Sosial şəbəkədə vahimə xəbərləri yayanlar - DİN-dən xəbərdarlıq

 

Mahmud Hacıyev: “Söhbət Dezinformasiya yaymaqdan gedirsə, araşdırma oldu-olmadı, fərqi yoxdur, məlumatın yayılması qanuna ziddir”

Daxili İşlər Nazirliyi sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq edib. Son günlər sosial şəbəkələrdə, xüsusən İnstaqram platformasında müəyyən ödəniş qarşılığında vətəndaşlara guya, internet xidmətləri göstərən səhifələrin sayı artır. Belə səhifə adminləri izləyicilərinə sosial şəbəkə hesablarının parollarını qırmaq və ya başqa bir şəxsin mesajlarını izləmək kimi vədlər verir, bəzən də izləyici sayı çox olan səhifələri satışa çıxarırlar. Hətta virtual məkanda fala baxmaq adı ilə də vətəndaşları aldadan şəxslər mövcuddur.

DİN-in yaydığı xəbərdə qeyd olunur ki,  Daxili İşlər Nazirliyinin sosial şəbəkə hesablarına bu cür dələduzluq faktları ilə üzləşmiş şəxslər tərəfindən çoxsaylı müraciətlər daxil olur. Odur ki, şəbəkə istifadəçilərinə belə məsələlərə diqqətli yanaşmaq, bu tipli elanları paylaşan şəxslərə heç bir ödəniş etməmək və şəxsi məlumatlarını kənar şəxslərlə paylaşmamaq tövsiyə olunur.

Sosial şəbəkələrdə və “WhatsApp” messencerində naməlum şəxslər pul qoparmaq üçün ən müxtəlif üsullardan istifadə etməklə yanaşı epidemiya yayılması, dağıdıcı zəlzələ olacağı, güclü dağıdıcı külək əsəcəyi kimi xəbərlər də yayıb əhalini təşvişə salır, qorxudurlar. Bu cür yalanlara əhalini inandırmaq üçün dövlət qurumlarının  gücləndirilmiş iş rejiminə keçmələri barədə də yalanlar uydurmaqdan çəkinmirlər. Əhali arasında şayiə və təşviş yaradan xəbərləri yayanları hüquq-mühafizə və təhlükəsizlik orqanları müəyyənləşdirib müvafiq cəzaya çatdırırlar.

Yanvarın 25-də bu qəbildən olan daha bir xəbər yayılmışdı. Bakıda guya təbii qazdan kütləvi zəhərlənmənin baş verməsi ilə bağlı yalan məlumatlar yayılmışdı. “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev yayılan məlumatların həqiqəti əks etdirmədiyini və insanlar arasında təşviş yaratmağa xidmət edən təxribat olduğunu açıqladı. “Azəriqaz” İB məlumat yayıldıqdan sonra dərhal araşdırmalara başlayıb və belə məlumatların yalan olduğu üzə çıxıb. Sosial şəbəkələrdə Bakı şəhərində 40-dan çox adamın kütləvi qazdan zəhərlənməsi barədə yayılan xəbərlə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Azəriqaz” İstehsalat Birliyi birgə məlumat yayıb. TƏBİB-dən və İstehsalat Birliyindən verilən məlumata görə, daha sonra 1 saylı Kliniki Tibbi Mərkəzə getmək çağırışları edilsə də, yayılan xəbərlər həqiqətə uyğun deyil: “25 yanvar 2020-ci il tarixində dəm qazından kütləvi şəkildə zəhərlənmə halı baş verməyib. Videomaterialdakı kadrlar isə ayrı-ayrı vaxtlarda çəkilən kadrların montaj olunaraq hazırlandığını deməyə əsas verir. Qazın tərkibində zəhərlənməyə səbəb olacaq maddələrin olması barədə deyilənlərin isə heç bir əsası yoxdur. Əhalidən xahiş edirik ki, belə yanlış məlumatlara inanmasınlar. Dəm qazı ilə bağlı yarana biləcək hər hansı narahatlığa görə TƏBİB-in 103 qaynar xətti, ”Azəriqaz" İB-in isə 104/185 Çağrı mərkəzi ilə əlaqə saxlamağınız xahiş olunur".

Mahmud Hacıyev “ ile ilgili görsel sonucu

Bəs yalan məlumatların qarşısı necə alınmalıdır? Belə məlumatları yayanlar necə cəzalandırılır?

Sabiq polis rəisi Mahmud Hacıyev “Yeni Müsavat”a deyib ki, yalan məlumat yayanlar qanunvericiliyə əsasən cəzalardırılırlar: “Əlbəttə ki, belə məlumatları yayanların məqsədi müəyyən edilməli və  belə şəxslər cəzalandırılmalıdır. Bir məsələni də nəzərə almaq lazımdır ki, insanların hamısının biliyi, dünyagörüşü, səviyyəsi, tərbiyəsi, intellekti eyni deyil. İnsan faktoru olan yerdə belə halların olması təbiidir. Söhbət dezinformasiya yaymaqdan gedirsə, araşdırma oldu-olmadı, fərqi yoxdur, məlumatın yayılması qanuna ziddir”.

Mahmud Hacıyev deyir ki, dezinformasiya bütün zamanlarda olub: “Sovet dönəmində də belə xəbərləri yayanlar tapılırdı, indi də var və gələcəkdə də olacaq. Yəni adına şayiə deyilən yalan məlumatlar dünya var olandan var və olacaq. Kimlərəsə xoş gəlir ki, hamını təşvişə salsın. Düşünmürlər ki, belə məlumatlar ümumilikdə cəmiyyət üçün ziyanlıdır. Əgər hansısa bir xoş olmayan gözlənti olarsa, hüquq-mühafizə orqanları, dövlət qurumları bu haqda rəsmi məlumat yayırlar. Əhali də rəsmi olmayan məlumatlara inanmamalı, əsassız məlumatlara əhəmiyyət verməməlidir”.


Tarix: 29-01-2020, 09:16
Xəbəri paylaş





Xəbər lenti