“O tapşırdı ki, Kəlbəcər və Laçındakı kürd kəndləri haqda məlumat toplayım...”


"Mütəllibov təkidlə dedi ki, Azərbaycanın federallaşması planlarının qarşısını almaq lazımdır...”
"Təəsüf ki, bu gün- Qarabağı azad etməli olduğumuz bir vaxtda da Azərbaycanın cənub və şimal regionlarında da separatçılıq meyillərini oyatmaq istəyən qüvvələr ayaqdadır...” 



 Tanınmış ictimai xadim, 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində Dağlıq Qarabağ, eləcə də Laçın və Kəlbəcər rayonları üzrə Azərbaycan komsomolu və Kommunist Partiyası Mərkəzi Komitəsinin kuratoru kimi çalışmış sabiq deputat Maksim Musayev Moderator.az əməkdaşı ilə söhbətində Sovet İttifaqı Kommunist Partiyası, SSRİ “KQB”-nin  və digər xarici ölkə kəşfiyyatlarının xalqımızın regionları və müxtəlif millətlər arasında qarşıdurma yaratmaq istiqamətindəki təxribatçı plan və əməlləri barədə diqqətəlayiq faktlardan danışıb. 
“Ta qədimdən Azərbaycanın müxtəlif regionları, eləcə də ərazisində yaşayan müxtəlif millətlər arasında qarşıdurma yaratmaq torpaqlarımızda gözü olan bütün imperiya və dövlətlərin daim başlıca planlarından olub. Bu istiqamətdə düşmən planlarına ən çox sonradan torpaqlarımıza köçürülərək bizimlə yanaşı yaşamış ermənilər uyğunlaşıb və həmin məkrli güclərə güvənərək torpaqlarımızın xeyli hissəsinin işğalına nail olublar. Lakin təəssüf ki, dünən olduğu kimi, bu gün də Azərbaycan Respublikası daxilində regional və milli zəmində qarşıdurma yaratmaq istəyən daxili və xarici güclər  hələ də ayaqdadır... Odur ki, mütəmadi olaraq ölkəmizdə keçmişdə və  bu gün bəhs edilən zəmində baş vermiş olay və prosesləri təhlil etmək, faktları incələmək gərəkdir... 

Bu günlərdə saytınızda təqdim etdiyim Əbdürrəhman Vəzirovun “Parterin ilk sıralarında” adlı kitabı haqdakı yazımda  üzdəniraq “yeraz” kəlməsinin sovet “KQB”-si tərəfindən Azərbaycanda regional qarşıdurma yaratmaq məqsədilə necə qondarılması haqda danışmışdıq(bax:https://www.moderator.az/news/308265.html). Elə həmin qondarma sözün aktiv şəkildə ortalığa atıldığı 1988-1992-ci illərdə xarilci kəşfiyyatın, xüsusən SSRİ və sonradan Rusiya xüsusi xidmət orqanlarının ölkəmizi federallaşdırmaq planlarının hazır olduğu aydın görsənirdi...  

...Səhv etmirəmsə, 1988-ci il idi. Vəzirov 1-ci katib idi, Viktor Polyaniçko da Moskvadan 2-ci katib  vəzifəsinə təzə göndərilmişdi. Polyaniçko ilə də münasibətim “Pravda” qəzetində  barəmdə böhtan dolu yazı verməsindən sonra pisləşmişdi. Sonradan münasibətlər nisbətən normallaşmışdı. Həmin vaxtlar isə artıq demək olar ki, işsiz idim. Bir gün Mərkəzi Komitədən zəng etdilər ki, Polyaniçko sizi qəbula çağırır. Təəccübləndim ki, mənim hazırda heç bir səlahiyyətli vəzifəm-filanım yox, görəsən, 2-ci  katibin mənimlə nə işi var. Zəng edənlərdən soruşdum, dedilər,  biz də heç nə bilmirik. Amma dedilər ki, bir neçə gün əvvəl sizdən öncəki illər Dağlıq Qarabağ üzrə Mərkəzi Komitənin kuratoru işləmiş şəxsləri çağırıb.  Xülasə, deyilən vaxtda getdim Polyaniçkonun qəbuluna. O, əvvəlcə ümumi vəziyyət barədə söhbət elədi. Soruşdu ki, Dağlıq Qarabağın kuratoru kimi neçə il işləmisiz. Dedim ki, iki ilə yaxın. Ancaq sonradan Vilayət Komitəsi Mərkəzi Komitəsinin erməni 1-ci katibi Boris Gevorkov Bakının başı üzərindən məndən Moskvaya şikayət etdi. Ona görə də məsləhət gördülər ki, sən başqa regiona kurator getsən, yaxşıdır. Həmin dövrdə də Azərbaycan KPMK-da ideoloji  məsələlər üzrə şöbə müdiri Ramiz Mehdiyev idi. Gevorkov isə birbaşa Moskvaya  - MK-nın Zaqafqaziya bölməsinə belə demişdi: “Ermənistandan olan azəbaycanlılar Dağlıq Qarabağa və oradakı ermənilərə müəyyən tendensiya ilə yanaşırlar, ona görə də Maksim Musayevin də orada işləməyə haqqı yoxdur.  Buna qədər  Şuşada Qəşəm Aslanov 1-ci katib olmuşdu, o da elə idi...”    
Bu söhbətdən sonra Polyaniçkoya  dedim ki, gedə bilərəmmi. Cavab verdi ki, yox, hələ əsas söhbətə başlamamışıq. Dedi ki, sən DQMV ilə yanaşı, o vilayətə bitişik Kəlbəcər və Laçın rayonlarının da kuratoru olmusan, yəqin ki, o bölgələri yaxşı tanıyırsan. Cavab verdim ki, bəli. O halda Polyaniçko soruşdu: “Bizə Kəlbəcər və Laçında hansı kəndlərin kürdlərdən ibarət olması haqda dəqiq məlumat lazımdır”...
Cavab verdim ki, düzü, mənim bu haqda məlumatım yoxdur. Düzdü, öz ana nənəm Kəlbəcərin Nadirxanlı kəndindən olduğundan oraya çox gedib-gəlmişik. Ancaq o kənddə kürdlər yaşamırdı. Lakin camaat deyirdi ki, rayonun hansısa kəndlərində kürdlər var. Amma o vaxt  kimin kürd, kimin türk olması heç kəsin ağlına da gəlmirdi. Çünki hamısı qaynayıb-qarışmışdılar, qohum olmuşdular...  

