın sağ-salamat doğulması bir heyrət idi,bir möcüzə idi. Möcüzə olan həm də o gecə xəstəxanada doğulan körpələrin hamısının oğlan doğulmasıydı.Yaradan bu xalqa bir əsrdə ikinci dəfə dövlətçilik şansını tanımaqla həm də oğullar da bəxş etdi o gecə.

Ağı dedilər, ah çəkdilər, sızladılar səssiz-səmirsiz 13 yaşı təzəcə tamam olan Larisanın, 14 yaşlı İlqarın dodaqlarında donub qalan gülüşlərinə baxıb ağladılər. Altı ayın gəlini olan və yenidən gəlinlik geyib məzara yarına yoldaş olmağa gedən Fərizəyə baxıb sızladılar. Bu dərdi çəkməyə ,bu acıya dözməyə bir el,bir yurd, bir vətən bəs eləmədi. Bütün dünyada yaşayan, ürəyi, qəlbi və gözü bu vətəndə olan hər kəs yas tutdu, ağladı şəhidlərinə. Qara sevimli rəngə çevrildi o gün. Bu təkcə bir matəm olmadı, həm də yağıya vurulan, düşmənə göstərilən təpgi oldu. Yağı belə gözləmirdi, belə istəmirdi. Onun gözlədiyi bu xalqı ölümlə qorxudub gözünün odunu almaq, istəyi isə müstəqillik arzusunu bir dafəlik məhv etmək idi. Olmadı. Qarşısında daha da mübariz, hünər və cəsarət nümunəsi göstərən bir xalq gördü və şaşırdılar. Onları şaşırdan həm də millətin dar gündə, çarəsiz vəziyyətdə bir məslək üçün birləşib, birlik, bərabərlik göstərməsi idi.

Vətən uğrunda ölənlərə öldü deməyin, onlar həmişəyaşardılar.Əbədiyaşar olanlarsa ölümsüzlüyə məhkumdurlar.Bayraqlar içində bayrağı, imzalar içində imzası və aqillər arasında sözü olan hər xalq bu məqrur və qürur tarixinin başlanğıcını qoyan o gecəni heç vaxt unutmayacaq,istənilən çətinliklərə sinə gərəcək və bu yolda canından keçənləri, azadlıq adlı şirin neməti daddıranları hər zaman anacaq, mübarizə tarixinin qəhrəmanı biləcək və qarşısında baş əyəcək. Deyəcək ki, bayraqları bayraq yapan üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa vətəndi... "Şəhidlər ölmür, onlar bizim qəlbimizdə əbədi yaşayırlar”,-deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi,adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Son söz əvəzi: Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm Əbədi məşəl abidə kompleksi də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanda 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara "20 Yanvar Şəhidi” fəxri adı verilmişdir. Bu gün Azərbaycan xakqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur,onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, onu daimi,əbədi və dönməz etməliyik.Bakının ən yüksık nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var.

Hər il yanvarın 20-də yüz minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir,xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür,onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

Allah şəhidlərimizə rəhmət eləsin.
 
Hazırladı:
Gülanə SƏDA,
tarixçi
Tarix: 20-01-2020, 09:03
Xəbəri paylaş





Xəbər lenti