Bölgələrdən hökumətin qərarına reaksiya: Canımızı dişimizə sıxmalıyıq


Bölgələrdən hökumətin qərarına reaksiya: Canımızı dişimizə sıxmalıyıq

Koronavirusdan qorunmaq istiqamətində qəbul edilən məhdudlaşdırıcı qərarı əksəriyyət anlayışla qarşılayır

 

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dövlət səviyyəsində tədbirlər davam etdirilir. Bu tədbirlər sırasında, Nazirlər Kabineti yanında Operativ Qərargah 19 mart saat 00:00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılmasını martın 29-dək dayandırılması barədə qərar qəbul edib.

 

O cümlədən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.

 

Bəs, bölgələrdə yaşayan sakinlərin qərara münasibəti necədir? Bu, onlar üçün hansısa çətinlik yarada bilərmi? AYNA əməkdaşı bir sıra bölgələrdə yaşayan sakinlərin fikirlərini öyrənib.

 

Ağdaş rayon sakini Röyal Əliyev hesab edir ki, hər şey kompleks şəklində olmalıdır: “Yəni, əvvəlcə rayonlardakı xəstəxanaların vəziyyətini düşünmək lazımdır. Bu yaxınlarda Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına getmişdim. Təsəvvür edin ki, xəstəxananın labaratoriya şöbəsinin qarşısında yüzlərlə insan dayanmışdı. Bu insanlar biri-birilərinə xəstəlik yoluxdura bilərlər. Bu baxımdan, paytaxta girişin qadağan olunması o zaman daha məqsədəuyğun olardı ki, bu işlər kompleks şəklində həll olunardı”.

 

Mingəçevir şəhər sakini Kəmalə İbrahimli də ehtiyat edir ki, Bakıya girişin qadağan olunması insanlar arasında daha çox panikaya səbəb ola bilər: “Axı biz ölkədən-ölkəyə yox, eyni ölkənin müxtəlif ərazilərinə səyahət edirik”.

Şabran rayon sakini Leyla Abdullayevanın fikrincə, sözügedən qərara heç də birmənalı mənfi yanaşmaq olmaz: “Doğrudur, mənim paytaxtda yaxın qohumum var və ağır xəstədir. Demək ki, o, qəfildən dünyasını dəyişsə, mən gedə bilməyəcəm. Amma yaxşı tərəfi də odur ki, bəzi bölgələr paytaxta uzaq olduğu üçün yoluxma halları daha az ola bilər. Yəni bayram ərəfəsində Bakıdan gələnlər və Bakıya gedənlər yoluxmaya səbəb ola bilərlər. Bu baxımdan çox yaxşı bir qərardır. Məlumdur ki, virusun əsas təhlükə mənbəyi cənub zonasındadır, amma ayrı-seçkilik edərək gediş-gəlişi yalnız o bölgələrlə bağlamaq da düzgün olmazdı. Bu baxımdan da qərarı dəstəkləyirəm”.

 

Xaçmaz rayon sakini Fariz Xudarov da qərarı dəstəkləyir: “Qərar təqdirəlayiqdir. Çünki bir meqapolis olaraq Bakı təhlükə mənbəyi ola bilər. Hər bir Azərbaycan vətəndaşı bu günlərdə təkcə özünü yox, həmçinin digər insanları da düşünməlidir. Çətin də olsa, təhlükədən uzaq qalmaq naminə bu qərara müsbət prizmadan yanaşmaq lazımdır”.

 

Bərdə rayon sakini Eyvaz Eyvazov isə gediş-gəlişin bağlanmasının rayon sakinləri üçün maddi sıxntılar yaradacağını düşünür: “Belə fikirləşirəm ki, sağlamlıq hər şeydən vacibdir. Amma hal-hazırda kəndin şəhərdən müəyyən qədər asılılığı var. Əsasən də, bu, bəzi gündəlik təlabat, qida və tibbi məhsullarla əlaqəlidir. Habelə, bir az sonra əkdiyimiz məhsulları satmaq üçün bizə bazar lazım olacaq. Ən böyük bazar isə şəhərdədir. Bu, təbii ki, bir kəndli üçün problemdir. 30-40 il əvvəl şəhərə yalnız oxumaq üçün gedənlər indi həm də iş dalınca gedirlər. Yəni şəhər-kənd əlaqəsi çox genişlənib. Əlbəttə ki, bu da ciddi bir maddi sıxıntı yaradacaq”.

 

Sunqayıt sakini Xəyalə Həsənova da qərarın düzgün olduğunu düşünənlərdəndir: “Qərarı düzgün hesab edirəm. Ən azından cənub qonşumuz İrandan nümunə götürmək lazımdır. Belə ki, İranın Qum şəhəri zanmanında təcrid olunsaydı, virusun yayılamsı bu həddə çatmazdı. İstənilən halda yarana biləcək çətinlik fərdi xarakter daşıyacaq. Ona görə də ümumi mənafeyi fərdi mənafeyə qurban vermək olmaz”.

 

Gəncə şəhər sakini Şöhrət Cəfər o qənaətdədir ki, hər şeyə rəğmən virusu ciddiyə almaq lazmdır: “Gəncədə Bakıdakı kimi təşviş yoxdur.  İnsanlar ehtiyat etsələr də, çox rahatdırlar. Rayonlara gediş-gəlişin məhdudlaşdırılmasına isə normal baxıram. Məlumdur ki, bu virus təmasla daha çox yoluxur. Ona görə də bacardıqca qorunmalıyıq. Qərarın icrasına nəzarət ciddidir. Şəxsən mən təqdir edirəm. Hələ ki, bir çətinlik yaşamamışam. Amma ola bilər ki, növbəti günlərdə paytaxta getmək üçün ehtiyac yarana bilər. İstənilən halda bu ehtiyacı da təxirə salmağa məcburuq. Çünki sağlamlıq daha önəmlidir”.

Tarix: 18-03-2020, 22:07
Xəbəri paylaş





Xəbər lenti