Talıbov klanının milyardlıq əmlakının taleyi belə olacaq – Ekspert açıqladı


Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbov və onun klanının sahib olduğu şirkətlərdə yoxlamaların keçirilməsinə başlanıb.
Vasif Talıbova məxsus “Gəmiqaya” şirkəti Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində valyuta tənzimi qaydalarının pozulmasına görə 8 protokol tərtib edilib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir. “Gəmiqaya Holdinq”in Vasif Talıbovun əlindən alındığı haqda məlumatlar var. Artıq şirkət “Arkoz Holdinq” adını daşıyır. Qeyd edək ki, V.Talıbovun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq”in prezidenti olub. Bundan əlavə, Vasif Talıbovun qardaşı Məhərrəm Talıbova məxsus “Sürət Kargo” MMC-nin ofisində də yoxlamalar aparılıb. Şirkət Naxçıvanda bu sahədə inhisarçı kimi tanınır. “Sürət Kargo” MMC-nin Ordubaddakı və Bakıdakı ofislərində də yoxlamalar keçirilir.
Göründüyü kimi, Vasif Talıbov və klanının sahib olduğu şirkətlər və iri həcmdə mənimsənilmiş vəsaitlərin geri alınması prosesi başladılıb. İddialara görə, bu vəsaitlərin həmin əllərdə qalması dövlət üçün təhlükəlidir.
Bütün bunlar Vasif Talıbovun biznesinin, iri əmlakının, yığdığı milyardların hansı formada milliləşəcəyi barədə mövzunu yenidən aktual edir.
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlama verən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib ki, belə hallarda mövcud praktikaya uyğun olaraq həmin şirkətin idarəedici rəhbərləri və yaxud təsisçiləri kimdirsə, digər şəxsə bəsit bir etibarnamə verməklə yeni direktorlar təyin edilir:
“Burada milliləşdirmə prosesi həyata keçirilməyəcək. Həmin əmlaklarla bağlı cinayət işi açılaraq xüsusi müsadirə məsələsi tətbiq olunmalıdır. Belə olan halda, sözügedən şirkətlər rəsmi qaydada satılmalı, əldə olunan vəsait dövlət büdcəsinə keçirilməlidir. Talıbovlara məxsus şirkətlərin yeni sahibləri olacaq və onlar da biznes planlarına uyğun şəkildə onu idarə edəcəklər”.
Ekspert əlavə edib ki, Vasif Talıbovun buna görə harasa müraciət etməsi mümkün deyil:
“Çünki bu şirkətlərin ona aid olduğunu iddia edə bilməz. Bu zaman dərhal onunla bağlı korrupsiya ilə mübarizə məsələsi ortaya çıxar. Dövlət qulluqçusu kimi uzun illər vəzifədə olan şəxs varidatı necə toplayıb, pulu necə əldə edib? Ona görə heç vaxt rəsmi şəkildə bəyan edə bilməz ki, bu şirkətlər ona, yaxud oğluna bağlıdır. Çünki bu şirkətləri qanuni yolla böyütdüyünü əsaslandıra bilməyəcək”.
Tarix: 6-01-2023, 22:26
Xəbəri paylaş





Xəbər lenti