Ermənilər Qazaxıstan olayından namərdcəsinə istifadə edirlər...

Ermənilər Qazaxıstan olayından namərdcəsinə istifadə edirlər...
Qazaxıstanda baş verən olaylar hər bir Azərbaycan vətəndaşını sözsüz ki, narahat edir. Ən azı ona görə ki, qazaxlar türkdür və bu ölkə Türk Dövlətləri Təşkilatının üzvüdür. Ancaq bu olaylardan öz məqsədləri üçün siyasi alver etmək istəyən ermənilər, növbəti dəfə əxlaqsız və namərd olduqlarını dünyaya bir daha sübut etməyə cəhd edirlər.
Baxın, Ermənistanın Qazaxıstandakı keçmiş səfiri Ara Saakyan bildirib ki, “Azərbaycan Nursultan Nazarbayevin timsalında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) ən yaxşı himayəçisini itirir. Qeyri-rəsmi ictimai səviyyədə və mediada Azərbaycan KTMT-nin Qazaxıstandakı hadisələrə müdaxiləsini mənfi qəbul edir. Saakyana  görə, həm Bakı, həm də Ankara heç bir halda Qazaxıstanı itirmək istəmir. Bakı sürətlə yenidən formatlaşdırılmalı, Qazaxıstanla siyasətinə yenidən baxmalıdır. Azərbaycan indi çox ciddi bir olayın baş verdiyini anlayır, amma onlar prosesdən kənarda qalır”. 
Əlbəttə, Saakyan “Azərbaycan Nursultan Nazarbayevin timsalında KTMT-də ən yaxşı himayəçisini itirir”, deməklə guya Azərbaycan bu təşkilata üzv olmaq üçün əldən, ayaqdan gedirdi kimi xülyasını rəsmi Bakının boynuna qoymaq istəyir. Qeyri-rəsmi ictimai səviyyədə və mediada Azərbaycan KTMT-nin Qazaxıstandakı hadisələrə müdaxiləsini mənfi qəbul etməsinə gəlincə, bəli, Azərbaycan cəmiyyəti, tanınmış ictimayyət nümayəndələri KTMT-nin bu addımını qeyri-qanuni və başqa ölkənin daxili işinə qarışması kimi qəbul edir. Çünki, Qazaxıstanda KTMT nizamnaməsinin 4-cü bəndində nəzərdə tutulmuş xarici qüvvələrin təcavüzü baş verməyib. Burada sadəcə xalq sosial problemləri üzündən öz hökumətinə etirazlarını bildirirdi. Hadisələrin ilk günündə Tokayevin öz tvitter səhifəsində “Qazaxıstana 20 min terrorçu gəlib” yazması isə tam əsassız idi. Çünki, belə olmasaydı o, həmin yazısını sonradan silməzdi. Digər tərəfdən də, adamdan soruşarlar: bəs sən necə rəhbərsən ki, ölkənə “sızan” 20 min terrorçudan indiyədək xəbərin olmayıb? Demək bu, KTMT-ni ölkəyə gətirmək üçün sadəcə yalançı bir “əsas” idi. 100 mindən artıq ordusu və digər güc strukturları olan Qazaxıstanın baş verən olayların qarşısını ala bilməməsinin səbəbi, heç də onun ordusunun zəif olması ilə əlaqəli deyil. Görünən odur ki, bu, Qazaxıstanda Nazarbayev-Tokayev klanlararası çəkişmə, ümumilikdə isə qazax xalqının bütövlükdə daha çox məhz cənab Tokayevə nifrətinin olması ilə bağlıdır. Bu arada, Nazarbayevin sözçüsü Aydos Ukibayın “Nazarbayevin özü Təhlükəsizlik Şurasının sədri vəzifəsinin hazırkı dövlət başçısı Kasım-Jomart Tokayevə verilməsi barədə qərar qəbul edib. Nazarbayev Nur-Sultandadır və Tokayevə dəstək olur”, deməsi heç də səmimi görünmür. Əks halda Nazarbayev bu müraciəti xalqa özü efir vasitəsi ilə edə bilərdi.  
