Ağ rəngə vurğun Məzahir Pənahov komissiya üzvlərinə Qoqolu oxutdurub – AXI NİYƏ?!


Ağ rəngə vurğun Məzahir Pənahov komissiya üzvlərinə Qoqolu oxutdurub –           AXI NİYƏ?!

Məzahir müəllim ağ rəngi çox sevir, özü də o qədər sevir ki, əksər hallarda lap “ağ edir”

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

Ağ rəngi sevən insanlar, psixoloqların fikrincə, o insanlardır ki, onlar daim ətraflarında hərəkətliliyi, nəyinsə baş verməsini, dinakimliyi sevirlər. Və təbii ki, onlar bu dinamikliyin mərkəzində özlərinin olmasını əsas hesab edirlər. Amma ağ rəngə olan meylin çoxluğu bu rəngin neqativ xüsusiyyətlərinin üzə çıxmasına rəvac verir.

 

İnternernetdə qarşıma çıxan bir psixoloqun məqaləsini oxuyarkən, nədənsə yadıma MSK sədri Məzahir Pənahov düşdü. Öz-özümə dedim ki, Məzahir müəllimin ağ rəngə nə dəxli var? Axı niyə bu məqalə məndə belə assosasiya yaratdı? Bir müddətdən sonra ehtimal olunan cavab sanki öz-özünə gəldi: Məzahir müəllim ağ rəngi çox sevir, yəqin, özü də o qədər sevir ki, öz fəaliyyəti boyu əksər hallarda lap “ağ edir”. Ağ köynək, ağ vərəqlər, MSK-nın ağ rəngin üstünlük təşkil etdiyi binası – təəssüf ki, bunlar MSK sədrinin günədlik həyatındakı heç də bütün ağlar deyil...

Ötən parlamentdəki deputatlarımız öz fəaliyyətsiliklərini etiraf edəndən sonra keçirilən növbədənkənar seçkilər qərarı verilərkən, yəqin ki, ən böyük “ağlardan” biri, illərlə dəyişməyən DSK və MnSK üzvlərinin yenilənməməsi idi. Məzahir müəllim bunu ya bilərəkdən ya da bilməyərəkdən etmədi. Və islahatlar küləyi bütün ölkəni bürüsə də, istirahət günü işə çıxarılmalarından narazı müəllim, mühasib, həkim və s. büdcə təşkilatlarından ibarət olan, sədrin göstərişi ilə oturub-durmğa öyrənən bu yuxulu komissiya üzvləri yenə də ənənəvi qaydalarla seçkini yola verdilər.

 

Yəqin ki, Məzahir müəllim, ideyası Puşkin tərəfindən Qoqola verilən “Ölü canlar”ı oxyub. Ziyalıdır, hər halda oxumuş olar. Mənə elə gəlir ki, təkcə özü yox, elə DSK və MnSK sədrlərinə də oxutdurub. Oxutdurub ki, əsərin qəhrəmanı Pavel Çiçikovun ölmüş kəndlilərin sənədlərini necə əldə etmək istədiyini bilsinlər. O sənədlər Çiçikova ali məqsədinə çatmaq - varlanmaq üçün lazım idi. Elə Mübariz müəllimə də ölü canlar özünün ali məqsədinə çatması - seçkidə qutudan lazımi namizədin çıxması üçün lazım idi.

 

Amma 19-cu əsrin ortalarında işlənmiş bu ideyanı 21-ci əsrdə reallaşdırmağa nail olan MSK sədri bir faktoru nəzər almadı – mobil telefonlar və sosial şəbəkələr. Və nəticədə sosial şəbəkələrdə seçkilər zamanı çoxsaylı “ağ eləmələr”in sübutları yayılmağa başladı. Namizədin vəkilini, özünü, müşahidəçisini döymək, jurnalisti məntəqəyə buraxmamaq, polislə qorxutmaq, topa bülleten atmaq – bunlar 2020 seçkilərinin ənənəvi görüntülərindən idi. Amma bir fakt doğurdan da lap ağ idi və Məzahir müəllimin lətifə həvəskarı olmasını da sübut edirdi. Kişinin yumor hissi var da. Söhbət Qazaxda keçirilən seçkilərdən gedir.

 

Təsəvvür edin ki, insanın qardaşı arvadı ölüb, ona qəbir daşı da qoyulub, amma onun adına yenə seçki bildirişi gəlir və ötən seçkilərin hesabatına baxsaq, məlum olar ki, rəhmətlik dəfələrlə səs verib. Yazıq adam nə qədər “Ölüf! Aya, vallah, ölüf, qavrı da var” desə də, MnSK nümayəndəsi “o sizin üçün ölüf, bizim üçün sağdır”, - cavabını verir. Mən o rəhmətliyi tanımırdım, amma bilirəm ki, keçmiş SSRİ məkanında yalnız bir nəfər heç vaxt ölmürdü və bütün sağlardan da sağ idi –Vladimir İliç Lenin.

