Dünyanın baş bəlası – COVİD-19 10 min can alıb, almaqda davam edir – Fotolar

 

Koronavirusla bağlı hazırda dünya ölkələrində vəziyyət necədir?

Dünyanın başının bəlasına, həm də əsas bəlasına çevrilən koronavirusun törətdiyi acı nəticələr barəsində hər an informasiyalar yayılmaqdadır. Məlum olduğu kimi, hökumətlər öz vətəndaşlarına evdən çölə çıxmağı yasaqlayır, bir çox məhdudiyyətlər qoyur.

Son məlumata görə, getdikcə virusun geniş yayıldığı Almaniyanın daha bir qəsəbəsində bayıra çıxmaq qadağası qoyulub. Belə ki, Bavyera əyalətindəki 3 qəsəbədən sonra, Fransa və İsveçrə ilə sərhəd olan Freyburq bələdiyyəsi də çölə çıxmaq qadağasını elan edib. Qadağa bu gündən başlayaraq, başlanğıcda iki həftə davam edəcək. İnsanlar yalnız həkimə müraciət etmək istədikdə, təcili iş, alış-veriş edə bilmək üçün eşiyə çıxa biləcək.

Floridanın məşhur Mayami çimərlikləri isə virus problemi üzündən bağlanılıb.

Gələn son məlumatlara görə, hazırda dünyada koronavirusdan dünyasını dəyişənlərin sayı 10 min nəfəri keçib. Həmçinin son günlərdə virusa yoluxanların sayı 243 min, virusdan sağalanların sayı isə 85 min 701 nəfərə çatıb.

Virusun hazırda sürətlə yayıldığı İtaliyada ölənlərin sayı 3 min 405 nəfərə çatdığı bildirilir. Beləliklə, İtaliya koronavirusdan dünyasını dəyişən insanların sayına görə dünyada birinci sırada durur.

Hollandiyada isə koronavirusla bağlı keçirilən tədbirdə huşunu itirən Səhiyyə və idman naziri Bruno Bruins vəzifəsindən istefa verib. Yayılan xəbərlərə görə, nazirin vəzifəsindən istefa verməsinin səbəbi həddən artıq yorğunluğu olub. Bruno öz “Tvitter” hesabında həftələrlə keçirdiyi yorğunluq səbəbi ilə huşunu itirdiyini, hazırda isə özünü yaxşı hiss etdiyini açıqlayıb.
Fransada isə həm həkimlər, həm də vətəndaşlar tibbi maska çatışmazlığından şikayətçidir. Xəstəxanada həkimlər bəzən gün ərzində tibbi maska tapmaqda çətinlik çəkir. Fransa Həkimlər Birliyinin rəhbəri Bernard Huyuh bu barədə qeyd edib: “Hazırda bir çox xəstəxanalarda tibbi maska çatışmazlığı var. Hökumətin bir milyon tibbi maska verəcəyi ilə bağlı vədi çözüm deyil. Gün ərzində hər həkimə yalnız bir tibbi maska verə bilirik. Halbuki tibbi qaydaya əsasən hər 2-3 saatdan bir maskalar dəyişdirilməlidir”.

Ölkənin Özəl Xəstəxanalar Federasiyasının rəhbəri Lamine Garbi isə qeyd edib ki, həkim və tibb bacıları üçün ümumilikdə gündəlik olaraq 15 milyon tibbi maska tələb olunur: “2 aydır ki, tibbi maska tələb edirik. Maska, dezinfeksiya geli və tibbi geyimlərə ehtiyacımız var, lakin bunlar bizim əlimizdə deyil”.

Xatırladaq ki, Fransada heç bir zərurət olmadıqda evdən bayıra çıxmaq qadağandır. Bayıra çıxmaq məcburiyyətində qalan hər kəs bunun üçün izahat yazmalıdır. Bu qaydanı pozan hər kəs 135 avro cərimələnir. Məlumata görə, bu günə qədər 4 mindən çox insan bu cərimə ilə cəzalanıb.

Fransada daha bir maraqlı fakt diqqətləri çəkib. Evdə yalnız yaşayan yaşlı insanlar özlərində virusla bağlı bir narahatlıq hiss edən kimi pəncərələrindən qırmızı əski sallayırlar. Bununla da həmin evlərdə yaşlı insanların olduğu və sağlamlıqları ilə bağlı problem yaşadıqları, təcili tibbi yardıma ehtiyacı olduqları məlum olur.

Afrikaya gəldikdə isə, Ümumdünya Səhiyyə Təşkilatı Afrikanı bu virusla mübarizəyə indidən hazırlaşmağı tövsiyə edib. Afrika ölkələri də artıq bir müddətdir ki, virusla mübarizə tədbirləri hazırlayır. Məsələn, Seneqal xarici ölkələrlə uçuşları dayandırıb. Rəsmi məlumata görə, Seneqal 20 martdan 17 aprelə qədər xarici ölkələrə bütün uçuşları dayandırıb. Yalnız ölkədaxili uçuşlar, və zərurət yarandıqda tibbi ləvazimatlar üçün gərəkən və özəl uçuşlar qadağa siyahısından deyil.

