Ermənilər gələn ay yeni “seçki” tamaşasına hazırlaşır


 

Gələn ay Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “Dağlıq Qarabağ rejimi” qondarma “parlament və prezident seçkiləri” keçirməyi planlaşdırıb. Bəllidir ki, bu “seçkilər”in heç bir hüquqi əsası yoxdur, onu heç bir ölkə, beynəlxalq təşkilat tanımır və bununla Ermənistan bu qondarma qurumu müstəqil tərəf kimi tanıtmağa nail ola bilməyəcək.

Bu barədə danışan politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, işğal olunmuş Qarabağda keçiriləcək qondarma “seçkilər” sadəcə olaraq Ermənistanın daxili siyasətinə ciddi təsir edir və edəcək. Bu “seçkilər” əsasən “Qarabağ klanı” və Nikol Paşinyan arasında savaşın kulminasiya mərhələsi olacaq: “Keçmiş prezident Serj Sərkisyan və Dağlıq Qarabağda terrorçu general Vitali Balasanyan Paşinyana qarşı siyasi cəbhə formalaşdırıb, burada növbəti mərhələdə hakimiyyəti əldə saxlamağa cəhd edəcəklər. Həbsdə olan Robert Köçəryan da öz məsləhəti ilə prosesə dəstək verir və Qarabağda Vitali Balasanyanın qələbə çalmasında maraqlıdır.

Artıq Ermənistanda Paşinyana qarşı güclü siyasi ittifaq qurulur. “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qagik Sarukyan və sabiq milli təhlükəsizlik naziri Artur Vanetsyan Nikol Paşinyana qarşı siyasi ittifaqda birləşir. Sabiq MTN şefi Vanetsyan birbaşa Kremlin adamıdır və bu ittifaqa eks-baş nazir biznesmen Karen Karapetyanın da qoşulacağı gözlənilir. Göründüyü kimi, Paşinyana qarşı ciddi ittifaq qurulur və onun üçün 2020-ci ilin böhranlı keçməsi gözlənilir”.

Politoloq hesab edir ki, əgər Paşinyan Qarabağda qondarma seçkilərdə öz adamını cinayətkar dəstənin rəhbərliyinə gətirə bilməsə Ermənistanda Qarabağ klanı daha da güclənəcək və Ermənistan daxilində Paşinyana qarşı siyasi cəbhəni inkişaf etdirəcək, onun devrilməsi istiqamətində işlər aparacaq: “Qarabağ klanının Paşinyanın düşməni Vanetsyan-Sarukyan bloku ilə birləşməsi də baş verə bilər. Beləliklə, bu il də Ermənistan daxilində baş verəcək siyasi qarşıdurma növbəti dəfə Qarabağ danışıqlarında müsbət irəliləyişə imkan verməyəcək. Paşinyan daxildə ona qarşı olan güclü müxalifətin qarşısında hər hansı bir substantiv danışıqlardan yayınacaq. Ona görə də Azərbaycan qəti şəkildə Ermənistana bu il şans tanımamalı və elə bir situasiya yaratmalıdır ki, müxalifət və hakimiyyət danışıqlara gedib, Qarabağ məsələsində kompromisə gələ bilsinlər”./“Yeni Müsavat”/


Tarix: 22-01-2020, 09:41
Xəbəri paylaş





Xəbər lenti