Ali Baş Komandandan savaş çağırışı, yaxud evimizin içindəki cəbhə...

“Sarı jiletlilər “hipokratçılar”la birlikdə koronavirusla mübarizənin avanqardı rolunda...

Məlum olduğu kimi, prezident İlham Əliyevin fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd koronavirusun ölkəmizdə yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir. Artıq prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat vəsait də ayrılıb.

Ümumbəşəri bəlaya qarşı ümumxalq cəbhəsi

 

Əslində Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması ölkə başçısı tərəfindən koronavirusa qarşı ciddi bir cəbhənin açılması kimi dəyərləndirilməlidir. Ölkə başçısının təşəbbüsü ilə belə bir fondun yaradılması bir neçə amillə bağlıdır ki, bunlardan da biri bütün dünyanı təhdid edən koronavirus bəlasına qarşı sistemli, mərkəzləşdirilmiş mübarizənin aparılması zərurəti ilə əlaqədardır. Çünki koronavirusla mübarizə məqsədi ilə xüsusi bir fondun formalaşması heç şübhəsiz ki, bu mübarizəyə maliyyə dəstəyini təmin etməklə yanaşı, aparılan mübarizənin nəticələrinə nəzarət etməyə də imkan verəcək.

 

İkincisi, Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması bütün xalqımızın bu fond ətrafında sıx birləşmək, milli həmrəylik nümayiş etdirmək zərurəti ilə əlaqədardır. Bu baxımdan millət vəkili Qüdrət Həsənquliyev başda olmaqla, bəzi millət vəkillərinin, məmurların bu fonda pul köçürmək arzusunu dilə gətirməsi, ölkə başçısının hər bir vətəndaşımızın həyatı, təhlükəsizliyi baxımından mühüm önəm kəsb edən bu addımını  praktiki şəkildə dəstəkləməsi olduqca tədirəlayiqdir.

 

Günümüzün qəhrəmanları: Həkimləri alqışlayın, amma jurnalistləri də unutmayın...

 

Qeyd etdiyimiz kimi, Koronavirusla Mübarizəyə Dəstək Fondu bu xəstəliyə qarşı açılan ümumxalq cəbhəsidir. Bu mənada hər bir vətəndaşımızın bu cəbhənin ayaqda qalması uğrunda bir əsgər qətiyyəti ilə çalışmasına ehtiyac var. Biz Azərbaycan adlı evimizin içində açılan bu cəbhənin ayaqda qalması, koronavirus üzərində qələbə qazanması üçün durmadan çalışmalı, hər birimiz öz gücümüz və imkanlarımız daxilində bu savaşa öz töhfəmizi verməliyik. Bu baxımdan Azərbaycan jurnalistlərinin kifayət qədər fəallıq göstərdiyi, xəstəlik, onun mahiyyəti, ondan qorunmaq, onun yayılmasına qarşı mübarizə üsulları ilə bağlı maarifləndirmə xarakterli çoxsaylı məqalələrlə çıxış etdiyi göz önündədir. Bu baxımdan “sarı jiletliləri” “hipokratçılar”la birlikdə bu mübarizənin avanqardçıları hesab etmək olar.

 

Bu məsələdə Mətbuat Şurasının əməyini xüsusilə qeyd etməyə ehtiyac var. Ölkə mediasında koronavirusla bağlı yanlış  informasiyaların yer almasının önlənməsi, insanların doğru bir şəkildə məlumatlandırılmasının təmin olunması, koronavirusla bağlı dövlət qurumlarının verdiyi rəsmi məlumatların maksimum yayılması və s. baxımından Mətbuat Şurasının mühüm əmək sərf etdiyi inkaredilməzdir. Hansı ki,  bu əmək yüzlərlə, minlərlə insanın təhlükəsizliyinin təmin edilməsi, onların koronavirusdan qorunması, “görünməz düşmən”ə qarşı mübarizə bilgisinin artırılması baxımından əvəzsizdir.

 

Hər fərd Koronavirusla Mübarizəyə Dəstək Fondunun əsgəri rolunda...

 

Bununla yanaşı, bəzi millət vəkili və məmurlarımızın Koronavirusla Mübarizəyə Dəstək Fonduna aylıq əmək haqlarından müəyyən məbləğ köçürmək təşəbbüsünə media nümayəndələrinin də qoşulması təqdirəlayiq olardı. Media əməkdaşları ilə yanaşı, çoxsaylı  jurnalist təşkilatlarının, media ilə bu və ya digər şəkildə əlaqədar olan QHT-lərin də bu məsələyə öz töhfəsini verməsi bu mübarizəyə ciddi fayda verər. Bu, həm də jurnalistlərimizin, media təşkilatlarımızın ölkə başçısının koronavirsa qarşı savaş çağırışına hərtərəfli dəstəyi demək olar. Ümumiyyətlə, indiki məqamda peşəsindən, məşğuliyyətindən asılı olmayaraq, hər bir fərdin Koronavirusla Mübarizəyə Dəstək Fondunun əsgəri qismində çıxış etməsi vacibdir.

 

Bu baxımdan, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım kampaniyasının ümumxalq işinə çevrilməsi, hər bir vətəndaşımızın, xüsusilə də məmurlarımızın, iş adamlarımızın, sahibkarların imkanı daixlində bu fonda bəlli məbləğdə yardım göstərməsi arzuediləndir.

Unutmayaq ki, sabahımız bu gün aparacağımız mübarizənin miqyas və keyfiyyətindən, dövlətimiz ətrafında nə dərəcədə birləşə biləcəyimizdən asılıdır. Başqa sözlə desək, taleyimiz öz əlimizdədir və biz sübut etməliyik ki, özümüzü, doğmalarımızı, xalqımızı yaşatmağa qadirik!

 

Seymur ƏLİYEV


Tarix: 20-03-2020, 23:39
Xəbəri paylaş





Xəbər lenti