Dünyada və Azərbaycanda koronavirusla bağlı son durum

 

Operativ qərargahın açıqlamasına görə ölkədə koronavirus xəstələri tam nəzarət altında saxlanılır...

Çindən dünyaya yayılan koronavirus təhlükəsi davam edir. Lakin eyni zamanda bir çox ölkələrdə bu virusdan müalicə alan xəstələr sağalıblar. Son məlumatlara görə  Çində yeni növ koronavirus pnevmoniyasının qurbanlarının sayı sutka ərzində 42 nəfər artaraq ümumilikdə 2912 nəfərə çatıb.

Bu barədə ÇXR-in Dövlət Səhiyyə Komitəsi açıqlama yayıb. Məlumata görə, virusa yoluxanlardan 44,4 mindən çoxu sağalaraq xəstəxanaları tərk edib. Çində ümumilikdə 80 mindən çox insan bu virusun daşıyıcısıdır.

Azərbaycanda isə rəsmi məlumatlara görə bu virusa yoluxanların sayı 3 nəfərdir. Onlarda bu virusa yoluxma ilə bağlı əlamətlər İrandan Azərbaycana keçdikləri zaman aparılan müayinə əsasında müəyyən edilib. Nazirlər Kabineti yanında yanında operativ qərargahdan bildirilib ki, həmin şəxslərin vəziyyəti ağır deyil.

Qərargahdan “Yeni Müsavat”a bildirilib ki, koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.

COVİD-19) infeksiyasının Azərbaycan ile ilgili görsel sonucu

“Ölkədə koronavirusa yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar müvafiq xəstəxanalar ayrılıb və karantin zonaları yaradılıb. İran İslam Respublikası ilə sərhəddə profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə səyyar çadırlar qurulub. Əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fevralın 29-da saat 16:00-dan etibarən İranla sərhədin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması barədə qərar qəbul olunub. Koronavirusun aşkar olunduğu ölkələrdən gələn şəxslərin müayinəsi ilə bağlı zəruri tədbirlər həyata keçirilir. İxtisaslaşmış xəstəxanalar və laboratoriyalar xəstəliyin müayinəsi və müalicəsi üçün müvafiq avadanlıqlarla və dərman preparatları ilə təmin edilir. Peşəkar həkimlər bölgələrdə bu məqsədlə ayrılmış xəstəxanalara ezam olunublar.

İnfeksiyaya yoluxmuş şəxslərin müalicəsi, onların mümkün kontaktlarının müəyyənləşdirilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

Koronavirusun yayılmasının qarşısının alınması və müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Dünya Səhiyyə Təşkilatı (DST) ilə birgə intensiv iş aparılır, verilən bütün tövsiyələrin yerinə yetirilməsi üçün ciddi səylər göstərilir.

Nazirlər Kabineti Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün ile ilgili görsel sonucu

Bundan başqa, Çin, Almaniya və digər ölkələrlə aparılan danışıqlar nəticəsində lazımi avadanlıqların, preparatlarının, mütəxəssislərin Azərbaycana gətirilməsi üçün müvafiq razılaşma əldə olunub”.

Nazirlər Kabineti Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə qərar verib. Bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamla dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait ayrılıb.

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin ile ilgili görsel sonucu

Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsi ilə ayrılan vəsaitin müvafiq qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Koronavirus (Covid-19) xəstəliyinin yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativliyini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyində (BNA) qərargah yaradılıb.

BNA-dan  verilən məlumata görə, bununla yanaşı, Agentliyin (012) 404-79-95 nömrəli "Qaynar xətt"i fəaliyyətə başlayıb:

 “Eyni zamanda, bildiririk ki, ictimai nəqliyyatda kəskin respirator xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər davam edir. Bu çərçivədə, paytaxtın inzibati ərazisində müntəzəm sərnişindaşıma xətlərində fəaliyyət göstərən avtobuslar dezinfeksiya edilir. Son bir neçə gündə 1500-ə yaxın avtobusda dezinfeksiya işləri aparılıb. Dezinfeksiya tədbirlərinin davamlı olaraq aparılması ilə bağlı daşıyıcılarla görüş keçirilib və müvafiq taşırıqlar verilib.

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin ile ilgili görsel sonucu

 Həmçinin, qeyd edək ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya tədbirlərinin sayı artırılıb”.

Onu da bildirək ki, operativ qərargah koronavirus təhlükəsi ilə bağlı mətbuatda yayılan məsələlərə də dərhal reaksiya veriləcəyini açıqlayıb.

Martın 1-də sosial şəbəkələrdə yayılmış və xüsusi geyimdə olan həkimlərin metronun "İçərişəhər" stansiyası yaxınlığında görünməsini əks etdirən videomaterialla bağlı bildirilib ki, həmin kadrlar vətəndaşlar tərəfindən verilmiş məlumat əsasında xəstəlik şübhəsi olan şəxsin nəzarət altına alınması zamanı çəkilib:

"Koronavirus şübhəsi ilə müşahidə altına alınan və ya xəstəlik şübhəsi ilə Təcili Tibbi Yardıma müraciət edən istənilən şəxs olduğu yerdən məhz bu xüsusi geyimlərdə olan həkimlər tərəfindən xəstəxanaya aparılır. Bu görüntülər şəhərdə yeni koronavirus xəstəsinin aşkar olunduğu demək deyil, profilaktik tədbirlərin tərkib hissəsidir.

Ölkədə yeni koronavirus xəstəliyinə yoluxma faktı qeydə alınarsa, ictimaiyyət bu barədə məlumatlandırılacaq. Bir daha vətəndaşlardan süni ajiotaj yaratmamağı və rəsmi mənbələrdən paylaşılan məlumatları izləməyi xahiş edirik".

Əli Rais

Tarix: 2-03-2020, 22:37
Xəbəri paylaş





Xəbər lenti