Kəlbəcərin İstisu kurortunu bərpa etmək vaxtı gəlmədimi, ey milli(?) oliqarxlar?..-SON GÖRÜNTÜLƏR...

 

“Bu maşını işə salsanız, neçə iş yeri aça biləcəyinizi düşünün...”-Ermənilər öz hökumətlərinə deyir...
"Eybi yox, Kəlbəcərin İstisuyunda 1 kurs müalicəni lap 10 min dollar edin. Təki bilək ki, o yurdlar, o istirahət, müalicə zonaları bizimkidir? Təki o kompleksin binalarının üzərində Azərbaycanın üçrəngli bayraqlarını dalğalandıra bilək!.."


Sosial şəbəkələrin erməni seqmentində 27-ci ildir  işğal altında qalan Kəlbəcər rayonu ərazisindəki, vaxtilə bütün SSRİ məkanında məşhur olan İstisu sanatoriyasının xarabalıqlarının son görüntüləri yayılıb.

Moderator.az xəbər verir ki, erməni istifadəçilər Azərbaycan Respublikasının konstitusyon ərazisindəki min bir dərddən müalicə zonasının xarabalıqlarının fotolarına öz işğalçı və qondarma separatçı “hökumət”lərinə və oliqarxlarına xitabən belə bir şərh yazıb:  
“Fotolarda “Artsax”ın Karvaçar rayonunda yerləşən “Cermacur” kurort kompleksinin xarabalıqları görünür. Erməni dilindən tərcümədə "Cermacur" "isti sular" deməkdir. Kompleks təxminən 2200 metr yüksəklikdə yerləşir. Bu maşını bərpa edib işə salsanız, nə qədər iş yeri aça biləcəyinizi bir düşünün...”

P.S. Biz də öz müstəqil, milli(!) hakimiyyətimizə, milli(?) oliqarxlarımıza müraciət edərək soruşuruq: torpaqlarımızı, o cümlədən Kəlbəcəri xalqımızın, dövlətimizin, ordumuzun, iqtisadiyyatımızın, sərvətlərimizin  gücü hesabına savaş yoluyla azad edib oradakı bütün digər istirahət, müalicə zonaları kimi İstisu kurortunu da bərpa etməyin vaxtı çatmayıbmı hələ?  Ermənilərin bizim qədər sərvəti, nefti-qazı olsa, çoxdan bunu edib Qarabağa, Kəlbəcərə turist axınını qat-qat artırardılar. Amma torpaqlarımızı tezliklə azad etməsək, düşmən gücünü səfərbər edib, uzaqbaşı, 4-5 ilə İstisu sanatoriyasının da bərpasına nail olacaq...  

Bilirik ki, çoxunuz tamahınızın əsirisiniz və nəinki Azərbaycanın bütün bölgələrində, eləcə də xaricdə onlarla gəlirli obyekt, eləcə də sanatoriyalar açmaqdan, villa tikməkdən, ada almaqdan və s. gözünüz doymur... Əgər az da olsa, milliliyiniz varsa, bir balaca da Vətənin erməni tapdağı altındakı torpaqlarına göz çevirin. O torpaqları azad etdirib oralara da maya qoyun. Eybi yox, Kəlbəcərin İstisuyunda 1 kurs müalicəni lap 10 min dollar edin. Təki bilək ki, o yurdlar, o istirahət, müalicə zonaları bizimkidir? Təki o kompleksin binalarının üzərində Azərbaycanın üçrəngli bayraqlarını dalğalandıra bilək!.. 

Biz yoxsullara o dağların təmiz havası, suyu da yetər....Təki sizlərin gözü doysun...

Sultan Laçın
Tarix: 1-02-2020, 15:03
Xəbəri paylaş





Xəbər lenti