Paşinyanla Xankəndi arasında SAVAŞ


Paşinyanla Xankəndi arasında SAVAŞ

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla münaqişənin “Madrid prinsipləri” əsasında həllinin mümkünlüyü barədə açıqlaması Dağlıq Qarabağdakı işğalçı rejimin sərt reaksiyasına səbəb olub.

Nikol Paşinyanın adıçəkilən sənəddə Dağlıq Qarabağın ətrafındakı işğal olunmuş yeddi rayonunn Azərbaycana qaytarılması təklifini dilə gətirməsi hərbi xunta tərəfindən etiraz bəyanatı ilə qarşılanıb.

Qeyd edək ki, Nikol Paşinyan keçmiş hakimiyyətin Qarabağ məsələsində ona ağır irs qoyub getdiyini bildirib. Belə ki, Paşinyan əvvəlki hakimiyyətin zamanında danışıqlar predmeti olan və bu günlərdə erməni KİV-lərində dərc edilən nizamlama variantından-“Madrid prinsipləri”nə əsaslanan həll modelindən sitatlar gətirib. Baş nazirin sözlərinə görə, həmin həll modelinə əsasən Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Kəlbəcər və Laçın rayonları Ermənistanla Dağlıq Qarabağı birləşdirən quru dəhlizini çıxmaqla Azərbaycana qaytarılır. Sülhməramlıların Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati sərhədləri boyu yerləşdirilməsindən sonra Azərbaycanın mülki hakimiyyəti həmin rayonlara qayıdır, qoşunlar çıxarılır. Kəlbəcər isə aralıq dövr üçün ATƏT-in nəzarətində olur. Dağlıq Qarabağ aralıq status alır, regionun yekun hüquqi statusu referendumla müəyyən edilir.

Paşinyan Dağlıq Qarabağda “prezidentliyə namizədlərə” çağırış edərək bildirib ki, onlar və ümumən Ermənistan ictimaiyyəti həmin həll modelini dəstəkləsə o baş nazir kimi dərhal bu sənədi danışıqlar masasına qaytaracaq.

Paşinyanın çağırışına ilk reaksiyanı qondarma “DQR”in keçmiş “baş naziri”, indiki “prezidentliyə namizəd” Araik Arutyunyan verib. O, bildirib ki, Paşinyanın bəhs etdiyi həmin nizamlama variantı qəbuledilməzdir. Arutyunyanın bildirdiyinə görə, o Sarkisyanın vaxtında da həmin sənədlə razı olmadığını dəfələrlə ifadə edib. Arutyunyan vəd verib ki, “prezident seçildikdən” sonra bütün ətraf rayonların məskunlaşdırılmasına və inkişaf etdirilməsinə başlayacaq. “Mən bunu az əvvəl Qubadlı (ermənilər rayonun adını indi “vorotan” olaraq dəyişib,-red.) sakinləri ilə görüşümdə də dedim və fürsətdən istifadə edib bütün dünya ermənilərinə öz mesajımı çatdırıram”,-o bildirib.

Qondarma “DQR parlamentinin spikeri”, hərbi xuntanın rəhbərliyinə namizəd Aşot Qulyan da Paşinyanın çağırışına cavab olaraq “bir qarış da torpaq qaytarmamaq” tezisini müdafiə edib. O bildirib ki, Dağlıq Qarabağın müstəqilliyi minimal məqsəddir, əsas məqsəd Ermənistana birləşməkdir. Qulyanın sözlərinə görə, hazırda erməni işğalı altında olan Azərbaycan ərazilərinin heç biri geri qaytarıla bilməz, hətta bunu müzakirə etmək belə yolverilməzdir.

Dağlıq Qarabağın yeganə müxalifətçisi, “prezidentliyə namizəd” Ayk Xanumyan da Paşinyanın çağırışına reaksiya verib və torpaqların qaytarılmasının müzakirə predmeti olmayacağını bildirib. Habelə indiki “DQR-in xarici işlər naziri”, digər namizəd Masis Mailyan hələ 2009-cu ildə həmsədrlərə təklif edilən nizamlama variantı ilə razı olmadıqlarını çatdırdığını, indi də bu mövqedə qaldığını deyib.

