=R.Turançı= Bu gün ŞƏHİD ailələrinin qapısını süng edənlər, sabah bu qapını yad edəcəkmi?

    
  Parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat prosesinə start verilməsi ilə, seçkilərə qatılan əksər namizədlərin şəhid ailələrinin qapılarına üz tutması, şəhid yaxınları, veteranlarla nümayişkəranə görüşlər keçirilməsi müşahidə edilməyə başladı. Görünən odur ki, namizədlər bununla şəhid ailələrinə, veteranlara məxsusi önəm verdiklərini, ilk növbədə onları düşündürən, narahat edən mətləblər haqqında məlumatlanmaq istədiklərini göstərir.Təbii, kimliyindən asılı olmayaraq, hər hansı bir şəxsin şəhid ailəsinə diqqət göstərməsi, onların qayğı və problemləri ilə maraqlanması müsbət haldır. Çünki şəhid ailələrinə, əlil və veteranlara qayğı hər birimizin mənəvi borcudur və bu borc bizim hansı vəzifədə təmsil olunmağımız, hansıa statusa sahib olmağımızdan asılı olmayaraq, heç vaxt gözardı edilə bilməz. Bu baxımdan namizədlərin şəhid ailələrinə baş çəkməsi, onların arzu və istəkləri ilə maraqlanması təqdirəlayiqdir.Amma baş verənlər fonunda bundan daha önəmli olan bir amil də var ki, bu da hazırda şəhid ailələrinin qapılarını süng edən, şəhid komaları fonunda şəkillər çəkdirən namizədlərin, deputat seçiləndən sonra bu qapıları yad edib-etməyəcəyi ilə bağlıdır. Məhz bu amil bugünkü namizədlərin əsl niyyətini üzə çıxarmaqla yanaşı, sabahkı parlamentin simasını da formalaşdıracaq. Kimin şəhidlərə, onların ailələrinə həqiqi dəyər verdiyi, kimin bu qapılara görüntü naminə, öz şəxsi marağı üçün üz tutduğu məhz o zaman bəlli olacaq.Arzu edək ki, parlamentimiz şəhidlərə, müharibə veteranlarına, bütövlükdə Azərbaycan insanına sözün həqiqi naminə dəyər verən, onların qapısına həqiqi səmimiyyətlə üz tutan, deputat olduqdan sonra da eyniylə bugünkü kimi bu qapıları tez-tez döyən şəxslərdən ibarət olsun. Yalnız o zaman, parlamenti xalqın tribunasına çevirmək, onun maraqlarını müdafiə etmək mümkündür.Əslində əsl insanlığın, xeyirxahlığın, humanizmin nüvəsini də məhz bu gerçək təşkil edir: kasıb, möhtac qapısını ehtiyacın olmayanda yad etmək, xeyirxahlığı işin keçməyən, möhtac olmadığın birinə etmək və bu gün ucaldığın zirvəyə görə dünən kimdən kömək aldğını, kimə borclu olduğunu unutmamaq...
 Siam.az
Tarix: 28-01-2020, 15:11
Xəbəri paylaş





Xəbər lenti