Azərbaycanda “koronavirus-maska” işbazlarının kefi vurdu..


“AVİS” apteklərində adi steril maskanın ədədi 50 qəpiyə qalxdı...
Görəsən, Səhiyyə Nazirliyi apteklərin maska qiymətlərini dəfələrlə artırmasına hansı "maska"nı geydirəcək...



Qonşu İranda koronavirusun sürətlə yayılması haqdakı məlumatlar Azərbaycandakı bəzi işbazların da kefini duruldub. 

Səhər saatlarında Moderator.az-a tefon açan bir neçə fəal oxucumuz apteklərdə adi tibbi qoruyucu maskaların qiymətinin kəllə-çarxa qalxdığını bildiriblər.

Məsələn, Hökumət Evinin arxasında Üzeyir Hacıbəyov küçəsində yerləşən, sovet dövründən bəri, "ən etibarlı" və “Mərkəzi aptek” kimi tanınan aptekdə əvvəllər 5-10 qəpiyə satılan  maskaların qiymətinin ötən həftədən bəri 3 dəfəyədək( ədədi 30 qəpik,  Bağlaması-15 AZN), “AVİS” apteklərində isə 5 dəfəyədək(ədədi 50 qəpik, bağlaması- 25 AZN) qaldırıldığını söyləyirlər.  

Adları çəkilən apteklərə telefon açaraq tibbi maskaların qiyməti ilə maraqlandıq. Məlum oldu ki, oxucuların söylədikləri doğrudur. Hətta hər iki aptekdə adi steril maskaların  satılıb qurtardığını bildirdilər. Mərkəzi aptekdə isə filtirli maskaların bir ədədinin 2,5 AZN-ə satıldığı bəlli oldu.

Oxucularımız xüsusən immuniteti çox zəif olan şəkər, xərçəng və digər ağır xəstəliklərin daşıyıcıları, eləcə də ahıl vətəndaşlar üçün belə baha qiymətə gündəlik maska əldə etməyin çətin olacağını və bunun üçün hökumətin, o cümlədən Səhiyyə Nazirliyinin məsələyə müdaxiləsinin vacibliyini də vurğulayıblar. 

Məsələni rəsmi səviyyədə araşdırmaq məqsədilə Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratmaq cəhdimiz isə alınmadı.

Mövzunu daha geniş araşdırmağa çalışacağıq...

P.S. Oxucularımızdan biri onu da vurğuladı ki, əslində lüzumu olmayan əxlaqi məsələlərdə bənzəməyə çalışdığımız müasir Qərb ölkələrində epidemiya şəraitində tibbi qoruyucu maskalar pulsuz şəkildə paylanır. Məsələn, o, Fransada ailəlikcə səfərdə olarkən Paris hava limanına daxil olan hər bir qonağa dərhal pulsuz steril maskaların paylanmasının şahidi olub... Bizdə isə namusu, qeyrəti olmayan bəzi iş adamları xalqın sağlamlığı üzərindən  də  vicdansızcasına pul qazanır...

P.P.S. Görəsən, Səhiyyə Nazirliyi apteklərin maska qiymətlərini dəfələrlə artırmasına hansı "maska"nı geydirəcək...

Sultan Laçın

Tarix: 24-02-2020, 12:14
Xəbəri paylaş





Xəbər lenti