Karantinə alınmış Yer: nə ümidsizliyə qapılaq, nə eyforiyaya...


Bu miqyasda təhlükə, panika, məhdudlaşdırıcı tədbirlər, xof-qorxu bəşər tarixində heç vaxt, hətta 50 dövlətin bir-birinə girdiyi dünya müharibələri zamanı da olmayıb.

Əsl qlobal ajiotaj budur. BMT üzvü olan 200 dövlətin 160-ı tacşəkilli virusla - COVİD-19-la boğuşur. Bütün dövlətlər bir-birilə sərhədi bağlayıb, mülki əhalinin gediş-gəlişini əngəlləyib, dövlətlər arasında yalnız virtual diplomatik əlaqələr, bir də ticarət ilişkiləri qalıb.

Qorxunc virus dünyanın bütün dərd-sərini, o cümlədən ərazi mübahisələrini, vətəndaş qarşıdurmalarını, lokal müharibələri, casus qalmaqallarını, mühacir axınıyla bağlı gərginlikləri, hər şeyi arxa plana keçirib. Dövlətlərin yeganə problemləri öz xalqlarını nə yolla olursa-olsun, qorumağı, sabaha itkisiz çıxarmağı düşünür.

Başlı başını saxlasın əyyamıdır. Bu məsələyə barmaqrası baxanlar da yanacaq, dırnaqarası yanaşanlar da. Hər halda, dünyanın ən qüdrətli, ən ciddi sosial-siyasi institutlara malik  olan dövlətləri gözəgörünməyən öldürücü təhlükəyə qarşı ciddi şəkildə səfərbər olunublar.

Dünya bir neçə həftənin içində, göz görə-görə dəyişib, başqa şəklə düşüb. 160-dan artıq dövlət bir-biri ilə müharibə edirmiş kimi bir hala gəlib. Planet bütövlükdə karantinə girib.

Hazırda bəzi ölkələrdən gələn xəbərlərə görə, yerli hökumətlər COVİD-19 təhlükəsini ciddiyə almırlar, effektiv tədbirlər görmürlər və əhalini qorxunc virusla baş-başa buraxıblar. Bu xüsusda Britaniya və İsveç kimi dövlətlərin adı çəkilir.

Əvvəl-əvvəl İtaliyada da belə etmişdilər. İndi Çindəki epidemiya yalan olub, İtaliyadakı gerçək. Hansı dövlət bu qlobal təhdidə məhəl qoymayacaqsa, peşman olacaq.

Bir də ayrı-ayrı ölkələrdə, eləcə də Azərbaycanda koronavirusla bağlı belə mülahizələr də var: “Bu, br oyundur, beynəlxalq güclər dünyanı panikaya salıb milyardlar qazanırlar, hamısı Amerikanın, Ümumdünya Səhiyyə Təşkilatının oyunlarıdır” və sair və ilaxır.

Virusun bioloji silah olduğunu iddia edənlərin rəyini qəribçiliyə salmaq da yanlışdır, bunun bir oyun olduğunu güman etmək də. Hətta bu, gerçəkdən oyundursa da, gözardı edilə bilməz. Çünki bu, ölümcül oyundur. Hər gün ayrı-ayrı ölkələrdə insanlar ölürlər.

Bəzən başqa arqumentlər də gətirirlər: “Ona qalsa, hər gün qəzalarda filan qədər, xərçəngdən filan qədər adam ölür”; “başqa xəstəliklərdən ölənlərin sayı qat-qat çoxdur” və s.

Bu kimi iddialar ağlabatan görünə bilər, çünki təskinedici xassəyə malikdir. Amma nəzərə almaq lazımdır ki, koronavirus mərəzi yeni və güclüdür, qəzalar bütün insanları təhdid etmirsə, COVİD-19 hər kəsi təhdid edir, “başqa xəstəliklər”in müalicəsi, profilaktikası varsa, koronavirus infeksiyası zamanı yalnız orqanizm özü müqavimət göstərir, ona kömək etmək üçün heç bir vasitə yoxdur. Hələlik insan onun qarşısında acizdir.

Daha bir neçə detal var. Həmişə çarəsiz qaldıqda cəhalətə yuvarlananlar kimi, hazırda da bir çox insanlar fövqəlbəşər qüvvələrə dua etməklə, ocağa, pirə nəzir deməklə, türkəçarə müalicə üsullarına əl atmaqla özlərini xəstəlikdən sığortalayacaqlarını düşünürlər. Əfsanədir. Bu virus dini inanclara məhəl qoymur, onların qarşısından çəkilən deyil. İnsanlar gərək özlərini aldatmasınlar.

“Spirtin, maskanın xeyri yoxdur, virusdan qorumur” deyənlər də başqa bəladırlar. Bunlar insanların primitiv qorunma instinktlərini korşaldırlar. Bu cür sözləri ciddiyə alan, “onsuz da xeyri yoxdur” ümidsizliyinə qapılan insanlar əllərinin, üst-başlarının təmizliyinə diqqət etməyəcək, virusun yayılmasına münbit şərait yaradacaqlar axı. Tibbi maskalar nə qədər olmasa da, hava-damcı üsulu ilə yayılan virusları tuta, nəfəs yoluna keçməsinin qarşısını ala bilər.

Bu baxımdan qorunmaq, əli-üzü tez-tez yumaq, dezinfeksiya etmək vacibdir. Bundan daha vacibi isə yoluxanların təcili şəkildə cəmiyyətdən təcrid edilməsi və karantinə alınmasıdır. Bunu dövlət edir və edəcək.

Bizdən asılı olan odur ki, nə “bu virus axırımıza çıxacaq” təlaşına, nə də “Allahın köməyilə bizə heç nə olmaz” eyforiyasına qapılmadan, təhlükəsizlik texnikasına, karantin rejiminə riayət edək.

Tarix: 18-03-2020, 09:20
Xəbəri paylaş





Xəbər lenti