Mavritaniyada isə axşam saat 20:00-dan səhər 06:00-a qədər bayıra çıxmaq qadağandır. Həmçinin ölkədə kütləvi tədbirlər ləğv edilib, kafe və restoranlar bağlanıb. Qeyd edək ki, Mavritaniyada bu günə qədər 2 nəfərdə koronavirus aşkar edilib. Həmçinin koronavirus aşkar edilən Benin şəhərində təyyarə ilə gələn hər kəs karantinə alınır, diplomatların xaricə səfərləri ləğv edilib.

Amerikada alimlər araşdırıb ki, koronovirusa yoluxmuş şəxs asqırdıqda və yaxud öskürdükdə onda olan viruslar hava-damcı şəklində 3 saat havada qala bilir. Həmçinin virus plastik əşyalarda 2-3 gün, kartonda isə 1 gün qala bilir.

Əlcəzairdə daha 2 nəfər koronavirudan dünyasını dəyişib. Son açıqlamaya görə, ölkədə daha 10 nəfərdə bu virus aşkar edilib. Bununla da bu günə qədər Əlcəzairdə koronavirusa yoluxanların sayı 82 nəfərə çatıb. Onların arasında 32 nəfər artıq sağalıb. Əlcəzair rəhbəri Əbdülməcid Təbbun xarici ölkələrlə bütün uçuşları dayandırıb, kütləvi tədbirləri ləğv etdirib, ölkəyə 15 milyon tibbi maska gətizdirib. O, həmçinin öz müraciətində virus məhv olana qədər tibbi ləvazimatlarla doğru davranmağı, xəstəxanalarda yataq sayılarının artırılmasını tövsiyə edib.

Ukrayna artıq virusla bağlı ikinci mərhələsini yaşayır. Belə ki, əgər əvvəllər virus xarici ölkələrdən gələn insanlarda aşkar edilirdisə, hazırda ölkə daxilində yaşayan insanların bir-birinə yoluxdurduğu məlum olub. Bu səbəbdən ölkənin səhiyyə naziri bəyanat yayaraq bildirib ki, insanlar özlərini evlərində təcrrd etməlidirlər. Xatırladaq ki, bu günlərdə Ukrayna millət vəkillərindən biri Sergey Şakov həyat yoldaşı və bacısının da bu virusa yoluxduğunu açıqlamışdı. Bu səbəbdən millət vəkilinin bütün ailəsi karantin altına alınıb. Həmçinin ailə ilə yaxın təmasda olmuş daha 50 nəfər isə testdən keçirilib.
Ukrayna Səhiyyə Nazirliyi bu səhər məlumat yayaraq bildirib ki, ölkədə 16 nəfər bu virusa yoluxub, 154 nəfərdə isə virus olması şübhəsi var. Qeyd edək ki, Ukraynada bu günə qədər koronavirusdan 2 nəfər dünyasını dəyişib.

İspaniyada məşhur serial aktyoru İtziar İtuno sosial şəbəkədə koronavirusa yoluxduğunu açıqlayıb. Aktoyr öz paylaşımında qeyd edib: “Cümə günündən bəri qızdırma və quru öskürək kimi simptomlar var idi. Bu gün testin nəticələrini aldıq və məlum oldu ki, pozitivdir. Hazırda vəziyyətim yüngüldür, lakin bu immuniteti zəif olan insanlar üçün çox təhlükəlidir. Bu virusa etinasız yanaşmayın. Həyatı təhlükədə olan nə qədər insan var. Koronavirusun daha nə qədər irəliləyəcəyini bilmirik. İndi mübaruzə aparmaq zamanıdır. Evdə qalın və başqalarını qoruyun!”

Qonşu Rusiyada alimlər koronavirusun (Covid-19) genetik kodlaşdırmasının tamamilə deşifrə edildiyini bildirirlər. Son məlumata görə, Rusiyada daha 52 insanda virus aşkarlanıb ki, onlardan da yalnız 1 nəfəri dünyasını dəyişib. Beləliklə, bu ölkədə bu günə qədər virusa yoluxanların sayı 199 nəfərə çatıb.

Qazaxıstandan gələn son məlumata görə, ölkədə daha 7 nəfərdə koronavirus aşkar edilib. Bununla da virusa yoluxanların sayı 44 nəfər çatıb.

Özbəkistanda 23 nəfər, Moldovada isə 36 nəfərdə bu virus aşkar edilib.

Xalidə Gəray
Musavat.com

 

Tarix: 20-03-2020, 15:28
Xəbəri paylaş





Xəbər lenti