“Bütün mafiyaların sonu olur - Bəlkə sonu gözləməyəsiniz?!.”


“Bazarına çox ciddi zərbə vurulmuş klan heç cür bu yeniliklərlə barışa bilmir...”




Moderator.az-ın poçtuna siyasi elmlər doktoru, professor    Cümşüd Nuriyevin son illər  Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında baş verən proseslərə həsr olunmuş “Mafiya ölməzdir!?” başlıqlı yazısı daxil olub. Aktuallığını nəzərə alıb materialı dəyərli oxucularımızın müzakirəsinə buraxırıq:

“Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin həyata keçirdiyi  uğurlu kadr islahatları artıq öz müsbət nəticələrini verməyə başlayıb. Həmin islahatların özünü biruzə verdiyi sahələrdən biri də millətin gələcəyi üçün çox vacib olan elm sahəsidir. Möhtərəm Prezident ötən ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına F.Mustafayevi sədr təyin etdikdən sonra burada hər şey yenidən quruldu. 

Qısa zaman kəsiyində elmi dərəcələrin və elmi adların verilməsi üçün sənədlər, xarici ölkələrdə verilmiş elmi dərəcə və elmi ad haqqında sənədlərin notrifikasiyası üçün təqdim olunacaq sənədlər, elmi məqalələrin dərc olunması üçün tövsiyə edilən yerli və xarici dövri elmi nəşrlərin siyahısı hazırlandı və təsdiq olunaraq AAK-ın saytında (www.aak.gov.az) yerləşdirildi. Eyni zamanda elm sahəsindəki korrupsiya faktları barədə e-mail vasitəsilə məlumatı çatdırmaq üçün xüsusi səhifə açdı ([email protected]). Aspirant və dissertantların işini asanlaşdırmaq və imtahan sistemini şəffaflaşdırmaq üçün Fəlsəfə və İnformatika imtahanlarını ləğv etdi. 

AAK-ın rəhbərliyinin əsas məqsədi bu sahədə dərin kök salmış korrupsiyanı aradan qaldırmaq idi. Uzun illər elmlər üzrə fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim olunmuş, lakin məlum olmayan (əslində məlum olan) səbəblər üzündən “ilişib qalmış” disserttasiyalar yenidən ixtisaslar üzrə Elmi Şuraların müzakirəsinə çıxarıldı və layiq olanlar gec də olsa həmin adları ala bildilər.

Bütün sadalananlar “diplom biznesinin” bazarına çox ciddi zərbə vurdu. Böyük bir mafiya şəbəkəsi çökdürüldü. Həmin klan heç cür bu yeniliklə barışa bilmir. Axı necə barışsın? Hər şey konveyerləşmişdi. Müdafiə edənin sahəsindən asılı olaraq hər məqalə üçün 300-550 AZN, dissertasiyanı yazmaq üçün 10-30 min AZN, müdafiəyə buraxmaq üçün ixtisasdan asılı olaraq 3-5 min AZN, təsdiq üçün də bəlli məbləğ müəyyən edilirdi. Bəzi müdafiə edənlər elmi şuraya belə gəlmirdilər. Onların yerinə həmin mafiyanın ayırdığı adamlar gəlirdi. Heç zaman elmlə məşğul olmayan, heç normal ali təhsili belə olmayan vəzifə sahibləri vəzifəyə təyin olunan və ya seçilən kimi “Peyğəmbər” yaşından sonra sanki onlara “vəhy” gəlirdi və adamlar alim olmaq istəyirdi. Pulunun miqdarından asılı olaraq müdafiədən 34 gün sonra belə doktorluq işinin təsdiqini alanlar olub…

Millətin gələcəyini şəxsi maraqlarına satan adamlara elm adamı deməyə dilim gəlmir. Sizlər elmi belə gözdən saldınız. Amma hələ də gözünüz doymur. Bəlkə bir az qürur hissiniz qalıbsa, sakitləşəsiniz və möhtərəm Prezidentimizin həyata keçirdiyi islahat siyasətinə dəstək verəsiniz. Məncə bu sizlərin son şansıdır. Bütün mafiyaların sonu olur. Bəlkə sonu gözləməyəsiniz?!.

Siyasi elmlər doktoru, professor      Cümşüd Nuriyev”
Tarix: 10-02-2020, 23:24
Xəbəri paylaş





Xəbər lenti