“8-ci km bazarı”nın ortasından keçən “ölüm maşını” - təhlükə

 

Mais Ağayev: “Yaxın zamanlarda həmin avtobusların yolunda dəyişiklik ediləcək”

“8-ci kilometr bazarı” yaxınlığından keçən avtobus marşrutları insanların həyatı üçün təhlükə yaradır. Bu barədə “Yeni Müsavat”a şikayət edən sakinlər bildiriblər ki, dəfələrlə məsələ ilə bağlı aidiyyəti orqanlara müraciət etsələr də, problem həllini tapmayıb.

Məsələ ilə bağlı əraziyə yollandıq. Müşahidə etdik ki, doğrudan da “Lotos” ticarət mərkəzi ilə yanan “Diqlas” arasındakı yoxuş yoldan qəfil sərt döngədən avtobuslar çıxır. Bu isə insanların həyatı üçün ciddi təhlükə yaradır. Yaxınlıqda ticarətlə məşğul olan Famil adlı şəxs bildirdi ki, bu ərazidə tez-tez qəzalar da baş verir: “Bu üzü aşağı olan yol vasitəsilə hər gün 103 və 214 saylı avtobuslar hərəkət edirlər. Avtobuslar yuxarı hissədəki sərt döngədən çıxdıqları üçün sürücü qarşısındakı təhlükəni əvvəlcədən görə bilmir. Bu təhlükə həm maşın, həm adam, həm də bazarda araba sürənlər də ola bilir. Tez-tez burada maşın maşına sürtülür. Avtobusların hamısı köhnədir. Yuxarıdan aşağı gələn zaman əyləc sistemi işləməsə, kiminsə üstündən keçəcək. İkincisi də burada gün ərzində siqnal səsindən dayanmaq olmur. Avtobusun qarşısında maneə olan zaman o dəqiqə siqnalı basırlar. Yaxınlıqda ticarətlə məşğul olanlar xeyli əziyyət çəkirlər”, - deyə ticarətçi bildirdi.

Ticarətçilər onu da qeyd etdilər ki, “Diqlas” yanandan sonra onun yeri hasara alındığı üçün yol bir qədər də darlaşıb: “Əvvəllər ”Diqlas"ın  həyətində ticarətlə məşğul olanlar indi çəkilən hasarların dibində piştaxta qurub işləməyə məcburdurlar. Bu isə yolu bir qədər də daraldır. Ticarətlə məşğul olanlar da əziyyət çəkirlər. Xüsusilə də yağışlı, soyuq havalarda camaat qorxur ki, avtobus saxlaya bilməyib, sürüşüb onların üstünə çıxar. Söhbət təkcə satıcıdan getmir, onun piştaxtasının qarşısında duran alıcının da həyatı təhlükədədir. Ancaq buna baxan yoxdur. Əvvəllər buradan başqa saylı avtobuslar da keçirdi. Jurnalistlər yazdı, camaat şikayət etdi, onların bir qisminin yolu dəyişdi. Lakin hazırda 214 və 103 saylı avtobuslar buradan keçirlər".

Ərazidə olduğumuz zaman müşahidə etdik ki, marşrut avtobusları bazar istiqamətində sıx hərəkət edən piyadaların bir addımlığından keçir. Ticarət mərkəzlərinin ətrafında xırda mağazalar və səyyar satıcılar olduğundan vəziyyət bir qədər də qəlizləşir.  Yuxarıdan gələn avtobuslar piyadaları yara-yara enişə doğru irəliləyir. Magistral yola çatdıqda isə daha bir problem yaranır. Bu zaman həmin avtobuslar “Neftçilər” metro stansiyası istiqamətində hərəkət edən nəqliyyatın qarşısını kəsir, nəticədə tıxac yaranır.

Məlumat üçün bildirək ki, ərazidə 2016-cı ilin aprel ayında ölümlə nəticələnən yol qəzası baş vermişdi. Belə ki, 103 saylı marşrut xətti ilə hərəkət edən avtobus yolun qadağan olunmuş hissəsindən keçən piyadaları vurduqdan sonra 30 saylı marşrut avtobusuna çırpılmışdı. Nəticədə  60 yaşlı bir qadın ölmüş, 9 nəfər sərnişin isə xəsarət almışdı.

Onun da şahidi olduq ki, bu çətin və təhlükəli ərazidə avtobuslar dayanıb, sərnişin də mindirib-düşürürlər. Bu isə arxadan gələn avtomobillərin hərəkətinə maneə yaradır və siqnal səsindən ərazidə qulaq tutulur...

Mais Ağayev ile ilgili görsel sonucu

Problemlə bağlı “Yeni Müsavat”a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, 214 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların yolunda dəyişiklik olacaq: “Bu məsələ barəsində bizim də məlumatımız var. Yaxın zamanlarda həmin avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək. Bununla da insanlar üçün təhlükə aradan qalxacaq. Ümumilikdə onu deyim ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən bir sıra marşrut xətlərinə baxış keçirilir və mövcud problemlər aradan qaldırılacaq”.



Tarix: 7-03-2020, 12:06
Xəbəri paylaş





Xəbər lenti