Avropa Məhkəməsi səyahət qadağaları ilə bağlı rəsmi Bakını cərimələyib
Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) iyulun 11-də elan etdiyi yeni qərarlarına əsasən Azərbaycan hökuməti müxtəlif zamanlarda ölkədən çıxışına qadağa qoyulmuş hüquqşünas İntiqam Əliyev və jurnalist Səadət Cahangirə təzminat ödəməli olacaq. Tanınmış hüquqşünas İntiqam Əliyev 2014-cü il avqustunda həbs olunub, qanunsuz sahibkarlıq, mənimsəmə, vergidən yayınma kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib, 2016-cı ilin martında isə şərti azadlığa buraxılıb.
Əliyev 2017-ci ildə müalicə almaq məqsədi ilə xaricə səfər etmək istəsə də, Sumqayıt Şəhər Məhkəməsi onun müraciətini qəbul etməyib. Yerli məhkəmələr bu qərarı dəyişməyib. Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 4 saylı Protokolunun 2-ci maddəsinə (Hərəkət etmək azadlığı) və digər bir sıra maddələrinə əsaslanan Əliyev, Avropa Məhkəməsi qarşısında səyahət qadağasının qanunsuz olduğunu, habelə, qanunsuzluqdan müdafiə üçün səmərəli müdafiə vasitələrinin mövcud olmadığını iddia edib. Avropa Məhkəməsi cümə günü elan etdiyi qərarında Əliyevin hərəkət etmək azadlığının pozulması ilə bağlı şikayətini təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti hüquqşünasa 3500 avro təzminat ödəyəcək.
Strasburq məhkəməsi digər oxşar işdə jurnalist və fəal Səadət Cahangirə hər hansı məhkəmə qərarı olmadığı halda istintaq orqanları tərəfindən səyahət qadağası qoyulmasını qanunsuz hesab edib. Azadlıq qəzetinin əməkdaşı Baş Prokurorluğa 2022-ci ilin əvvəlində göndərdiyi sorğu əsasında qadağanın AXCP fəalına qarşı açılmış, onun şahid qismində dindirildiyi cinayət işi çərçivəsində tətbiq edildiyini öyrənir. Yerli məhkəmələr qadağa ilə bağlı şikayətini təmin etmədikdən sonra Səadət Cahangir Avropa Məhkəməsi qarşısında hərəkət etmək azadlığının pozulması və səmərəli müdafiə vasitələrinin mövcud olmamasına dair iddia qaldırıb. Avropa Məhkəməsi jurnalistin şikayətlərini təmin edən qərar qəbul edib. Qərara əsasən, hökumət ərizəçiyə 3500 avro təzminat ödəməli olacaq.
Məhkəmə ötən gün həmçinin “Yunusova və Yunusov Azərbaycana qarşı” işi üzrə qərarını elan edib. Bu iş tanınmış hüquq müdafiəçiləri Leyla və Arif Yunusların mülklərinin dövlət orqanları tərəfindən qanunsuz olaraq özgəninkiləşdirilməsi ilə bağlı şikayətlərinə aiddir. Beləki, Bakı şəhəri Şəmsi Bədəlbəyli küçəsində onlara məxsus iki mənzil “Qış parkı” salınması məqsədilə sökülsə də, çoxsaylı məhkəmə çəkişmələrindən sonra 2013-cü ilin sentyabrında Ali Məhkəmə qərarı ilə onlara təyin edilən kompensasiya ödənilməyib. Ərizəçilər AİHM qarşısında onlara münasibətdə ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət və mülkiyyət hüququnun pozulması ilə bağlı iddia qaldırıblar. AİHM bu işdə ərizəçilərə münasibətdə mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulmasına qərar verib. Qərara əsasən, Azərbaycan hökuməti üç ay ərzində Ali Məhkəmənin mübahisə ilə bağlı 25 sentyabr 2013-cü il tarixli qərarının icrasını təmin etməlidir. AİHM həmçinin hökumət və ərizəçiləri üç ay ərzində ədalətli təzminatla bağlı yazılı təkliflərini məhkəməyə təqdim etməyə çağırıb.