Avropada koronavirusun sürətlə yayılmasının səbəbləri

 

İtaliyada ölənlərin sayı 600-ü keçdi, AB ölkələri tədbirləri artırdı

Dünyada Çindən sonra ən çox İran və İtaliya koronavirusdan əziyyət çəkir.

İtaliyada son sutka ərzində 168 nəfər COVID-19 koronavirusundan ölüb, ölənlərin ümumi sayı 631 nəfərə çatıb.  İranda isə  koronavirusdan ölənlərin sayı 354-ə çatıb. Avropa ölkələrindən İspaniya və İsveçdə koronavirus daşıyıcılarının sayı kəskin artıb. İspaniyada 391, İsveçdə isə 65 yeni yoluxma faktı qeydə alınıb. Beləliklə, virus daşıyıcılarının sayı İspaniyada 1622, İsveçdə isə 325 nəfərə çatıb. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 116 310-a çatıb. Bunların 64 647 nəfəri sağalıb, 4090 nəfəri isə ölüb.

İspaniyada ölənlərin sayı 35-ə yüksəlib, virusa yoluxanların sayı isə 1500-ü keçib. Ən çox yoluxma hallarının  müşahidə olunduğu Madrid və Riojada  bütün məktəb və universitetlər 2 həftə tətilə bağlanıb. Bundan əlavə, futbol matçları tamaşaçı olmadan keçiriləcək. Virusa yoluxan  insanların sayının 156-ya çatdığı Danimarkada, Şimali İtaliya, İran və Avstriyanın bəzi şəhərlərindən təyyarələrin enməsinə qadağa qoyulub. Baş nazir Mette Frederiksen vətəndaşlarını “qırmızı bölgələrə” getməməyə çağırıb. Nəqliyyat naziri qatar və avtobus kimi ictimai nəqliyyatdan tamamilə zəruri olmayan hallarda istifadə edilməməsini tövsiyə edib. Belçikada yoluxanların sayı 267-yə  yüksəlsə də, Xarici İşlər Nazirliyi, İtaliyaya zəruri olmayan səfərləri ləğv etməyi təklif edib. Maltada yoluxanların sayı 4-ə yüksəldiyindən baş nazir Robert Abela, İtaliya ilə birlikdə bütün təyyarə uçuşlarını və bərə ilə gediş-gəlişi dayandırdıqlarını açıqlayıb. Rumıniya bu tədbirlər çərçivəsində İtaliyanın uçuşlarını dayandırmaq qərarına gəlsə də, qatarlarla ölkəyə gələn sərnişinlərin karantin altında olacağını açıqlayıb. İsveçrə Səhiyyə İdarəsinin məlumatlarına görə, virusdan ölənlərin sayı 3-ə, xəstələrin ümumi sayı 476-ya yüksəlib.

France coronavirus ile ilgili görsel sonucu

Epidemiyanın başlanğıcında olduqlarını vurğulayan Fransa prezidenti Emmanuel Makron epidemiya ilə  təsirli şəkildə mübarizə üçün ictimaiyyətin də məsuliyyət daşıdığını söyləyib. Hökumətdən bildirilib ki, Makronun iştirak edəcəyi görüşlər və etməyi planlaşdırdığı ziyarətlər məhdudlaşdırılıb. 

Tədbirlər çərçivəsində Makronun ofis otağında heç bir görüş keçirmək  və lazım olmasa prezident sarayında şam yeməyi dəvətləri təxirə salınıb. Fransanın idman naziri 15 aprelə qədər 450 idman tədbirinin ləğv edildiyini açıqlayıb.


Avstriyada da təhlükəsizlik tədbirləri artırılıb.  Avstriyanın baş naziri Sebastian Kurz, daxili işlər naziri Karl Nehammer və səhiyyə naziri Rudolf Anschober birgə mətbuat konfransı keçirərək mövcud məlumatları və yeni tədbirləri bölüşüblər. Bildiriblər ki, 157 nəfərdə koronavirus aşkarlandığından ictimai həyatı məhdudlaşdıran yeni tədbirlərə ehtiyac var. Baş nazir İtaliyadan Avstriyaya səyahətlərin dayandırılacağını, yalnız infeksiyaya yoluxmadığını təsdiq edən tibbi sənədləri olan şəxslərin ölkəyə buraxılacağını bildirib.

O, İtaliyadakı Avstriya vətəndaşlarının ən qısa müddətdə ölkəyə gətiriləcəyini və ən azı 15 gün evdə karantində saxlanılacağını qeyd edib. Hökumət təhsil sahəsində məhdudiyyətlərin olacağını açıqlayaraq, qapalı ərazilərdə 100 və daha çox insanın iştirakı ilə keçirilən görüşlərin ləğv ediləcəyini, açıq ərazilərdə 500 və daha çox adamın olduğu görüşlərə icazə verilməyəcəyini bildirib. Hökumət dərslərin onlayn keçirilməsini təklif edib.

