Biabır olacağıq

 

“Sümükdən tikilib bu qala, ətlə-qanla malalanıb-suvanıb; qocalıq və ölüm, yalan və ikiüzlülük gizlənib bu qalada”.

(Budda, “Dhammapada”)

Gərək hökumət qəti olaraq mövqeyini ortaya qoysun ki, o, sosial şəbəkələrə inanır, ya yox. Çünki zəhmətkeşlərdə tərəddüd yaradan açıqlamalar verirlər. Gah seçki idarəsinin müdiri sosial şəbəkədə yayılan hər şeyi böyük diqqətlə araşdırdıqlarını deyir, gah da tibbi idarələrin müdirləri xalqı internetdə, feysbukda, yutubda-zadda paylaşılan şayiələrə uymamağa səsləyir. Belə çıxır sərf edəndə internet hökumətimiz üçün həqiqətin axırıncı instansiyası olur, sərf etməyəndə yalan qaynağı.

Ancaq insafən deyək ki, hazırda bütün dünyada axmaq durum yaranıbdır. Elnən gələn dərd-bəla toy-bayram olurdu adətən, niyə xalqımız təşviş keçirir, anlaşılmır. Odur, kimin ağlına gələrdi ki, hər tərəfi muzey, mədəniyyət, tarix fışqıran İtaliyada camaat panika içində dükana cumub makaronları evinə daşıyacaqdır? Tutalım bizə və iranlılara şeyxlərimiz düzgün yol göstərmir, onların ki, papaları vardır. Hardansa o gic və əski mahnımız yadıma düşdü: “Gəz, dolan kafe, restoran papanın gül balası”. İnsan yaddaşı qəribə şeydir. Bu saat min cür əlləşsəm Dantenin poemasından bir misra xatırlaya bilmərəm. Bircə o yadıma gəlir ki, Dante cəhənnəmi dairələr, mərtəbələr şəklində çəkmişdi. Çağdaş dünyamızda da cəhənnəm dairələri vardır. Hərə öz dairəsində yanır.

Qloballaşmanın xeyri olduğu kimi, fəsadları da vardır. Məcbursan hər asqıran millətlə yol getməyəsən. Ancaq kim deyir həmişə belə olmayıbdır? 14-cü əsrdə “Qara ölüm” adı verilən taun epidemiyası Avropada 25 milyon adamı qırmışdı və bunun kökləri Çinə, Xəzərin şimalına, Asiyaya gedib çıxırdı. Qobi səhrasında (bu da Çinə düşür) yaşayan gəmiricilər taunun təbii mənbəyi imiş. O xəstəlikdən Konstantinopolun (indiki İstanbulun) 90 faiz əhalisi qırılmışdı. Hər gün bizanslılar minlərlə itki verirdi. 20-ci əsrdə 2 dünya savaşının ən çox insan ölümünə səbəb olduğunu zənn edirik, ancaq belə deyil. Keçən əsrdə, ümumiyyətlə bəşər tarixində ən qorxunc faciə “ispan qripi” pandemiyası sayılır. 1918-1919-cu illəri əhatə edən bu qripə Yer əhalisinin 5 faizə qədəri - 550 milyon nəfər yoluxmuşdu. 100 milyon nəfərə yaxın insan ölmüşdü. Ancaq ispan qripini indi kim yada salır? Bəşəriyyətin belə şeylərdə yaddaşı çox zəifdir.

Türkiyədə xüsusən kiçik bizneslə məşğul olan adamlar arasında belə ifadə vardı: “Çindən İstanbula 1 gəmi gələndə 25 fabrik bağlanır”. Bununla Çin mallarının yerli bazara mənfi təsirini göstərmək istəyirlər. (İndi gəmi gəlmədən hər yer bağlanır). Doğrudan da dünyanın 2-ci iqtisadiyyatı olan Çinin dünya iqtisadiyyatına təsiri qaçılmazdır. Bu saat bütün birjalar koronavirus titrəməsini canlarında hiss edirlər. Hələ bu xəmir çox su apara bilər, iqtisadi zərərlər tibbi zərərlərdən çox çıxar. Qorxulusu əslində budur. “Niyə İranla sərhədi bağlamır bu hökumət” deyən “obıvatel”ə, əlbəttə, Azərbaycanın sərhədi bağlayıb, türkün məsəli, öz içində oturmasının yaradacağı çətinliklər hələ aydın deyil.

Dünya qloballaşıb və sərhəd bağlamaq problemin əlacı deyil. Sərhədi bağlayan uduzacağını da göz önünə gətirməlidir - Şimali Koreya kimi. Onlarda sərhəd bağlıdır, ancaq acından ölürlər. Müvəqqəti tədbirlər də bir işə yaramır, yuxarıda yazdığım kimi, biz bəlanı Çindən gözlərkən vurub böyrümüzdən, İrandan çıxdı. Hələ İtaliyanı demirəm. Dünyanın neçə ölkəsinə İtaliyaya getmiş və vətənə qayıtmış turistlər xəstəlik aparıblar. 

Belə məqamlarda əsas məsələ panikaya uymamaqdır. Uzağı biabır olarıq - saqqallı lətifədə deyilən kimi. Sovet vaxtı bir şəhərdə mülki müdafiənin vəziyyətini yoxlamaq üçün komissiya göndərilir. Gəlib zirzəmilərə, bomba sığınacaqlarına, əleyhqazlara-filana baxırlar, komissiya sədri şəhərin başçısından soruşur: “Əhali neçə nəfərdir?”. Başçı deyir 20 min. Soruşur bəs sizdə əleyhqaz cəmi 30 dənədir, əgər amerikalılar nüvə bombası atsalar nə edəcəksiniz. Başçı başını qaşıyıb azca fikirləşir, deyir: “Əşşi, heç zad, biabır olacağıq”.

Tarix: 28-02-2020, 08:50
Xəbəri paylaş





Xəbər lenti