Tac şəkilli əhvalat

 

“Hamını ley vurdu, bizim kimi tükü dağılan olmadı”

(Azərbaycan ata sözü)

Bir nağılımızda təxminən dünyanın düşdüyü indiki durum nəql edilmişdi. Orada Keçəli padşah seçirdilər, o da hər ölənin qulağına nəsə pıçıldayırdı, axırda sirr açılırdı ki, sən demə, dostumuz mərhumun qulağına deyir: “O dünyada ölülərə xəbər ver ki, bu dünya gör nə hala qalıb, Keçəl Əhməd artıq padşahdır”. Təxminən belə əhvalat idi, ola bilsin bəzi detallar fərqlənirdi, amma ümumi məzmunu yadımda bu cür qalmışdır.

Doğrudur, planetimizi fırladanlar, hegemon dövlətlərin başçıları, imperiyalar əslində heç vaxt, tarixin başqa bölümlərində də düz əməlli adamlar olmayıbdır, ancaq hazırda şərtlər elə gətirib ki, sanki bütün dünya “keçəl əhmədlərin” əlindədir. Özünüz baxın və fikirləşin: ABŞ-ın prezidenti Trampdır, Rusiyanı Putin işlədir, Britaniyada it yiyəsini tanımır, Almaniyanın sahibəsi artıq qocalıb əldən düşübdür və daha dünyanın və Avropanın zir-zibilini belində daşımağa heyi qalmayıbdır. Çin əvvəldən virus mənbəyi, “kitayski” dövlət idi, İtaliya da yataqdadır. Sözgəlişi, koronavirusun korrupsiyadan həmişə əziyyət çəkən İtaliyada tüğyan eləməsini təsadüf sayırsınız? Orda Luka Volonte adlı dələduz hətta Azərbaycan hökumətindən də rüşvət almışdı. (İtaliya bizim ixracda da 1-ci yeri tutur). Milandan idi - hazırda virusun çox yayıldığı nöqtədən. O cümlədən, İspaniya pis günə düşüb, biz isə AŞPA məruzəçisi, lotu Pedro Aqramuntu xatırlayırıq. O da gəlirdi vaxtlı-vaxtında kürü yaxmacını alıb, gedirdi. Necə deyərlər, yemə yetimin malını, çıxar ahəstə-ahəstə. Yox, mən burada hansısa ilahi ədalət-zad görmürəm, sadəcə, korrupsiyanın virusların yayılmasına, pandemiyaya təsirini izah etmək istəyirəm. Harda qanunsuzluq varsa, orda insanlar müxtəlif səbəblərdən təhlükə altına düşürlər, bunu yadda saxlamaq lazımdır.

İki ali məktəb bitirən qohum var, dünən bütün əqrəbaya vatsapdakı o biabırçı şayiəni təkrarən yaymaqla məşğul idi: “Gecə Bakıya vertolyot və təyyarədən dərman səpəcəklər, bayıra çıxmayın, paltarları ipdən yığın”. Elə bil eşşək boyda paytaxt şəhəri qarğıdalı, pambıq sahəsi-zad imiş, bunu havadan dərmanlamaq olarmış. İndi buna iki dənə diplom verən Azərbaycan ali məktəblərinə “kül sizin kafedranıza” desək, haqlı olmarıqmı? İstəyirəm, təzə məlumatı yayasınız: suya dərman qatıblar, bir neçə saat içməyin. Hələ bu harasıdır, həkim-professor virusdan kəllə-paça yeyərək qorunmağı məsləhət görürmüş. Başqası deyib burnunuza sirkə tökün. Mən də fikirləşirdim görəsən camaat dükanda niyə sirkə alır. Bəlkə içib daha tez ölək?

Elnən gələn dərd-bəla toy-bayram olmalı idi, lakin millət qorxuya düşübdür. Gəlin cəsur olaq, yoldaşlar. Qorxunun əcələ faydası yoxdur. İgid bir dəfə ölər, qorxaq min dəfə. Qorxan gözə çöp... Hələlik bu qədər bəsdir. Ən azı öz deputatlarınıza baxın. Başqa ölkələrdə 30 nəfərin bir yerə yığışması qadağan olunur, bunlar isə 125 nəfər toplaşıb iclas edirlər! Hər gün! Qəhrəman insanlardır, hərəsinə 2-ci dərəcəli Vətənə xidmət medalı düşür. Oqtay müəllimin dünənki iclasa qatılmamasından bir az şübhəliyəm.

Dünyanın panikaya düşməsində sosial şəbəkələrin rolu böyükdür. Qabaqlar belə hallarda insanlar xəbərləri qəzetdən, agentlikdən, radio-televiziyadan alırdılar. İndi hər bir əlində “votsaplı” telefon olan xala, hər bir büzmədodaq instaqram bloqqeri özünü KİV hesab edir. KİV-lər də o qədər yalan yazıblar, camaat bütün dünyada belə şayiə subyektlərinə inanmağa başlayıb.

 Hökumət “şayiə yayanlara qarşı tədbir görüləcək” desə də xeyri olmur. Çünki yanan ev yalançının evidir. Məsələn, maskanı baha satanı bir gün tutarsan, xaricdən brezent xalatlar gətirəcəyini iki gün deyərsən, lap beş gün bazara dollar atıb manatı qucağında saxlayarsan, ancaq bunun sonrası da var axı. Gün gəlir, camaat fikirləşməyə başlayır ki, görəsən bu qədər pambığı, neft-kimya sənayesindən alınan kauçuk-polietileni olan ölkədə niyə indiyəcən on qəpiklik maska, beş manatlıq həkim xalatı-filan istehsal edilmir? Niyə böhran, şoklar xaricdədir, ancaq bizim manat qızdırır? Bunun səbəbini kim izah edə bilər?

Yoxsa zəhmətkeşlərimiz ölməkdən qorxmur. Ölmək ölməkdir də, xırı..navirus nə deməkdir? Biz sadəcə, adam kimi yaşayıb ölmək istəyirik. O qədər ikiayaqlı virus görmüşük, bu da olsun tacşəkillisi. İndi isə biz ayaq üstə ölmüşük, pis çıxmasın.

Tarix: 14-03-2020, 10:00
Xəbəri paylaş





Xəbər lenti