Əlöpmə ayininin o tərəfi və bu yanı...


Bu günlər sosial media istifadəçilərinin əsas trendi əli öpülən nənədir. Bu mövzuda yüzlərlə, minlərlə zarafat yazılıb. Əksəriyyəti də uğurludur, üzdə təbəssüm yaradır. Ən əsası da zarafatın satirası yerindədir.

Məsələn, FB istifadəçiləri belə şeylər yazıblar:

“Nənəsini öpdürmək istəyənlərin nəzərinə:  Sezonun bitməsinə 12 gün qaldı”;

“Təklif edirəm ki, MSK nənələrin əlinə xüsusi maye fısqırtsın, bir əli iki dəfə öpmək omasın”;

“Gender bərabərliyi pozulmasın deyə xanım namizədlər də babaları öpsünlər”;

“Nənəmi xaricə göndərməyə qərar verdim. Seçkilərə qədər arvada qarşı real təhlükə görürəm”.

“Namizədlərin birinə nənə şəkli lazım olub. Dostuma deyib ki, mənə bir yaxşı şəkil tap, baxıb siləcəm (bu statusa yazılan şərh: ”Qaqa,yaxşı nənə nömrəsi bilmirsən?");

“Mən o nənəni namizədlə öpüşən görmüşəm. Yenə də özün bilərsən...”;

 “Seçkinin əsas tezisi bu olmalı idi: ”Hərəyə bir nənə öpək!"

“Çindən koronaviruslu nənələr gətirmək lazımdı. O namizədlər öpsün, hər kəs xoşbəxt olsun!”

Bunlar lentdə önümə çıxanlardır. Bundan başqa, yuxarıda dediyim kimi, yüzlərlə, minlərlə bu sayaq zarafat yayılıb.

Ən qəribəsi odur ki, əl öpən namizədlərin sayı 3-ə belə çatmır. Hamı Musa Qasımlının şəklini paylaşır. Mənim “dostlar siyahı”mda ikinci bir əl öpən namizədin şəkli yoxdur.

Düzdür, nənələrlə yanaşı durub şəkil çəkdirən 5-6 namizəd var və ola bilər ki, onlar bu proseduru ya şəkil çəkdirməzdən əvvəl, ya da sonra ediblər.

Namizədlərin sayı isə son məlumatlara görə, 1374-dür. Əvvəldə 1650-dən çox idi, sonra 300-ə qədəri “ailələri ilə məsləhətləşərək” geri çəkildi.

Əlbəttə, namizədlklərini geri götürənlər haqlıdırlar, belə məsələləri mütləq ailə ilə, sülalə rəhbərliyi ilə məsləhətləşmək lazımdır. Ancaq daha yaxşı olar ki, bu məsləhət-məşvərəti namizədliyi irəli sürməzdən, DSK-ya yollanıb imza vərəqi götürməzdən öncə eləsinlər. Yoxsa imza yığanlar da yazıqdır, imza verənlər də.

Bu yazının mövzusu isə odur ki, nədən 1300-dən çox namizədin cəmi 10-nun etdiyi “əlöpmə” ayini hamısına şamil olunur?

Bunun əsaslı səbəbləri var. Seçicilər və onların sosial şəbəkə istifadəçisi olan aktiv kəsimi namizədin hansısa ahıl seçicinin əlini öpməsini, böyür-başına keçməsini, ayağına getməsini riyakarlıq aktı hesab edirlər. Ona görə də təpkilərini bu yolla, lağlağı və rişxəndlə bildirirlər. Əsas ritorik sual da belədir: “İndiyəcən hardaydınız?”

Göründüyü kimi, haqlı suallardır. Amma ədalət naminə deyək ki, bu sualı hamıya vermək və eyni cür rişxənd etmək doğru deyil.

Dünən gördüm ki, bir seçki dairəsində gənc namizəd bundan əvvəl deputat olmuş rəqibini qaralayıb ki, bəs o deputat olduğu müddət ərzində seçiciləri ilə görüşməyib. Həmin deputatın yerinə İmişli şəkər zavodunda istehsal olunan şəkərə əl basa, “yalan deyirəmsə, bu qənd kimi gözüm ağarsın” deyə and içə bilərəm ki, başqa işlərini bilmirəm, amma həmin deputat ayda bir neçə dəfə seçiciləri ilə görüşürdü. Bunu ondan bilirəm ki, o şəxs bütün görüşləri barədə 1000 işarəlik yazı hazırlatdırırdı və 4-5 şəkilin müşayiəti ilə saytımıza göndərirdi ki, onu verək. Bəzən isə yazılar başqa saytdan hazır şəkildə, link kimi gəlirdi və biz də xətirlər xətrinə “kopi-peyst” edib saytımıza yerləşdirirdik.

Etiraf edim ki, hər dəfə bu proseduru icra edərkən öz-özümə deyirdim: “Görəsən, bu informasiyanın yayılması deputatın nəyinə lazımdır? Axı onun seçicilərinin cəmi 5-10-u bu informasiyanı görəcək, ya görməyəcək”.

Bax, indi aydın olur ki, “seçicilərlə görüşlər”ə dair informasiyalar deputatın nəyinə lazımdır. İndi o, ortaya 1234 müvafiq xəbərin linkini qoya bilər ki, bəli, seçicilərimlə görüşə tez-tez gedib, həmişə də ağsaqqallarla ikiəlli görüşüb, nənələrin də əlini öpüb.

Qardaş Türkiyədə çox yayğındır, amma bizdə nəyə görəsə buna yaxşı baxmırlar. Ağsaqqal və ağbirçəklərin, eləcə də şəhid valideynlərinin əli öpülməyə layiqdir. Bu, onların ömrünü uzadır.

Uzun illər əvvəl bir toy məclisində tanıdığınız və sevdiyiniz bir köşə yazarı öz ədəbiyyat müəlliminin - 70 yaşlı ağsaqqalın əlini öpdü. Müəllim o qədər fərəhlənmişdi ki. Üstündən 19 il keçib, o jest unudulmayıb, söz düşən kimi xatırlanır.

Tarix: 28-01-2020, 09:23
Xəbəri paylaş





Xəbər lenti