Paşinyanın açıqlaması onun danışıqları Serj Sarkisyanın dövründə olduğu kimi “Madrid prinsipləri” əsasında davam etdirmək niyyəti kimi başa düşülə bilər. Lakin Paşinyanın Ermənistan cəmiyyətinin və Dağlıq Qarabağdakı işğalçı rejimin belə bir addım atmaq istəmədiyini nümayiş etdirir. Yəni Ermənistan hökuməti rəhbərinin siyasi məsuliyyəti birbaşa üzərinə götürmək deyil, daha çox bölüşmək niyyəti hiss olunur. Əslində, Nikol Paşinyan açıqladığı “yol xəritəsi” həm münaqişə tərəflərinə, həm də beynəlxalq vasitəçilərə yaxşı tanışdır. Baş nazir “Madrid prinsip”lərini təkrarlayıb. 2009-cu ildən Dağlıq Qarabağ probleminin nizamlanmasına dair aparılan danışıqlar prosesinin gündəliyini əsasən “Madrid prinsipləri” təşkil edib. Sadəcə olaraq, Paşinyan bu həll modelini Serj Sarkisyan iqtidarından miras qalmış siyasi məsələ kimi gündəmə gətirməklə 7 rayonun qaytarılmasına görə məsuliyyəti öz sələfinin üzərinə atmağa çalışır.

Eyni zamanda Paşinyan Ermənistan ictimaiyyətinin və Dağlıq Qarabağdakı qondarma prezidentliyə namizədlərin dəstəyini vacib hesab edir. Baş nazirin bu gedişi Ermənistan əhalisinin və “Qarabağ klanı”nın siyasi nəbzini yoxlamağa da xidmət edə bilər. Təbii ki, Dağlıq Qarabağdakı oyuncaq qurum sülh danışıqlarının gedişinə və nəticəsinə təsir etmək səlahiyyətinə malik deyil. Ancaq Xankəndidən gələn sərt bəyanatlar ermənilərin barışığa hazır olmadığını deməyə əsas verir.

Politoloq Cümşüd Nuriyevin sözlərinə görə, N.Paşinyanın son açıqlaması “Qarabağ klanı”nın nümayəndələri ilə qarşıdurmadan xəbər verir:

“Paşinyan uzaqgörən siyasətçi deyil. Bu, Paşinyanın yaxın məsafəyə hesablanmış, həm də ucuz bir sensasiyalı bəyanatıdır. Doğrudur, bu mövzuda danışıqlar olub. Həmin təkliflərə görə, əvvəl beş rayon, növbəti mərhələdə isə iki rayon Azərbaycana qaytarılmalıdır. Bu “Madrid prinsipləri”nə aiddir. “Kazan formulu”nun şərtləri də bunu təkrar edir. Lakin Paşinyanın son açıqlaması özündə başqa məqsəd güdür. Martın 31-də Dağlıq Qarabağda saxta seçkilər keçiriləcək. Paşinyana da məlumata veriblər ki, “seçkilər”də Serj Sarkisyanın adamları qalib gələcək. Nəticədə, Paşinyan Dağlıq Qarabağda nəzarəti tamamilə itirəcək. Ona görə də çalışır ki, yeddi rayonun qaytarılması məsələsini gündəmə gətirməklə onları şantaj etsin. Qarabağdakı ermənilər də əks-şantajla ona cavab verir. Amma Dağlıq Qarabağ heç vaxt danışıqlar tərəfi ola bilməyəcək. Çünki bu, ATƏT-in prinsiplərində yoxdur. Ona görə də qondarma seçkilərdə iştirak edən namizədlər sadəcə olaraq, bu məsələdən özlərini təbliğ etmək üçün vasitə kimi istifadə edir. Bütün hallarda həm Paşinyanın, həm Dağlıq Qarabağdakı rejimin bəyanatlarına Azərbaycan silahlı qüvvələri cavab verməlidir. Onlar bir qarış da torpaq qaytarmayacaqlarını bildirirlər. Azərbaycan artıq öz sözünü deməlidir. Çünki ermənilər çox məkrlidir və daxili ictimai rəyə hesablanmış bəyanatlar verirlər. Bu, isə Azərbaycan cəmiyyətini yorur. Ermənilər görür ki, Azərbaycan 2016-cı ilin aprel döyüşlərindən sonra ciddi addım atmır, həm də gərginləşdirir. Onlar işğal olunmuş ətraf rayonlarda əkib-becərib yüksək gəlir götürür. Azərbaycan isə hər il işğal olunmuş ətraf rayonlardan və Dağlıq Qarabağdan hər il iqtisadi cəhətdən 3 milyard dollar vəsait itirir. Dağlıq Qarabağdakı ermənilər Ağdam, Cəbrayıl, Füzuli rayonlarındakı geniş əkin sahələrindən yüksək gəlir əldə etdikləri üçün normal yaşayışlarını təmin edirlər. Ona görə də onlar ətraf rayonları sülh yolu ilə qaytarmayacaqlar. Azərbaycan gərək həmin əraziləri onların əlindən güc yolu ilə alsın”.

Müşfiq Abdulla
Cebhe.info


Tarix: 28-01-2020, 20:54
Xəbəri paylaş





Xəbər lenti