Naxçıvan-Türkiyə sərhədinin bağlanmasına Bakıdan reaksiyalar - qardaş narazılığı

 

Azərbaycan ictimaiyyəti Türkiyənin Naxçıvanla sərhəd keçid məntəqəsini heç bir səbəb olmadan bağlamasını xoşagəlməz hal kimi qiymətləndirir...

Dünyanın bir sıra ölkələrində koronavirus yayılsa da, indiyədək Azərbaycanda bu virus aşkar edilməyib. Bu barədə hər gün rəsmi qurumlar da məlumatlar yayırlar və sərhədi keçən hər bir şübhəli şəxs dərhal karantinə alınır. Lakin indiyədək karantinə alınan heç bir şəxsdə də bu virusun əlamətləri aşkar edilməyib. Qonşu İranda və Türkiyədə də koronavirus yayılıb. Lakin bu ölkələrlə sərhəddə yerləşən Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində də koronavirus aşkar edilməyib.
Ölkə ictimaiyyətini təəssüfləndirən hal budur ki, Azərbaycanda koronavirusun aşkarlanmadığı və virusa qarşı bütün tədbirlərin görülməsinə baxmayaraq Türkiyənin Naxçıvan-Dilucu sərhəd məntəqəsi əvvəlcədən hər hansı bir müzakirə aparılmadan və xəbərdarlıq edilmədən bağlanılıb.
“Yeni Müsavat”a daxil olan məlumata görə, Naxçıvan-Dilucu sərhəd məntəqəsinin bağlanması səbəbindən Azərbaycanda olan Türkiyə vətəndaşlarının, eləcə də Türkiyədə olan Azərbaycan vətəndaşlarının sərhəddə keçidinə Türkiyə tərəfindən qadağa qoyulub və hazırda sərhəddə çoxlu sayda maşınlar toplaşıb.
Həmçinin ekspertlər bildirirlər ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana fevralın 25-də gözlənilən səfəri ərəfəsində coğrafi baxımdan həssas bölgədə yerləşən Naxçıvanla sərhəddin bağlanmasına dair qərarın verilməsi təəccüb doğurur.
Azərbaycan ictimaiyyəti Türkiyənin Naxçıvanla sərhəd keçid məntəqəsini heç bir səbəb olmadan bağlamasını xoşagəlməz hal himi qiymətləndirir və Azərbaycan-Türkiyə əlaqələrinin dostluq, qardaşlıq zəminində dərin köklərinin olmasını, eləcə də bütün çətin məqamlarda hər iki dövlətin bir-birini dəstəklədiyini nəzərə alaraq bu qərarın ləğv olunacağını gözləyir.

Naxçıvandan olan hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a söyləyib ki, o, mütəmadi olaraq Naxçıvanla əlaqə saxlayır və vəziyyətin yaxşı olmadığı xəbərlərini alır:
“Naxçıvanda bu virus yayılmayıb. Lakin sərhədlər bağlandığı üçün insanlar əziyyət çəkirlər. Məlumat belədir ki, Türkiyə sərhədi bağlayıb. Ancaq İranla sərhəd hələ ki açıqdır. Məlumdur ki, İranda da koronavirus yayılmağa başlayıb. Belə olan halda naxçıvanlıların vəziyyəti heç də yaxşı deyil. Bunu başa düşmək lazımdır. Əgər qardaş ölkə sərhədi bağlayırsa, bu, Naxçıvanın blokadaya düşməsinə gətirib çıxarır. Ərzaq, geyim və digər şeylər necə aparılacaq? Bütün bunların hamısı hesab edirəm ki, Ermənistanla bağlıdır. İran da başa düşməlidir ki, Ermənistanı blokadadan çıxarmaqla bizi də pis duruma salıb”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Yeni Müsavat”a bildirib ki, burada siyasi məqamlar axtarmaq doğru olmaz:
“Naxçıvanda İranla və Türkiyə ilə gediş-gəlişdə sadələşdirilmiş rejim var. İndiki halda koronavirusun dünyada yayılması fonunda hər bir dövlət karantin tədbirləri görür. Ancaq bunun Türkiyə-Azərbaycan arasındakı siyasi münasibətlərə aidiyyəti yoxdur. Bu, sadəcə olaraq, tibbi əhəmiyyətli məsələdir. Ancaq Naxçıvanın ərzaqla təminatı məsələsi də var. Hesab edirəm ki, hər iki tərəf bunu düşünür. Çünki Naxçıvan faktiki olaraq blokadada olan ərazidir. Ancaq həm də xəstəliyin yayılmaması üçün də ciddi tədbirlər altında təbii ki, ərzaq, geyim və digər ləvazimatlarla naxçıvanlıların təmin edilməsi işləri də görüləcək. Bu, hesab edirəm ki, düşünülür”.

