Amansız virus, iqtisadi kütbeyinlik, süni qıtlıq...

 


Əgər indiyədək Azərbaycanda tibbi maskalar istehsal edən fabrik qurulmuş olsaydı, bu gün o firma (şirkət) mütləq çox rentabelli, hesabında milyonlar dövr edən uğurlu müəssisə olardı.

Çox təəssüf ki, bizimkilərin iqtisadi zəkası bir neçə il sonranın trendlərini dərk etməyə çatmır. Halbuki bu barədə daha öncədən yazan iqtisadçılarımız vardı. Onlar ölkədə pampers istehsalına başlamaqdan tutmuş ta gələcəkdə yarana biləcək müxtəlif infeksiyalardan qorunmaq üçün ucuz və asan başa gələcək qoruyucu vasitələrə qədər müxtəlif tibbi ləvazimatların istehsalını tövsiyə edirdilər.

Pullularımız, iş adamlarımız isə ən azı bu profildən olan istehsal müəssisələri yaratmaq əvəzinə bir ucdan xidmət və iaşə obyektləri, şadlıq sarayları (sonradan xeyisi mərasim zalına çevrildi) inşa edirdilər. Ona görə də hazırda paytaxt və digər iri şəhərlərimiz otel və restoranlarla, səfalı rayonlarımız isə “istirahət guşə”ləri ilə dolub-daşır. Ölkəmizdə bu sahədə xeyli ifrata varılıb, amma bu, başqa söhbətdir.

Bu gün söhbət mövzusu odur ki, dünyanı sarmış virus pandemiyası müxtəlif ölkələrdə canlar ala-ala gedir. Daha dəqiqi, həmin virus artıq ölkəmizə gəlir və ondan qorunmaq üçün müxtəlif vasitələr qəhətə çəkilib. Məsələn, spirt, dezinfeksiya spreyləri tapılmır. Tibbi maskalar öz qiymətindən 50 qat baha satılır, yenə də qıtdır, yoxdur.

Şəhərin istənilən gəliş-gedişli küçəsinə çıxırsan, 10 dəqiqənin içində yüzlərlə insan görürsən, tam əksəriyyəti maskasız, əlcəksizdir. Hər yüz adamdan 2-3-də maska ola, ya olmaya.

Ölkədə tüğyan edən virus xofu, ucuz ölüm qorxusu qarşısında insanların bu qədər arxayın davranmaları, məsuliyyətslik sərgiləmələri heç də təbii deyil. Əksinə olmalıydı, onlar kütləvi vahiməyə qapıldıqları üçün kütləvi şəkildə də maskalı olmalıydılar. Hər yerdə gedən danışıqlardan, açıqlamalardan, müzakirələrdən bəlli olur ki, bu adamların hamısının əsas niyyəti məhz özünü qorumaqdır. Sadəcə, adamlar tibbi maska tapa bilmirlər.

Nəyə görə? Artıq ölkəyə maska gətirilmirmi? Depolarda maska yoxdurmu?

Belə anlaşılır ki, ölkədə süni qıtlıq yaradılıb. Əslində pul qazanmaq istəyən işbaz adamlar hələ 2-3 həftə öncədən ölkənin bütün əhalisinə bəs edəcək qədər tibbi maska gətirməliydilər və güman ki, gətiriblər (gətirməyiblərsə, demək, biznesdən bildikləri bir şey yoxdur).

Yaxşı, ölkəyə bu qədər tibbi maska gətirilibsə, nədən apteklərdə müvafiq məmulat yoxdur?

Bunun sadə bi izahı ola bilər: möhtəkirlik, süni qıtlıq yaradılması.

Hər bir möhtəkirliyin isə yalnız bir məqsədi var: az zəhmətlə, aşağı maya dəyəri ilə çox pul qazanmaq.

Belə şeylər sovet dövründə də var idi. O vaxtlar ölkə sənayesi xalqın artan tələbini ödəyə bilmirdi deyə, ərzaq və tekstil (eləcə də tikinti və s.) malları çatışmırdı. Nəticədə çatışmazlıq, qıtlıq yaranırdı, bu da duru yerindən, böyük zəhmət çəkməyən işbazların işinə yarayırdı. Onlar kütləvi tələbat mallarını topdan alırdılar, süni qıtlıq yaradırdılar və daha sonra bir neçə qat baha sataraq çoxlu pul qazanırdılar.

Kapitalist ölkələrində belə etmək o səbəbdən mümkün deyildi ki, onlar  - sənaye müəssisələri dərhal möhtəkirlər tərəfindən topdan alınmış malların yerini yeni istehsalla doldura bilərdilər. Nəticədə alverçi möhtəkirlər qıtlıq yarada bilməzdilər və aldıqları mallar əllərində qalardı. Sovet sənayesinin istehsal gücü isə zəif idi, o xalqın tələbatını əl-əl, başa-baş, zorla ödəyirdi.

İndi eyni durumdur. Yerli istehsal yoxdur, idxal mallarının ümidinə, alverçi təfəkkürlü işbazların insafına qalmışıq. Daha dəqiqi, biz indi onların acgözlük və tamahkarlıq hisslərinin əsiriyik. Boynumuz qıldan incədir, ülgüc isə onların əlindədir.

Can hayında olan camaat neçəyə olsa da, o maskaları, digər qoruyucu vasitələri almağa məcburdur və alacaq. Bu isə milyardlar deməkdir. 1-2 ay öncə insanlar öz pullarını səyahət və ya tətil etmək, maşın və ev almaq üçün yığırdılarsa, indi canlarını qorumaq üçün xərcləməyə məcburdurlar.

Möhtəkirlər isə başqa düşüncədədir, onlara çoxlu pul lazımdır. Gorlarına aparacaqlar.

Tarix: 4-03-2020, 11:07
Xəbəri paylaş





Xəbər lenti