Polyaniçko təkrar soruşdu ki, Laçındakı kürdlər haqda da məlumatın yoxdur. Dedim, xeyr. O, təəccübləndi ki, sən necə kurator olmusan ki, bunları bilmirsən. Cavab verdim ki, biz işlədiyimiz dövrdə belə məsələlər heç qabardılmırdı. Ona görə bu cür faktları bilib-bilməməyimizin də əhəmiyyəti yox idi. Polyaniçko  xahiş etdi ki,  bu məsələni öyrənməkdə  ona kömək edim. Dedi, əməkdaşlarımıza da tapşırıq vermişəm ki, Kəlbəcər və Laçında hansı kəndlərdə kürdlər yaşadığını və onlar arasında  neçə fəal kommunist olduğunu müəyyən etsinlər. Dedim yaxşı, əlimdən gələni edərəm...
Xülasə, Polyaniçkonun qəbulundan çıxandan sonra mən də təəccüblə MK-dakı tanışlardan soruşdum ki, o, nəyə görə kürdlərlə belə maraqlanır. Dedilər, biz də bilmirik... Bir az düşündükdən sonra Laçında əvvəldən yaxından tanıdığım, partiya komitəsinin fəallarından olan katib, İcraiyyə Komitəsinin sədri işləmiş və deputat olmuş Səlim Səlimovla görüşdüm. Ümumi söhbətdən sonra soruşdum ki, Laçında kürd kəndləri varmı, neçədir, hansılardır. O da təəccüblə məndən soruşdu ki, Maksim müəllim, xeyirdimi, sənin nəyinə lazımdır bu. Daha deyə bilmədim ki, MK-dan Polyaniçko tapşırıb... 

Bir xeyli sonra öyrəndim ki, Laçındakı kürd kəndlərindən birindən olan bir kommunistə rayon partiya komitəsində 2-ci, ya da 3-cü katib vəzifəsini veriblər... 

Yəni, 1980-ci illərin sonunda aydın görsənirdi ki,  Azərbaycanda ermənilərlə Qarabağ münaqişəsinin körüklənməsindən əlavə, digər millət və regionlarla da bağlı nəsə qeyri-müəyyən, qıcıqlandırıcı proseslər aparılır...”- deyə sabiq deputat təəssüflə bildirib.  

Maksim Musayev artıq müstəqil dövlət olduğumuz illərdə, Xalq Cəbhəsi hakimiyyəti dövründə də şahidi olduğu bir faktdan da bəhs edib:
“Bunu əvvəlcə sizə danışmışam, məlumatları olmayanların bir daha nəzərinə çatdırıram... Artıq Azərbaycan müstəqil dövlət olandan sonra, təxminən 1992-ci il aprelin sonunda Prezident Aparatında işlə bağlı bir şöbə müdiri ilə görüşərkən təsadüfən həmin vaxt ona zəng etmiş o dövrdə artıq istefada olan eks-prezident Ayaz Mütəllibovla telefonla danışdım. O, məndən təkidlə xahiş etdi ki, dəqiq məlumatım var, tezliklə Azərbaycanın federallaşması ilə bağlı planlar var. Öz nüfuzundan istifadə elə, digər fəal, vətənpərvər insanlarımızla bunun qarşısının alınması üçün mümkün tədbirləri görün və buna imkan verməyin...” 

“Təəssüf ki, bu günün özündə, Qarabağ torpaqlarını  erməni işğalından azad etməli olduğumuz bir vaxtda da Azərbaycanın cənub və şimal regionlarında da separatçılıq meyillərini oyatmaq istəyən qüvvələr var... Güman edirik ki, müvafiq dövlət qurumları bu tendensiyaların qarşısının alınması üçün lazımi tədbirlər  görürlər...”- deyə həmsöhbətimiz vurğulayıb.  

Sultan Laçın
Tarix: 1-02-2020, 15:08
Xəbəri paylaş





Xəbər lenti