Erməni nazirin Cenevrə cığallığı və savaşı tətikləyən siyasət

 

İşğalçı ölkənin XİN başçısı Azərbaycandan BMT-yə şikayət etdi və separatçıların “seçki”lərindən danışdı; İrəvanın hay-küyçü siyasətinə beynəlxalq birliyin sərt təpki verməməsi gərginliyi artırıb; politoloq: “Bundan sonra Paşinyanın kompromisə getməsi real görünmür...”

Ermənistan özünün işğalçı siyasətindən nəinki əl çəkmək istəmir, üstəlik, işğala haqq qazandırmaq üçün ən absurd iddialarla çıxış edir. Cəmi bir ay əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Cenevrədə Qarabağ danışıqları aparan Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan eyni məkanda müxtəlif iddialarla çıxış edib.

“Yeni Müsavat” erməni mediasına istinadən xəbər verir ki, BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının toplantısında iştirak edən erməni nazir növbəti dəfə həyasızcasına Azərbaycan torpaqlarına iddiasını ortaya qoyub. Zohrab Mnatsakanyan Dağlıq Qarabağ ermənilərinin “öz müqəddəratını təyinetmə hüququna malik olduğunu” iddia etməklə yanaşı, separatçıların 31 martda “demokratik yolla öz prezident və deputatlarını seçəcəklərini” də həyasızlıqla bəyan edib. Təsəvvür edin, qonşu ölkənin rəsmisi bu hədyanları o tribunadan deyir ki, həmin təşkilatın qəbul etdiyi 4 qətnamə Ermənistan qarşısında işğala son qoymağı tələb edir. Üstəlik, bu çıxış BMT-nin İnsan Hüquqları Şurasının sessiyasındandır. Ermənistanın işğalı nəticəsində 1 milyondan artıq azərbaycanlı məcburi köçkün və qaçqının hüquqları pozulub. Bütün bunlara görə ayıbına kor olmalı olan Ermənistan XİN başçısı utanmazcasına BMT tribunasından Dağlıq Qarabağ separatçılarının “prezident və deputat seçəcəyini” deyir. Hansı ki, 1992-ci ilin 2 martında Azərbaycan Respublikası Dağlıq Qarabağ və ətrafındakı ərazilər daxil olmaqla BMT-yə rəsmən üzv olub, beynəlxalq birlik ölkəmizin ərazi bütövlüyünü tanıyıb. Bu günə qədər Ermənistanın özü daxil olmaqla Dağlıq Qarabağı ayrıca subyekt kimi tanımayıb.

Lakin erməni nazir belə sərsəm fikirləri səsləndirməkdən utanmır. Özü də bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımının 28-ci ildönümündə Ermənistan rəsmisi bu hədyanları dilə gətirir. Bundan əlavə, o, Azərbaycanın öz ərazilərini hərbi yolla azad etmək niyyətində olmasından şikayətlənib. Erməni rəsmilər özləri barədə kütbeyin, hüquqdan anlayışı olmayan insan təsəvvürü yaratmaq istəyirlər. Lakin təəssüf ki, onlara qulaq asan beynəlxalq təşkilatın təmsilçiləri on illərdir davam edən danışıqların nəticəsiz qalmasının qarşılığında Azərbaycanın hərbdən başqa alternativinin olmadığını onlara başa salmır.  

Yeri gəlmişkən, bu yaxınlarda Azərbaycan prezidenti İlham Əliyev Münhendə, Paşinyanla debatında da “ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər”, demişdi.