Polşada da  səhiyyə naziri Lukas Szumovski ölkədə koronavirusa yoluxanların sayının 18-ə yüksəldiyini açıqlayıb. Polşada idman və konsert tədbirlərinin ləğv olunduğu elan edilib.  Polşa prezidenti  koronavirusa görə 10 may prezident seçkiləri öncəsi geniş seçki proqramı keçirməyəcəyini deyib.

İtaly coronavirus ile ilgili görsel sonucu

İtaliyadan sonra Kovid-19-dan ən çox əziyyət çəkən  ölkə İspaniyada  epidemiyaya qarşı yeni tədbirlər elan edilib. Nazirlər Şurasında qəbul edilən qərara əsasən, koronavirusun yayılmasının qarşısını almaq üçün İspaniyadakı bütün hava limanlarından İtaliyaya uçuşlar martın 25-dək dayandırılıb. Digər tərəfdən, İspaniya Milli Məclisində işlər bir həftə dayandırılıb . Bütün məktəblərin və universitetlərin iki həftə tətil etdiyi və bir çox şirkətlərin işçilərinin evdən işləməsinə icazə verdiyi paytaxt Madriddə tədbirlər gücləndirilib.

Qeyd edək ki, müxtəlif ölkələrdə koronavirusa yoluxanların sayını göstərən rəqəmlər sürətlə dəyişir və yazı dərc olunduğu müddətdə arta da bilər.

Adil Qeybulla ile ilgili görsel sonucu

Tibb elmləri doktoru Adil Qeybulla mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Avropada xəstəliyin çox yayılmasının səbəbləri geniş-gəlişin çox olması və virusun ilkin inkubasiya mərhələsində çoxlu sayda insanın ölkələrə səfər etməsidir: “Koronavirus üzərində bu gün böyük bir diqqət var, ajiotajın bir səbəbi  də bu diqqətin yüksək olmasıdır. Əslində hər il qripdən dünyasını dəyişən xeyli insan olurdu. İndi koronavirusa rəsmi olaraq 100 mindən çox insan yoluxub, ancaq real rəqəmlər bundan daha çoxdur. Ancaq bu şəxslərin 50 faizindən çoxu sağalıb, xəstələrin 3 faizi civarında insan dünyasını dəyişib. Bu, əslində böyük rəqəm deyil, infeksiyanın lokallaşdırılması istiqamətində xeyli tədbirlər görülür”.

A.Qeybulla vurğuladı ki, Çində artıq xeyli uğur əldə olunub, xəstəlikdən sağalanların sayı artıb. Avropa ölkələrində də ciddi tədbirlər görülüb. Təbii ki, xəstəlik kəskin yayılır. Çünki Avropada bu tədbirlər gecikdi. Xəstəliyin gizli dövründən sonra isə bu qədər yoluxma halları üzə çıxdı. Məsələnin əsas tərəfi ondan ibarətdir ki, xəstəliyin inkubasiya dövrü bir qədər davam edir. Virus yayılır və müəyyən müddətdən sonra üzə çıxır. Çox güman ki, həmin infeksiya müəyyən müddət öncə Çindən Avropaya daşınıb və bu gün bu hallar meydana çıxıb. Avropa ölkələrinin səhiyyəsi kifayət qədər güclüdür, sığorta sistemi işlək vəziyyətdədir. Lazımi tədbirlər görüləcək və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də çox ciddi, təxirəsalınmaz tədbirlər həyata keçirilir, üçüncü ölkələrə ciddi yardımlar edilir, infeksiyanın lokallaşdırılmasına çalışılır".

Tibb mütəxəssisinin fikrincə, yaya doğru virus tədricən aradan qalxacaq: “Müxtəlif proqnozlar var. Ümumdünya Səhiyyə Təşkilatı açıqlama verib ki, il boyu  infeksiyanın ayrı-ayrı yerlərdə ocaqları müşahidə ediləcək. Bütün bu proqnozlara rəğmən demək olar ki, yaya doğru infeksiyanın ayrı-ayrı yerlərdə tədricən aradan qalxacağı proqnozlaşdırılır. Çində aparılan tədbirlər öz effektini verib. Bu ölkədə xəstələrin sayının azalma istiqamətində getdiyi müəyyən edilib. Avropada da yaxın zamanlarda biz bunun şahidi olacağıq”.

Nərgiz LİFTİYEVA


Tarix: 12-03-2020, 08:31
Xəbəri paylaş





Xəbər lenti