Sərhəddən yüklərlə virus keçə bilərmi? - DGK-dan açıqlama

 

DGK: “Gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam edir”

Azərbaycanda  koronavirusa qarşı qabaqlayıcı tədbirlər çərçivəsində digər ölkələrə gəliş-gediş dayandırılıb. Eyni zamanda martın 19-dan etibarən Bakıya da müvəqqəti olaraq gəliş-gediş dayandırılır. Lakin buna baxmayaraq, istər ölkə daxilində, istərsə də ölkə xaricində yükdaşımalarda məhdudiyyət tətbiq edilməyib.

Bəs belə olduğu təqdirdə yüklər vasitəsilə koronavirus yayıla bilərmi?

Dövlət Gömrük Komitəsi məlumat yayıb ki, koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlər, lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir. Komitədən verilən məlumata görə, respublikamızın bütün gömrük-sərhəd buraxılış məntəqələrində, o cümlədən Cənub Ərazi Baş Gömrük İdarəsinin “Astara” və “Biləsuvar”  gömrük postlarında mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir.

Ölkəyə daxil olan nəqliyyat vasitəsi stasionar dezinfeksiya qurğusundan keçməklə  rejim zonasına daxil olur. İkinci mərhələdə dezinfeksiya tədbirləri qoruyucu geyim və dezinfeksiyaedici vasitələrlə təmin edilmiş gömrük əməkdaşları tərəfindən əl ilə həyata keçirilir. Sonra idxal nəzarət xəttində proses bir daha təkrarlanır.

Gömrük nəzarəti başa çatdıqdan sonra mobil gömrük bölməsinin müşayiəti ilə nəqliyyat vasitələri xüsusi terminala yönləndirilir. Terminala daxil olan nəqliyyat vasitəsi bir daha dezinfeksiya edilir. Ölkəmizə gələn yüklər Azərbaycan Respublikası qeydiyyat nişanlı avtomobillərə boşaldılır. Tranzit yük daşıyan nəqliyyat vasitələri isə Dövlət Yol Polisinin müşayiəti ilə təyinat nöqtəsinə yola salınır.

Hüseyn Mehdiyev ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan həkim Hüseyn Mehdiyev bildirib ki, dezinfeksiya aparılmadığı təqdirdə koronavirus yüklər vasitəsilə yayıla bilər: “Elə olar ki, müəyyən materiallar üzərinə bu virus düşür və 8-12 saat orada ölmədən yaşaya bilir. Hətta deyərdim ki, bəzi məhsulun üzərində bu virus 3 gün də yaşaya bilir. Ona görə də virusun yüklər vasitəsilə keçmə ehtimalı çoxdur. İnsanlar düşünməsinlər ki, bu virus elə hava-damcı yolu ilə keçir. Əşyalar vasitəsilə də virus keçir və buna görə də təbliğatlar bunun üzərində qurulub. İnsanlara tövsiyə edilir ki, əllərinizi tez-tez yuyun. Eyni zamanda, adamların sıx olduğu yerdən keçdikdən sonra geyinilən paltarı dəyişmək lazımdır. Hansısa xəstə adamlar maşına nə isə yükləyib, digər yerə göndərirlərsə, o zaman həmin əşyada koronavirus ola bilir. Əgər qadağa tətbiq edilirsə, yüklərə də ciddi yanaşmaq lazımdır. İnsanları başa salmaq lazımdır ki, bütün bu qadağalar onların sağlamlıqları üçündür. Buna görə mətbuatın, televiziya və saytların da üzərinə böyük iş düşür. İnsanlara çatdırılmalıdır ki, bu müvəqqəti çətinliklərə dözmək, qaydalara əməl etmək lazımdır. Maşına kimlərsə əllə yük vurursa, həmin adam həkim yoxlamasından keçməlidir. Çünki onun əli ilə maşına yüklənən hər hansı bir məhsul, sonradan digər insanların da əlinə dəyir. Bu baxımdan yüklər, paltarlar dezinfeksiya edilməlidir. Qaydalara əməl edilərsə, koronavirusun yayılmasının qarşısı alınar”.

Hazırda koronavirus Çindən sonra ən geniş İtaliyada yayılıb. İtaliyada xeyli sayda azərbaycanlı təhsil alır və bugünlərdə onlar Bakıya gətirilir. İctimaiyyətdə bir narahatlıq da həmin tələbələrlə bağlıdır. Sosial şəbəkələrdə sual olunur ki, həmin tələbələr harada saxlanılır?

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) məlumat verilib ki, İtaliyada təhsil alan və ölkəyə dönən azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım xidmətinin ambulansları cəlb edilib: “Prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar. Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir. Səhiyyə qurumlarımız xəstəliyin Azərbaycan ərazisində yayılmasının qarşısının alınması üçün bütün profilaktik tədbirləri həyata keçirməyə davam edəcək”.


Tarix: 19-03-2020, 14:42
Xəbəri paylaş





Xəbər lenti