Növbədənkənar parlament seçkilərindən sonra Azərbaycanın torpaqları azad etməkdən ötrü hərbi əməliyyatlara başlayacağından ehtiyatlanan Ermənistan rəsmiləri indi də hay-küy salmağa başlayıblar. Zohrab Mnatsakanyan çıxışında 2016-cı ilin aprel döyüşlərini xatırladıb. Ancaq Ermənistanın təxribatçı hücumu nəticəsində bir neçə gün əvvəl Azərbaycan ordusunun itki verməsindən danışmayıb. Azərbaycan ordusu Münhen danışıqlarının keçirildiyi gün də itki vermişdi. Lakin həmsədrlər hələ ki, prosesə müdaxilə etməyə, Ermənistanı başa salmağa tələsmir. Belə olan halda Bakı özü düşməni başa salmalı olacaq, buna şübhə yoxdur. Cenevrədə işçi səfərdə olan Azərbaycanın xarici işlər nazirinin müavini Ramiz Həsənov yəqin ki, erməni nazirin cavabını verəcək. Ancaq proseslər və İrəvanın siyasəti cavabın döyüş meydanında verilməsini diktə edir. Azərbaycanın İtaliyadan döyüş təyyarələrinin alışı ilə bağlı razılaşma əldə etməsinin ardınca NATO-nun ikinci böyük dövləti Türkiyə ilə hərbi əməkdaşlıq istiqamətində anlaşmanın əldə olunması işğalçı Ermənistanı narahat etməkdədir.

Ancaq işğalçı torpaqların azad edilməsi variantını birmənalı şəkildə rədd etməkdədir, eyni zamanda, prosesin sülh yolu ilə həllinə “sadiqliyi” barədə saxta bəyanatlar verir. Paralel olaraq Ermənistanda klanlararası savaşın mövcudluğu, Qarabağ separatçıları ilə İrəvan arasında gərginliyin artması düşmən ölkənin heç də xeyrinə deyil. Hazırda Nikol Paşinyanın vəziyyətinin ölkə daxilində də gərgin olduğunu demək üçün kifayət qədər əsaslar var.  

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a dedi ki, Ermənistan konkret olaraq Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə əldə edilən bütün danışıqlar mərhələsini pozmaqla məşğuldur: “Baş nazir Nikol Paşinyanın tutduğu siyasət hazırda sələflərinin ritorikasıdır və birbaşa Qərbin ondan gözlədiyi mövqeyin əksinə gedir. Bu siyasət ötən ay Cenevrədə konfedensiallığı saxlanılsa da, Yenilənmiş Madrid Prinsipləri üzrə aparılan danışıqların üstündən xətt çəkir. Təəssüf ki, Paşinyanın son bəyanatlarına həmsədrlər tərəfindən bir mövqe bildirilmir. Hesab edirəm ki, Paşinynanın Münhen Təhlükəsizlik Konfransından sonra işğal olunmuş ərazilərdə Ermənistanın və qondarma rejimin təhlükəsizlik şurasının iclasını keçirməsi və verdiyi bəyanatlar bütövlükdə danışıqların bu şəkildə aparılmasının üstündən xətt çəkdi. Paşinyan çalışır ki, hazırkı ritorika ilə Qarabağ klanına məxsus separatçı rejimi arxayın salsın və burada seçkidən sonra müəyyən kardinal addımlara getsin. Ermənistanda konstitusiya referendumu və ”dqr" seçkilərdə Paşinyan qələbə çalarsa, bütövlükdə hakimiyyətini qismən qoruya biləcək".

Politoloq deyir ki, bundan sonra onun Qarabağ münaqişəsinin nizamlanmasında kompromisə getməsi real görünmür: “Düzdür, rəsmi Bakı və həmsədrlər də növbəti ayı gözləyir. Amma burada müəyyən daxili və xarici faktor xüsusilə Rusiyanın mövqeyi həlledici olacaq. Paşinyanın seçkidən sonra humanitar məsələlərdə razılaşmaya gedə bilər. Amma ərazilərin qaytarılması üzrə Yenilənmiş Madrid Prinsiplərinin reallaşmasına getməyəcək. Əgər o, Xankəndində öz adamını rəhbərliyə gətirə bilməsə, Qarabağ klanı burada güclənəcək və Paşinyana qarşı çevriliş planı reallaşa bilər. Paşinyan buradakı seçkiyə öz siyasi taleyi kimi baxır. Çünki buradan Ermənistanda hakimiyyət ələ keçirilib və idarə edilib. Hazırda təhlükə qalmaqdadır. Separatçılarla Paşinyan arasında çox gərgin bir konfrontasiyanın şahidi ola bilərik. Hətta Paşinyan onları cəbhədə təxribat etməklə cəzalandıra bilər. Bundan əlavə, Qarabağ klanın iki məşhur ismindən biri həbsdə, o biridə həbs yolundadır. Köçəryan və Sərkisyan tandeminin siyasi səhnədən çıxarılması davam edəcək və Paşinyan bu eranı bitirmək istəyir. Çünki Ermənistanın hazırkı bəlalarını onlarda görür. Məhz hər iki şəxsə görə Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasında addım atmaqdan çəkinir. Əgər bunlar tam sıradan çıxarsa, Rusiyaya qarşı Ermənistanda mənfi siyasət növbəti mərhələyə keçəcək və Ermənistanda ikinci inqilab ediləcək. Bu da Paşinynanın tam Qarabağ klanından canını qurtarması olar. Proseslərin Qarabağ münaqişəsinin həllinə töhfə verəcəyinə gəldikdə isə, gərək Paşinyan Moskvadan tam qopa və öz xalqını sülhə hazırlaya”.

