Bu yaxınlarda Abşeronun xanım icra başçısı İradə Gülməmmədovanın sərvətinin siyahısı yayıldı. Ölkənin müxtəlif regionlarında, Rusiyada, Türkiyədə şirkətlər, mağazalar, tibb klinikaları, apteklər, iaşə obyektləri, turizm şirkətləri, uşaq bağçaları olan İH rəhbərinin kəhkəşanı haqda heç bir rəsmi izahat, açıqlama olmadı, aydınlıq gətirilmədi. İradə xanımın varidatının yalan olmasını belə İH bəyan etmədi. Sadəcə, susdular...

Bu siyahıya nəzər yetirəndə qeyri-ixtiyarı sual yaranır ki, bir icra başçısının bu qədər sərvəti haradan ola bilər, necə sahiblənib, hansı pullar biznesini inkişaf etdirib?

Vaxtilə poliklinikada baş həkim olan İ.Gülməmmədova necə olub ki, belə varlanıb? Axı bunun üçün maliyyə zəmini olmalıdır, külli miqdarda vəsait əldə etməlisən ki, sərhədləri aşan biznes imperiyası qurasan.

Amma nədənsə sərvətin siyahısı yayılsa da, heç bir araşdırma aparılmadı. Ona görə məmurlardan gəlir bəyannaməsi tələb olunmalıdır. Təəssüf ki, bu qanun da işləmir.

Təsəvvür edin ki, Abşeron icra başçısının Binəqədi rayonu, 2 saylı Zığ-Zeytunçuluq Sovxozu ərazisində 2 mərtəbəli, 1056 kv/m-lik fərdi yaşayış evi, M. Davudoğlu küç, ev 34 ünvanında mənzili, Xırdalan şəhərindəki “Titanik” adlı böyük obyekti, Mehdiabad-Fatmayı yolunun üstündəki “Palma” supermarketi, Masazırda "Palma" restoranı, Abşeron rayonunda bütün təndirxanaları, Xırdalanda şərab evi, Novxanı kəndində yerləşən “ABU Petrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı şərab evi, “Vorovski” adı ilə tanınan ərazidə yerləşən “Zümrüd” klinikası yaxınlığındakı şərab evi var.

Bu hələ siyahının əvvəlidir, necə deyərlər “ gəlinin xırda-xuruş cer-cehizidir”. Məsələ burasındadır ki, İradə xanım şərab biznesinə belə girişib. Bu yerdə “əhsən” deməyin gəlir. İcra başçısı fərasətli imiş.

Çünki onun Xırdalanda, Fatmayıda, Novxanıda, Masazırda və rayonun digər yaşayış massivlərində torpaq sahələri, “Əsmanur” bağçalar şəbəkəsi, “Zümrüd Körpələr Evi-Uşaq Bağçası” da şərab evləri ilə yanaşı fəaliyyətdədir.

Yayılmış siyahıda qeyd olunur ki, xanım icra başçısının “Vimay” Tibb Mərkəzi, “Vimay-Med” klinikası, “Af-Gen” klinikası, Bioloji Təbabət Klinikası, “Repose Travel” turizm şirkəti, “Nabat” firması təbabət şirkəti, “Herbimed” MMC tibb şirkəti var.

Habelə dərman bazarına da girişib. Onun “Atash-farm” MMC dərman şirkəti, “Harunfarm” MMC dərman şirkəti, "İmpuls-M.V." apteklər şəbəkəsi mövcuddur.
Lakin məlum olur ki, İ.Gülməmmədova dinc oturmayıb, şərab evi, körpələr evi, klinika sektoru, dərman biznesi ilə bərabər telefon alqı-satqı şəbəkəsinə də baş vurub.

Ona aid olduğu deyilən “İRS Mobil” telefon alqı-satqı şəbəkəsi, Nigər-Q.S” şirkəti, “Bioflora-M.V.” şirkəti, “Enerqorenovasiya” MMC şirkəti, “Fidanfarma” MMC şirkəti, “Planeta” apteklər şəbəkəsi, “Bioloji Tənzimləyici Təbabət Mərkəzi” MMC şirkəti, Rusiyada “Nabat Med” və “Mirpromtorq” MMC şirkətləri var.

Bu qədər sərvətə, biznesə malik olan məmur yəqin ki, nazir təyin edilmək eşqinə də düşə bilər, Bakının meri vəzifəsi də ürəyindən keçər.

Belə götürəndə Abşeronun icra başçısı postu onun üçün çox kiçik vəzifə görünməlidir. Düzdür, bu təyinatda Sumqayıtın icra başçısı Zakir Fərəcovun misilsiz xidməti olub.

Lakin İ.Gülməmmədovanın biznes səltənətindən görünür ki, özünün kifayət qədər gücü, imkanı var, karyera yüksəlişi istisna deyil.

Bununla belə, xanım başçı suyunu üfləyərək içən məmurdur. Hər bir işində ehtiyatlıdır, əməllərini, özbaşınalıqları ört-basdır etməyə çalışır.

Hətta yazılmışdı ki, öz iş otağında kamera axtarırmış. Səbəb Ağstafa və Yevlaxın başçılarının rüşvətlə həbs edilmələri idi. Bu barədə fakt.az xəbər yaymışdı.

Bu günlərdə isə sosial şəbəkədə fəaliyyət göstərən qrup İradə Gülməmmədovanın oğlunun Feysbuk hesabında yazdığı statusunu paylaşıb.

İradə xanımın oğlu Məhəmməd Gülməmmədov öz statusunda milli heysiyyətimizə toxunan ifadələr işlədib. Bu və başqa məsələlər barədə sosal şəbəkədə fəaliyyət göstərən "Korrupsiya Araşdırmaları Mərkəzi" paylaşım edib.

Paylaşımı diqqətinizə çatdırırıq: Abşeronun İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın oğlu Məhəmməd Gülməmmədovun Binəqədi rayonu, 2 saylı Zığ-Zeytunçuluq Sovxozunu ərazisində 2 mərtəbəli, mansardlı villasının sahəsi 1855 kv. metrdir. Villa 18 sot torpağın içində tikilib, layihəsi "Məkan-İnşaat" MMC tərəfindən hazırlanıb.

Məhəmməd Gülməmmədov Milli Məclis aparatında çalışır. Çalışır deyəndə ki, orda adı gedir, maaş alır, amma özü restoran biznesi ilə məşğuldur.

Paytaxtın bir neçə ünvanında fəaliyyət göstərən "Gutab House" restoranlar şəbəkəsi Məhəmməd Gülməmmədova məxsusdur:

Nəsimi rayonu, Bakıxanov küçəsi 75/1-də yerləşən "Gutab House";

Fəvvarələr Meydanında, Tərlan Əliyarbəyov küçəsi 9-dakə "Gutab House" restoranı; Yasamaldakı "Gutab House"; Bakıxanov qəsəbəsindəki (keçmiş Razin) "Gutab House"; Nərimanov rayonu, Ağa Nemətulla küçəsi "Gutab House"

İcra başçısının gül balası anasının vəzifəsi hesabına özünə dəbdəbəli villa tikdirir, Bakının dörd bir yanında restoranlar açır, bir də üstəlik xalqı aşağılayır.

Facebook hesabında yazıb ki, "etikasız, estetikasız, görməmiş, günorta yuxudan duran millətimiz" onun istirahətini pozurmuş.

Məlumatı teref.info yaymışdı.            
 http://cahan.info/manset/13384-goresen-kimdir-gormemis.html