Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə faktı ilə bağlı ittiham olunan general-mayor Nizami Məmmədov və digərlərinin məhkəməsi davam edir.“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində baxılan iş üzrə indiki mərhələdə şahidlər ifadə verir.
Bir neçə hərbi hissədə maliyyə şöbəsi rəhbəri işləmiş Sadiq Hacıyev bəhs etdiyimiz işdə şahid kimi tanınıb. Amma o, özü də 143 milyonluq yeyintidə iştirakda ittiham edilir. Onun haqda ötən ilin iyulunda həbs qətimkan tədbiri seçilib, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
Hacıyevin ifadəsindən məlum olub ki, onun cinayət əməli nəticəsində dövlətə 1 milyon 500 min manat ziyan dəyib. İstintaq orqanı ilkin olaraq ona güzəşt edərək həbsini tələb etməyib, dəymiş ziyanı ödəməsi üçün şans verib. Lakin təqsirləndirilən şəxs bu şansdan istifadə etməyib. Dəymiş ziyan ödənilmədiyinə görə, onun haqda həbs qətimkan tədbiri seçilib.
S.Hacıyev deyib ki, işlədiyi müddətdə maliyyə hesabatına köçürülən şişirdilmiş məbləğlərin 40 faizini özünə götürüb, 60 faizini isə rəhbərliyə verib. O, qanunsuz tapşırıqları da işlədiyi hərbi hissənin tabe olduğu korpusun maliyyə şöbəsinin rəisindən aldığını etiraf edib:
“Mən özbaşına qanunsuzluq etməmişəm. 1 milyondan çox vəsaiti mənimsədiyim iddia olunur. Bu rəqəmlə razı deyiləm. Çünki bu qədər pulu görməmişəm. Maliyyə sənədləri məhv edilib, təəssüf ki, bunu yoxlama aparan şəxslərə sübut edə bilməmişəm. Evini, maşınımı satışa qoymuşam. Hələ ki, satış baş tutmayıb deyə ziyanı ödəyə bilmirəm”.
General Məmmədovun vəkili Rəşad Mirmehdizadə şahiddən “Nizami Məmmədov sizə göstəriş veribmi?”- soruşub.
Şahid generalla heç vaxt ünsiyyətinin olmadığını deyib. Həmçinin ona yalnız korpusun maliyyə rəisinin tapşırıq verdiyini təkrarlayıb.
Vəkil Mirmehdizadəni maraqlandıran digər məsələ şahidin həbsindən əvvəl və həbs edildikdən sonra fərqli ifadə verməsi olub. Hacıyev həbs edildikdən sonra özündə olmadığını, nə ifadə verdiyini bilmədiyini deyib.
Şahid Cəbrayıl Orucov əvvəllər iki fərqli hərbi hissədə maliyyə şöbəsinin rəisi işləyib. Cinayət işi başlanan vaxtda isə Hərbi polisdə eyni vəzifədə çalışırmış.
Orucov da işlədiyi dövrdə qanunsuz ödənişlərə mənimsəmə faktları olduğunu etiraf edib.
Şahid deyib ki, hərbi hissələrdə maliyyə hesabı açılıb. Dövlət büdcəsindən həmin hesablara ödəniş edilib. Sonradan isə həmin pullar nağdlaşdırılaraq mənimsənilib:
“Vəsaitin 60 faizini rəisimə vermişəm, 40 faizi isə özünə qalıb. "Ölü kart"lar yaradılırdı ki, həmin kartların sahibləri olmurdu.
Pullar həmin kartlara köçürülüb. Hər ay 14-ü qadın olmaqla 25 nəfərin adına ödəniş olub. Əməkhaqqı cədvəlinin siyahısını hərbi hissə komandiri təsdiqləyirdi. Amma bu qanunsuzluqdan xəbəri yox idi. Hərbi hissələrdə işlədiyim müddətdə mənə ümumilikdə 800 min manat qalıb, yerdə qalan pulu təftişə gələnlər götürüb”.
C.Orucov ifadəsində Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsini rəisi Rəfael Xələfovun da adını çəkib. Deyib ki, cinayət baş verən dövrdə sonuncu yoxlama 2021-ci ilin yanvarında aparılıb. Həmin yoxlama qrupuna rəhbərliyi Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsini rəisi Rəfael Xələfov edib. Şahid etiraf edib ki, təftiş zamanı rəsmi hesabatdan gizlədilən məbləğlər olub ki, onu ancaq R.Xələfovla özü bilib:
“Bu haqda heç kimə məruzə etmirdik. Rəfael Xələfov bunu müəyyən etdi, məbləğin də 60 faizini özünə götürdü",-deyə şahid ifadəsini yekunlaşdırıb.
Proses yanvarın 19-u davam edəcək.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham verilib.
Hazırda araşdırılan iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsi rəisi Vüsal Əlizadə birgə mühakimə edilirlər.
Tarix: 12-01-2024, 22:26