Politoloq Elxan Şahinoğlu durumla bağlı söyləyib ki, Azərbaycan öz vətəndaşlarını xəstəlikdən qorumalıdır:
“Naxçıvanla hazırda İran sərhədi açıqdır. Ola bilər ki, Türkiyədə belə hesab ediblər ki, əgər Naxçıvanın İranla sərhədi açıqdırsa, orada virusun yayılması ehtimal edilə bilər. Ona görə də bu qərarı veriblər. Azərbaycanla Türkiyə strateji müttəfiqdir. Heç bir zaman heç nə onu məcbur edə bilməzdi ki, Naxçıvanla bu sərhədi bağlasınlar. Görünür, hazırkı addım da müvəqqəti xarakter daşıyır. Hazırda Çinlə Rusiya da strateji müttəfiq olduqları halda sərhədi qapadıblar. Ona görə də düşünürəm ki, burada siyasi məqamlardan çox insani məqamlara önəm verilir. Azərbaycan hökuməti bu məqamda Naxçıvanın sosial problemlərinin həlli istiqamətində addımlar atmalıdır. Sərhəd bağlanırsa, təkcə Naxçıvan deyil, cənub zonamızda yaşayan insanların da sosial problemləri çıxacaq. Ona görə də bu istiqamətdə lazımi addımları atmaq lazımdır. Hər halda, düşünülməlidir ki, vətəndaş üçün bağlanırsa, nəqliyyat vasitəsilə ərzağın gediş-gəlişi bərpa edilməlidir ki, problemlər yaranmasın. Düşünürəm ki, Türkiyə bu məsələdə çox həssas olacaq. Ancaq ümumilikdə Türkiyənin bu qərarına siyasi don geyindirilməsinin əleyhinəyəm. Düşünürəm ki, Türkiyə bu məsələdə yalnız öz vətəndaşını xəstəlikdən qorumaq istəyir”.

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirib ki, insanların maşınlarda sərhəddə saxlanması heç də yaxşı hal deyil:
“İnsanların tibbi baxımdan təhlükəsizliyini rəhbər tutaraq qərarlar qəbul etmək lazımdır. Təbii ki, hər bir dövlət epidemiyaya qarşı müvafiq tədbirləri görür və Azərbaycanda da ciddi addımlar atılır. Ancaq gediş-gəlişin də qarşısını almaq üçün gərək ki, ciddi əsaslar olsun. Ancaq indiki məlumatlara görə, Azərbaycanda böyük təşvişə əsas yoxdur. Düzdür, İran bizə qonşu ölkədir və bu dövlətlə uzun sərhədimiz var. Lakin Naxçıvanda da ciddi siqnallar yoxdur. Müvafiq tədbirləri görmək son dərəcə vacibdir. Ancaq siyasi adamların bu məsələyə qızışdırıcı çalar qatmaları da doğru deyil. Məsələn, Mixayıl Saakaşvili çox böyük təşviş yayır və bildirir ki, İranla sərhədləri bağlamaq lazımdır. Türkiyə və Ermənistan artıq bu dövlətlə sərhədləri bağlayıb. Azərbaycanın da öz yanaşması var və düşünürəm ki, bizim müvafiq qurumlar vəziyyəti doğru şəkildə qiymətləndirirlər. İnsanları sərhəddə maşının içərisində dustağa çevirmək də arzuedilən hal deyil. Bu, vəziyyəti gərginləşdirir. Əgər insanlar bir yerdə saxlanılırsa, onların problemləri, tələbat məsələləri gündəmə gəlir. Təbii ki, bu məsələni həll etmək lazımdır. Düşünürəm ki, məsələ ilə bağlı lazımi addımlar atılacaq”.
Tarix: 25-02-2020, 09:30
Xəbəri paylaş





Xəbər lenti