Vəssəlam, Zakir Fərəcov !!!



Vəssəlam, Zakir Fərəcov !!!








Bəli, vəssəlam, cənab icra başçısı !

Bunu möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünən “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edərkən deyib: “ Maxinasiyalar, saxtakarlıqlar...bunların hamısı geridə qalmalıdır. Bunların hamısını dövlət qurumları bilir. Lakin bəziləri göz yumurdular, çünki sövdələşirdilər. Amma o dövr bitdi. Bundan sonra mən deyən kimi işləməlisiniz. Vəssəlam”.



Zakir müəllim, “vəssəlam” ərəb sözüdür, mənası “bitdi” deməkdir.

Bəli, o dövr birdəfəlik bitdi, başa çatdı.

Cənab Zakir Fərəcov ! Yeri gəlmişkən, bu məqamda yadıma 90-cı illərdə keçmiş Baş prokuror, hörmətli Eldar Həsənovun parlamentin tribunasından üzünü bəzi dərə-bəylərinə tutaraq dediyi sözlər düşür: “ Ayılın...Qapı döyülür...Sonra gec olacaq “.
Bəli, sonra gec olacaq, Zakir müəllim, qapı döyülür !

Cənab Prezidentimiz istəmir ki, kiminsə burnu qanasın, kiminsə həyatı korlansın. İlham Əliyev istəyir ki, islahatlar ağrısız-acısız həyata keçsin, hətta məmurları “ Allahdan qorxmağa” çağırır. Bundan gözəl nə ola bilər ki ?


Cənab Fərəcov! Siz ölkəmizin ən iri şəhərlərindən birinə rəhbərlik edirsiniz yəni iri məmurlardan birisiniz. Və məntiqlə Prezidentin apardığı siyasi və iqtisadi islahatlara ən böyük dəstək sizdən gəlməlidir. Bəs bunun əvəzində nə görürük ?

Demək olar ki, hər gün sizin iş adamlarına, sahibkarlara qarşı apardığınız hədə-qorxular, təhdidlər, hətta həbslər, haqlarının pozlması barədə mediada palaz-palaz yazılar dərc olunur. Bu insanların günahı nədir, Zakir müəllim !

Axı, ölkə başçısı təkrar-təkrar qeyd edir ki, Azərbaycan iqtisadiyyatının gələcəyi sahibkarlığın inkişafından asılıdır.

Bəs siz niyə sahibkarların, iş adamlarının haqqını tapdalayırsınız?

Bu birbaşa Prezidentin siyasətinin əksinə getməkdir.

Yüzlərlə insan Sumqayıtın abadlığı və quruculuğu işində canı, qanı, pulu ilə çalışıb və Sizin üzünüzü ağ eləyib. Siz isə bu insanların həyatını qara eləmisiniz. Bunu Allah götürməz axı, Zakir müəlim.

Neçə ildir hüququ tapdanmış bun insanlar hara gəldi şikayət edirlər, bircə dəfə çağır bunları dinlə. Dinləmək artıq problemin həllinin yarısı deməkdir, cənab Fərəcov. Siz bu insanlardan nə istəyirsiniz, cənab Fərəcov !

Dünən cənab Prezident üzünü vətəndaşlara tutaraq dedi: “ Əgər kimsə sizdən əsassız nəsə tələb edirsə, Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi icra orqanlarına dərhal məlumat verin. Bu, qətiyyən yolverilməzdir. Çünki sahibkarlığın inkişafının qabağını alan bir çox hallarda məmur özbaşınalığıdır”.

Bəli, məmur özbaşınalığı.

Cənab İlham Əliyev buyurdu ki, süründürməçilik, rüşvətxorluq, vətəndaşlara biganə münasibət – bunlara son qoyulmalıdır.



Cənab Zakir Fərəcov ! Neçə ildir iş adamları, ustalar, fəhlələr gördükləri işin halal haqqını sizdən ala bilmir. Neçə ildir ?

Bu süründürməçilik deyil, Zakir müəllim, əsl işgəncədir, zülmdür.

Cənab Fərəcov ! Gəlin, bugünədək baş verənləri yıxaq KEÇİD DÖVRÜ-nün belinə. Barı bundan sonra işinizdə dəyişiklik edin, insanlara qarşı bir az mərhəmətli olun.

Zakir müəlim ! Bu məqamda yadıma hörmətli şairimiz Fikrət Qocanın misraları düşür:

Qaçağı da mərd olub,

Qoçağı da mərd olub,

Kasıbı da mərd olub,

Varlısı da mərd olub.

Bəs bu namərdlər hardandır

Bax, bu mənə dərd olub.

Zakir müəlim !

Siz ucqar bir dağ kəndində kasıb, amma mərd, halal bir ailədə doğulub böyümüsünüz.

Mənə dərd olan odur ki, elə bir evdən-ocaqdan çıxan MƏMUR niyə belə olub ?

Bu təkcə sizə aid deyil e, məmurlarımızın çoxuna aiddir.

Bax, bu sual mənə dərd olub...

NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
Tarix: 6-02-2020, 08:22
Xəbəri paylaş





Xəbər lenti