Saakyanın “Bakı sürətlə yenidən formatlaşdırılmalı, Qazaxıstanla siyasətinə yenidən baxmalıdır”, deməsi isə rəsmi Bakının öz xalqını qırğına verən, satan Qazaxstan prezidenti Kasım-Jomart Tokayevə dəstək olmadığını və bununla da, əsasən bu oyunda baş rolda olan Rusiyanın yanında yer almamasını önə çəkmək istəyindən irəli gəlir. Ancaq bu məxluq qanmır ki, nə rəsmi Bakı, nə də Azərbaycan xalqı Tokayevin hələ Qazaxıstanın xarici işlər naziri olarkən Azərbaycana qarşı xüsusi soyuqluq göstərməsini, həmçinin “qazaxlar və ermənilər qardaş xalqlardır”, deməsini unutmayıb. Bundan əlavə, bu həmin Tokayevdir ki, qazax xalqı Azərbaycanın 44 günlük haqq savaşı günlərində öz türk qardaşlarını dəstəklədiyi halda, o, prezident olaraq nəinki rəsmi Bakının mövqeyini bir dəfə çıxış edib dilucu olsa da dəstəkləmədi, hətta ermənilər Azərbaycan şəhərlərini bombalaması nəticəsində həlak olmuş çoxsaylı dinc sakinlərin qətlinə görə belə, Azərbaycan prezidentinə zəng edib başsağlığı verməyi özünə rəva bilmədi. Bu sırada biz hələ Azərbaycanda savaşdan öncə və savaş gedən zaman Qazaxıstanın hava məkanı üzərindən Rusiya təyyarələrinin Şoyqunun “taxta-şalban” daşımasına göz yummasını, Azərbaycanın bu məsələ ilə bağlı dəfələrlə müraciətlərinə məhəl qoymamasını demirik. Hər halda Tokayev bu təyyarələrdə silah daşındığını və məhz o silahlarla həm də dinc türk qardaş və bacılarının namərdcəsinə öldürüldüyünü çox yaxşı bilirdi. Ancaq kim bilir, bəlkə heç Tokayev qazax-türk deyilmiş. Çünki, istər-istəməz ana dilini bilməyən, öz xalqına başqa dildə müraciət edən, onu başqa xalqın əsgərinə qırdıran manqurtlaşmış bir ölkə başçısının milliyyəti hər kəsi şübhələndirə bilər. 
Odur ki, yaxşı olar ki, Saakyan ara qarışdırmaqdansa qoy gedib öz cəmiyyətinə sosial şəbəkələrdə Qazaxıstana “sülh donunda” gedən sınıq-salxaq, başı əzilmiş  əsgərlərinə iyrənc tövsiyələr verən sosial şəbəkə “qəhrəmanlarını” tərbiyələndirsin. Qazax xalqının heysiyyatına toxunacaq qeyri-etik ifadələr yazmasının qarşısını alsın. Qoy onlar Türk dünyasının Tomris anası qeyrətində olan qazax qızlarını, Xankəndidə sinələrini açıb rusiyalı “sülhməramlılara” “Mən gecə şahzadəsiyəm” - deyib özlərini təklif edən “kardaşyanlarla” səhv salmasın. 
Saakyan bilsin ki, Azərbaycan xalqı bütün varlığı ilə qazax xalqının yanındadır. Yanvarın 11-də Türk Dövlətləri Təşkilatının onlayn toplantısında isə, bu təşkilatda yer alan liderlər öz ölkə vətəndaşlarının mövqelərini daha da gücləndirəcək.  Saakyan öz əsgərlərinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlara görə KTMT-əyə də çox güvənməsin. Türkiyə ilə Azərbaycan arasında Şuşa, həmçinin Türkiyə, Azərbaycan, Pakistan arasında imzalanmış Bakı bəyannamələrini unutmasın.   
Sözsüz ki, indi artıq qazaxlar Tokayevi prezidentlik kürsüsünə görə öz xalqını Rusiya, Belarus, Ermənistan əsgərlərinə qırdırdığından vətən xaini hesab edirlər. Ancaq bu adamın sabah Qazaxıstanda Matəm günü keçirməsi, övladını öz əli ilə öldürüb sonra rəzil vəziyyətdə onun üstündə yalandan vay-şüvən qoparan ana və ya ata kimi özünü gözə soxması, qazax xalqı tərəfindən daha böyük, həmçinin əbədi nifrətə səbəb olacaq. 
 
Mübariz Azərbaycanlı, müstəqil jurnalist

Tarix: 9-01-2022, 22:40
Xəbəri paylaş





Xəbər lenti