Bu mərhələdə qardaş Türkiyənin Azərbaycanın yanında olması, işğalçı Ermənistanın isə Rusiyadan uzaqlaşması torpaqları azad etmək şansımızı artırır. Qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının Bakıda keçirilmiş VIII iclasının yekununda iki ölkə arasında müdafiə və təhlükəsizlik sektorunda əməkdaşlığa dair bir neçə sənəd imzalanıb. Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyənin Milli müdafiə naziri Hulusi Akar “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi-maliyyə əməkdaşlığı haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında maliyyə yardımının tətbiqi haqqında Protokol”u imzalayıblar. “Təkcə keçən il 13 birgə hərbi təlim keçirilmişdir. Bu il isə hərbi təlimlərin sayı daha da çox olacaq. Azərbaycan Türkiyədən müasir silahların alınmasını davam etdirəcək və bu gün biz birgə istehsalın təşkili haqqında da danışmışıq”, - deyə Azərbaycan prezidenti bəyan edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, keçən il qardaşım Əliyev “Dağlıq Qarabağ Azərbaycandır və nida” deyərək fikrini açıq şəkildə ifadə etmişdir. “Türkiyə olaraq bu ifadənin altına biz də imzamızı qoyaraq buradan təkrar etmək istəyirəm”.

Ərdoğan deyib ki, Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll edilməsi ən böyük arzumuzdur: “Azərbaycana bu haqlı mübarizəsində verdiyimiz dəstəyi bundan sonra da davam etdirəcəyik”.

Bu bəyanatlar həm işğalçı Ermənistana, həm də məsələnin hərb müstəvisinə keçməməsi üçün bütün vasitələrdən istifadə etməklə əslində Ermənistan üçün unikal şərait yaradan qüvvələrə yönəlib. Əks təqdirdə hərb qaçılmaz olacaq.

Bu arada ATƏT-in fəaliyyətdə olan sədri Edi Rama Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib. Ancaq tənzimlənmə prosesində Rusiyanın hansı üstün mövqe sərgilədiyi bizə aydın deyil. Rusiyanın bir işarəsi yetərlidir ki, Ermənistan ordusu rədd olub Qarabağdan getsin. Lakin Moskva hətta Rusiya vətəndaşı olan Kəlbəcər girovunu belə, 5 ildən artıqdır azad etdirə bilmir, yaxud buna maraq göstərmir.

Bu arada koronovirus səbəbindən İranla sərhədlərini qapatmaq məcburiyyətində qalan Ermənistan baş naziri Nikol Paşinyan daha bir çətin durumla üz-üzə qalıb. Paşinyan sosial şəbəkə vasitəsilə əhaliyə müraciət edib və hökumətin İranla sərhəddəki Meğri sərhəd-keçid məntəqəsini bağlayacağını açıqlayıb. O deyib ki, İranla hava əlaqəsi də kəsiləcək. İşğalçı yeganə “nəfəsliyindən” də məhrum olmaq üzrədir. Nə qədər tez işğala son versə, özünü xilas edə bilər. Ancaq buna gedəcəkmi?..

Elşad PAŞASOY

Tarix: 27-02-2020, 09:37
Xəbəri paylaş





Xəbər lenti