Qorxulu virusdan sağalanlar... - professordan pessimist açıqlama

 

Adil Qeybulla: “Bu virus atipik pnevmaniya törətdiyinə görə izlər qalmış olacaq”

Hazırda dünyanı bürüyən və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan olunan koronavirus statistikası sürətlə böyüməkdədir. Martın 17-nə günorta saatlarına olan məlumata görə, dünyada 182 424 nəfər bu virusa yoluxub, 7155 nəfər ölüb, 79 433 nəfər sağalıb.
Bəs görəsən, bu xəstəlikdən sağalanları nələr gözləyir? Onlar sonrakı dövrdə normal həyatlarına davam edə bilirmi, yoxsa virusun daxili orqanlara qalıcı təsiri varmı? 
Tibb elmləri doktoru, tanınmış həkim Adil Qeybulla da mövzu ilə bağlı “Yeni Müsavat”a danışarkən bildirdi ki, bundan öncə yayılan SARS virusunda insanlar sağaldıqdan sonra onların orqanizmində xeyli dəyişikliklər qalırdı: “Uzun müddət xəstəlik keçirən insanlarda gözün qüzehli qişasının bulanması, böyrəklərdə problemlər və sair qalırdı. Ancaq koronavirusun uzunmüddətli dövrdə hansı təsirlərinin qalacağını indidən söyləmək çətindir. Çində artıq sağalan insanlar üzərində tədqiqatlar gedir, onlar yoxlanılır. Virusun uzaq nəticələri ilə bağlı təxminən ilin sonunda və ya gələn il daha aydın danışmaq mümkün  olacaq.
Buna görə də hələlik söhbət xəstəliklə mübarizədən, infeksiyanın lokallaşdırılmasından, aradan qaldırılmasından gedir və bütün dünya ölkələrində  Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri əsasında iş gedir. Bu baxımdan birmənalı fikir demək çətindir və həmin dövrü gözləmək lazımdır".
Ümumilikdə koronavirusun birbaşa hansı orqanlara təsirinə gəlincə, həkim qeyd etdi ki, ilk növbədə ağciyərlərə təsirindən danışa bilərik: “Bu, atipik pnevmaniya törətdiyinə görə, ağciyərlərdə dəyişiklik yaradır. Xəstə sağalsa belə bu izlər qalmış olacaq. Digər tərəfdən virus ürək sistemini zədələyə bilər, həmçinin meakardı, böyrəkləri zədələyə bilər. Lakin bütövlükdə virusun orqanizmdə hansı dəyişikliklər yaratdığını tam müəyyən eləmək mümkün deyil. Çünki bunlar həyatın qeyri-hüceyrəvi formasıdır, hüceyrə daxilində artıb çoxalırlar, hüceyrəni zədələyirlər. Ona görə dəqiq demək çətindir. Amma  ilkin olaraq, bu virusun ağciyərləri və bronxları zədələdiyi yəqinləşib. Çünki autopsiyada  ölənlərin üzərində aparılan tədqiqat zamanı bunlar yəqinləşib”.
A.Qeybulla koronavirusun gənclərdə yüngül, yaşlılarda isə daha ağır keçdiyinə diqqət çəkərək vurğuladı ki, fərqin səbəbi orqanizmin virusa necə cavab verməsindən asılıdır: “Uşaq orqanizmi hər şeyə yüksək hərarətlə cavab verir, virus bu yüksək hərarətdə məhv olur. Böyüklərdə isə ilkin olaraq yüksək hərarət olmur, müəyyən müddətə qədər bu reaksiya baş vermir. Buna görə də statistikaya görə böyüklərdə daha çox rast gəlinir. Ölüm halları isə daha çox yaşlılarda və yanaşı xəstəlikləri olanlarda qeydə alınır. Yaşlı adamların virusa reaksiyası müxtəlifdir. Elə adam var ki, ilkin dövrdə temperatur reaksiyası olmur, virus müəyyən qədər orqanizmdə öz işini görür, artır, yayılır və klinik əlamətlər ortaya çıxdıqda, xeyli daxili orqanlar, xüsusilə ağciyər zədələnmiş olur. O baxımdan uşaqlarla böyüklər arasında bu cür fərq var”.
Xəstəliyin ilk yayıldığı Çində isə alimlər artıq koronavirusun sağaldıqdan sonra da insan səhhətində qalıcı təsirlər buraxdığı qənaətindədirlər. Digər xəstəliklər kimi koronavirus da yoluxduğu insanın bədənində sonradan bəzi fəsadlar yaradır. Honq-Konqda aparılan araşdırmalara görə bu virusdan sağalan şəxslərin ağciyəri ciddi şəkildə zədələnir. Onların ağciyərinin fəaliyyəti zəifləyir, nəfəs almaqda çətinlik çəkirlər.
Çinli həkimlərdən birinin dediyinə görə koronavirusdan sağalan şəxslər bir az cəld hərəkət edən zaman nəfəs almaqda çətinlik çəkəcəklər. Belə ki, koronavirusdan sağalan şəxslərin ağciyərinin fəaliyyəti 30 faiz zəifləyir.
Xəstəlikdən sağalan şəxslərin rentgen müayinəsi zamanı ağciyərində bənzər ləkələr müşahidə edilib. Bu izlər SARS virusun yaratdığı ləkələrlə oxşarlıq təşkil edib.
Tarix: 18-03-2020, 09:06
Xəbəri paylaş





Xəbər lenti