 

MnSK-da olan bu söhbət gəlir çıxır MSK-ya. Bilmirəm, Məzahir müəllimin pioner və komsomol vaxtı geyindiyi ağ köynək, ya da Leninin əksi olan döş nişanı və ya vəsiqə yadına düşürmü nədir, amma nəticədə qardaşı arvadı ölənə yox, komissya üzvünə inanır. MSK üzvü Bəxşeyiş Əsgərov videoda qadının öldüyü ifadəsinin məcazi mənada səsləndirildiyini deyib. O, qeyd edib ki, “biz bir neçə mənbədən həmin qadının həyatda olduğunu dəqiqləşdirmişik”. Yenə də Məzahir müəllimin sevdiyi rəng işə düşür – AĞ. Və bu metodla üzə çıxan ağ, yəqin ki, ötən seçkilərdə yeganə hal deyil. Axtarsan, rəhmətliklərin səs verməsi faktını bütün məntəqələrdə tapmaq olar.

Seçki sisteminin daim inkişaf etdirilməsində maraqlı olan Məzahir müəllim yəqin ki, bu məsələdə də dünya, xüsusən də MDB təcrübəsinə müraciət edir. Məsələn, 2018-ci ildə Rusiyada keçirilən seçkilərdə “ölü canlar” metodundan geninə-boluna istifadə edilib. Balaşixa şəhərinin Jeleznodorjnaya mikrorayonunun 954 saylı mənətəqsində “Sobesednik” dərgisinin əməkdaşı seçicinin dilindən belə bir faktı qeyd edir: “Həyat yoldaşım Rostislav İqnatieviç ötən ilin sentyabr ayında vəfat etdi, ildönümü yaxınlaşacaq. Nədənsə, adı yenə siyahıdadır, mart ayında prezident seçkilərində ölüm şəhadətnaməsinin surətini gətirmişəm. Ancaq bunu kənara qoymurlar ...”.

 

Elə Belarusda da Məzahir müəllimin Qoqol həvəskarları olan həmfikirləri var. Ölkənin “Qovorim” saytının 2015-ci il seçiklərindən reportajından: “8 saylı Orşanski seçki məntəqəsində, hətta ölülər də səsvermə üçün “qeydə alınıb”.

 

Belarusdakı seçkilərdə aktiv şəkildə "səs verən" "ölü canların" hekayəsi uydurma deyil. Bunu 2015-ci ilin oktyabrında keçirilən qeyri-şəffaf seçkilər bir daha sübut etdi. Belarusun bəzi şəhərlərində 90-cı illərdə ölən insanların adları "təzə və təsdiqlənmiş" seçici siyahılarında idi. Və Orşa şəhərində, sentyabr ayında ölmüş bir adam "qeydiyyatdan keçdi".

 

Məzahir müəllim öz işini dünya təcrübəsinə uyğun qurur. Və hesab edir ki, əgər seçkilər zamanı qanun pozuntuları dünya demokratiyasının beşiyi sayılan ABŞ-da varsa, bizdə niyə olmasın? Qəribədir ki, adam haqsız deyil...

 

“Ağ Ev keçirilmiş prezident seçkilərində çox sayda saxtakarlığa dair dəlillər tapdı”. Bunu Donald Trampın siyasi məsələlər üzrə müşaviri Stiven Miller söyləyib. Onun sözlərinə görə, seçicilər arasında ABŞ vətəndaşı olmayan, dünyasını dəyişmiş və buna görə də prezident seçkilərində iştirak edə bilməyən "ölü insanlar" da var. Ancaq onların “səs verməsinə” icazə verildi.

 

Rusiya, Belarus, hətta ABŞ-da belə, seçki “ağ eləmələri” olduğu halda, bizim cəmiyyət niyə ağ rəng və Qoqolun yaradıcılığının həvəskarı olan Məzahir Pənahovu tənqid edir? Axı niyə?! Anlamıram ki...

P.S. Çiçikov istənilən yolla zəngin olmağa, yüksək sosial status qazanmağa çalışır. Əvvəllər gömrükdə xidmət edirdi, rüşvət qarşılığında qaçaqmalçıların sərhəddən mallarını sərbəst daşınmasına icazə verirdi. Ancaq bir yoldaşla mübahisə etdi, yoldaşı ondan donos yazdı və fırıldaq aşkarlandı. İkisini də istintaqa çəkdilər. Tərəfdaş həbsxanaya getdi. Çiçikov isə ağlının bütün hiylələrindən, bütün keçmiş əlaqələrindən istifadə edərək və düzgün insanlara rüşvət verməklə işi elə bir şəkildə idarə etdi ki, yoldaşı kimi rüsvayçılıqla işdən çıxarılsa belə, məhkəmədən yayındı və hətta gizlənə bildi. Əyri yolla qazandığı pulun bir hissəsini də qorumağı bacardı...

Tarix: 26-02-2020, 18:00
Xəbəri paylaş





Xəbər lenti