Adı qalmaqallarda hallanan direktoru xəstəxanada niyə döymək istəyiblər? - “Səni deşik-deşik edəcəm”



Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Elxan Ağabalayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 
Qərara əsasən, şikayət təmin edilməyib.
 
Qeyd: Elxan Ağabalayev Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Qeydiyyat şöbəsində qeydiyyatçı vəzifəsində çalışıb. Hadisə 08 may 2023-cü il tarixdə, saat 14 radələrində Sabirabad rayonu, Qalaqayın kəndində yerləşən həmin xəstəxananın inzibati binasında qeydə alınıb. Belə ki, sözügedən xəstəxananın inzibati işlər üzrə direktor müavini vəzifəsində işləmiş zərərçəkmiş Bayram Mikayılov Elxan Ağabalayevin həyat yoldaşını xəstəxananın amblator xəstə xidmətləri şöbəsinin qeydiyyatçısı vəzifəsindən başqa yerə köçürüləcəyi bildirib. Sonra o, qeydiyyat masasının üzərinə qoyulmuş “direl”in “sverlosu”nu çıxarıb əlində binanın üçüncü mərtəbəsinə qalxıb. Həmin vaxt zərərçəkmiş şəxs Elxanın onun arxasınca gəldiyini bilib xidməti otağının qapısını kilidləyərək gizlənib. Təqsirləndirilən şəxs isə üçüncü mərtəbədəki dəhlizə daxil olmaq üçün kənar şəxslərin girişinə bağlı olan və xüsusi kartla açılan qapını əlində olan sverlo ilə açmağa cəhd edib. Bu zaman Elxan orada olan xəstəxana əməkdaşlarının və pasientlərin gözləri qarşısında uca səslə Bayram Mikayılova nalayiq ifadələr işlədib. O, zərərçəkmiş şəxsə “səni deşik-deşik edəcəm” deyərək çölə çıxmasını tələb edib. Hadisədən sonra Elxan Ağabalayev saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Elxan Ağabalayevə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) növündə cəza təyin edilib.
 
Qeyd: İş üzrə zərərçəkmiş qismində tanınan Bayram Mikayılovun adı uzun illərdir müxtəlif qalmaqallarda hallanır. Belə ki, mətbuatda yayılan məlumata görə, o, bu ilin yanvarında Culfa Rayon Mərkəzi Xəstəxanasına icraçı direktor təyin edilib. Bayram Mikayılov 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir etməsi ilə gündəmə gəlmişdi. Video görüntüsü yayılan bu hadisə o zaman mediada geniş yayılmış və qınanılmışdı.
 
Bayram Mikayılov daha bir qalmaqalı ilə 2017-ci ildə medianın gündəminə gəlib. O zaman Bayram Mikayılov Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqlamış, buna görə də Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanmışdı.
 
Bayram Mikayılov 2019-cu ildə DSMF-nin Sabirabad rayon şöbəsinə rəisi vəzifəsində çalışarkən vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pullarını mənimsəməkdə ittiham olunaraq işdən çıxarılaraq, onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və qısamüddətli həbs edilmişdi.
 
Sonradan TƏBİB xəttinə yol tapan Bayram Mikayılov 2022-ci ildə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edilib. Lakin bir müddət sonra maliyyə maxinasiyalarına və Qarabağ qazilərinə qarşı göstərdiyi kobud rəftara görə Bayram Mikayılov vəzifədən uzaqlaşdırıldı.
Tarix: 10-07-2024, 10:06
Xəbəri paylaş





Xəbər lenti