Şadlıq evləri və əyləncə məkanları bağlansınmı – Koronavirusa görə


Şadlıq evləri və əyləncə məkanları bağlansınmı –       Koronavirusa görə

Cəmiyyətdə birmənalı fikir yoxdur: Kütləvi mərasimlərdən uzaq durmağa çalışanlar da var, təhlükə hiss etməyənlər də

 

Koronavirus təhlükəsinə qarşı Azərbaycandakı bütün tədris-təhsil müəssisələri müvəqqəti bağlanılıb. Hazırda isə diqqət mərkəzində insanların kütləvi toplaşdıqları digər məkanlar – şadlıq sarayları, restoranlar, əyləncə mərkəzləri və digər ictimai-iaşə obyetkləridir. Rəsmi qurumlar hələlik tövsiyə şəklində vətəndaşlara çağırış edir ki, mümkün qədər bu cür məkanlardan uzaq dursunlar.

 

Bu haqda vətəndaşlar nə düşünürlər? Kütləvi toy və yas mərasimlərinin təşkil olunduğu məkanların, əyləncə mərkəzlərinin müvəqqəti bağlanmasını zəruri hesab edirlərmi? AYNA bu sualla sosial şəbəkə istifadəçilərinə müraciət edib:

 

Vilayət Muxtar: “Məktəb, bağça və universitetlərin bağlanması ilə bağlı verilən ilk qərardan 1 gün sonra ticarət mərkəzlərinə reportaja getdim. Xeyli sayda valideyn öz övladlarını alış-veriş məkanlarına gətirmişdi, sanki dərslərin dayandırılmasını qeyd edirdilər. Amma mən məsələyə fərqli yanaşıram. Onda gərək marketlər də bağlansın. Çünki marketlərə hər kəs gedir, özü də alacağı məhsuldan başqa bütün mallara əl vurur, "yoxlayır". Bu da digər insanlarla təmasdan, ünsiyyətdən daha təhlükəlidir. Amma marketləri bağlamaq mümkün deyil. Çünki 95 faiz əhali gündəlik təminatlarını güclə təmin edir. Yəni insanların 2-3 aylıq ərzaq ehtiyatı yığıb marketə getməməsi mümkün deyil. Bu baxımdan insanların özünə, təmizliyinə məhsuliyyətlə yanaşması daha doğru addımdır, nəinki hansısa məkanları bağlamaq”.

Könül Aypara: “Martın 15-i nişan mərasimi var. Hətta Türkiyədən qonaqlar da gələcək. Heç kim heç nəyi təxirə salmayıb”.

 

Vüqar Vəliyev: “Toylara mütləq qadağa qoyulmalıdır”.

 

Şəfiqə Fərzəlibəyli: “Mən bu ayın sonu səyahətə getməyə hazırlaşıram. Heç vecimə də deyil. İllər əvvəl 3 gün 40 dərəcə qızdırmam olub. Onda heç ölmədim. Bu, sadəcə bioloji müharibədir. Sərhədlərdə yoxlama var. Ciddi yoxlanışlar olarsa, qorxusu yoxdur. Bizim insanlar panika yaradırlar”.

 

Səkinə İlyasqızı: “Zəruridir, ehtiyatlı olmaq lazımdır. Türkiyəyə müayinəyə getməliydim, təxirə salmışam. Bir də bizdə insanların çoxusunda adətdir: öskürəndə-asqıranda ağız-burunlarını tutmurlar, qrip ola-ola toplantıya gedirlər. Hələ əl yumağa belə, ərinənlər”.

 

Əpoş Vəliyev: “Birinci növbədə turistlərin kütləvi yığışdığı gecə klubları, barlar, əyləncə məkanları bir müddət fəaliyyətini dayandırmalıdır. Çünki bu xəstəliyin turistlərdən yoluxma ehtimalı daha yüksəkdir. Təyin edilən toyların dayandırılması məncə, mümkün olmaz, çünki toy hazırlıqları görülüb, amma bundan sonra toy etmək istəyənlər təxirə sala bilər. Toylarda da görüşəndə maksimum dərəcədə öpüşməkdən, yaxın təmasdan uzaq olmaq lazımdır. Yaxşı olar ki, şadlıq evləri və digər məkanların girişində dezinfeksiyaedici məhlullar qoyulsun, insanlar istifadə etsinlər”.

 

Esmira Qasimova: “Özüm heç yerə getmirəm, övladlarımı da evdən bayıra çıxmağa qoymuram”.

Bəxtiyar Hacıyev: “Əgər virus ölkəmizdə tüğyan edirsə, təbii ki, ticarət, istirahət, əyləncə mərkəzləri (o cümlədən mall-lar) bağlanmalıdır. Yox, virus yayılmayıbsa, onda məktəbləri də bağlamağa ehtiyac yox idi”.

 

Elşən Ağalar: “İnsanların təhlükəsizliyini nəzərə alaraq bu cür addımların atılmasını müsbət qarşılayıram. Kütləvi tədbirlərin təşkili, toy mərasimləri, əyləncə məkanları, restoranlar bir müddətlik işlərinə ara versələr, daha yaxşı olar”.

 

Amin Nəzərli: “Məni, hətta toya çağırıblar. Mən restoranlara, kafelərə gedirəm. Çəkinmirəm, sadəcə gələndən sonra əllərimi yuyuram, boğazımı qarqara edirəm”.

 

Günel Həsənova: “Banklar bağlansın. Neçə gündür, bankların kassalarının qarşısında yüzlərlə insan durub dollar almağa çalışır. Kassalara insan izdihamından yaxın durmaq olmur. Burada koronavirusa tutulma ehtimalı var”.

Tarix: 12-03-2020, 23:24
Xəbəri paylaş





Xəbər lenti