İşdə asayişi, yarış meydanında Azərbaycanın şərəfini qoruyur - Portret

İşdə asayişi, yarış meydanında Azərbaycanın şərəfini qoruyur - Portret Şəhriyar Lissabona “qızıl kəmər” ardınca gedir


Öz vəzifəsini vicdanla yerinə yetirmək hər bir vətəndaşın borcudur. Polis, həkim, jurnalist, usta və s. olmağından asılı olmayaraq, hər bir peşə sahibi öz işinə məsuliyyətlə yanaşmaqla, həm də, vətənə xidmət etmiş olur. Vətənin keşiyini çəkən əsgər, mötəbər arenalarda ölkənin üçrəngli bayrağını qaldıran idmançı kimi. Ancaq elələri də var ki, cəmiyyətdə tutduğu vəzifəsini yerinə yetirməklə yanaşı, həm də, beynəlxalq arenalarda bayrağımızı qaldırmağa da vaxt tapır. Belə insanlardan biri də Şəhriyar Hüseynzadədir. Neftçala Rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı olan Hüseynzadə, həmçinin, peşəkar idmançı, "Dinamo” cəmiyyətinin üzvüdür. O, vəzifə başında asayişi, beynəlxalq arenalarda isə ölkəmizin şərəfini layiqincə qoruyur. Bu yazıda sizə kunqfu-sanda üzrə son dünya çempionatının gümüş mükafatçısı Şəhriyar Hüseynzadədən bəhs edəcəyik.


Hamı güləşi, o sambonu seçdi


Şəhriyar 1988-ci il may ayının 15-də Bərdədə, ziyalı ailəsində dünyaya gəlib. O, 3-cü sinifdə oxuduğu zaman atasının işi ilə bağlı Bakıya köçüblər. Şəhriyarın yaşadığı Yasamal rayonunda uşaqlar arasında döyüş idman növlərinə yazılmaq dəb halını almışdı. Yenicə Bakıya gəlmiş Şəhriyar da, dostlarından geri qalmır. Güləşlə məşğul olan dostları ona idmana yazılmağı məsləhət görürlər. Dəcəl, bir qədər döyüşkən uşaq olan Şəhriyar üçün dostlarının məsləhəti göydəndüşmə olur. Lakin o, güləşi yox, sambonu seçir və UGİM-də sambo qrupuna yazılır.
Bəs niyə güləş yox, məhz sambo? Şəhriyar bu suala "güləşlə məşğul olacağım halda, boyumun balaca qalacağını deyirdilər, buna görə, sambonu seçdim” cavabını verir. İdmana böyük həvəsi olan Şəhriyar, televiziyadakı döyüş idman növlərini, xüsusilə, ölkəmizin idmançılarının beynəlxalq yarışlarını qaçırmır, yaxından izləyirdi. Çox çəkmir ki, idmana həvəsi onu həvəskar statusundan çıxarır. Artıq yarışlarda nəticələr özünü göstərməyə başlayır. Bakı çempionu olan Şəhriyar, daha sonra ölkə çempionu da olur. Özünün sözlərinə görə, Bakı çempionu olduqdan sonra onda özünəinam daha da artır və məşqlərdə ikiqat həvəslə çalışmağa başlayır. Məşqdə çəkilən əziyyət isə yarışlarda qazanılan mükafatlarla geri qayıdır.
Ancaq onun idmanda uğurları artdıqca və bu işlə peşəkar səviyyədə məşğul olmağa başladıqca, dərslərində axsama meydana gəlir. Bu isə Şəhriyarı gələcəkdə ali təhsilli görmək istəyən valideynlərinin ürəyincə deyildi. Buna baxmayaraq, o, universitetə hazırlıq mərhələsində də məşqlərini dayandırmır. Ta ki, ali məktəbə qəbul olana kimi. Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olan Şəhriyar valideynlərini arzusuna çatdırsa da, öz həvəsi olduğu sahədən, idmandan uzaq düşür. Lakin universiteti bitirib hərbi xidmətə yollanan Şəhriyar idmandan çox da uzaq qala bilmir. O, hərbi xidmətdən qayıtdıqdan sonra yenidən idmanla məşğul olmağa başlayır. Ancaq bu dəfə sambo yox, Kunqfu-sanda və uşu-sandanı seçir.



İtaliyada bayrağımızı dalğalandıran Azərbaycan polisi


Şəhriyar idmana qayıtdıqdan sonra gərgin məşqlər sayəsində əvvəlki formasını bərpa edir. O, qatıldığı ilk beynəlxalq turnirdə, Türkiyədəki yarışda 3-cü olur. Məşqçisi Elşad İbrahimov onun formasını bərpa etməsində böyük rol oynayır. Ötən il isə İtaliyanın Karara şəhərində Şəhriyar karyerası ərzində ən ciddi sınağına çıxır. 10 mindən çox idmançının qatıldığı yarışda 90 kq-dan yuxarı çəkidə kunqfu-sanda üzrə dünya çempionatında çıxış edən Şəhriyar finala vəsiqə qazanır. Finalda isə onun rəqibi fransalı idmançı olur. Özündən qat-qat artıq çəkili (147 kq) rəqiblə qarşılaşmanın ilk hissəsində hesabda irəli olan Şəhriyar, ikinci hissədə zədələnərək, texniki nokautla məğlub olur. İlk dəfə qatıldığı dünya çempionatını "gümüş”lə başa vuran Şəhriyarın bu uğuru böyük sevinclə qarşılanır. Polis leytenantı Hüseynzadə İtaliyada himnimizi səsləndirə bilməsə də, bayrağımızı dalğalandırmağı bacarır.


"Atam medal qazandığımı öyrənəndə kövrəldi”


Bəs fəxri kürsüyə çıxanda, yüksələn bayrağımıza baxanda, Şəhriyar hansı hissləri keçirdi? O, ikinci olduqdan sonra keçirdiyi hissləri belə ifadə edir: "Yarışdan sonra ilk olaraq atama zəng etdim. Atam medal qazandığımı öyrənəndə kövrəldi. Ailəmdə hamı mənim uğuruma çox sevindi. Fəxri kürsüyə çıxanda ailəmi, məşqçilərimi, iş yoldaşlarımı sevindirdiyim üçün üzərimdə bir rahatlıq var idi. Bu uğur rahatlıqla əldə olunmur. Uğura gedən yol gərgin məşqlərdən keçir. Çəkdiyin əziyyətin qarşılığını arenada aldığını görəndə, insanda xoş əhval yaranır. Əlbəttə, bunların hamısından öncə isə vətənimizin adını yüksəltməyin sevinci var idi”. Uğura baxmayaraq, Şəhriyar "himnimizi səsləndirsəm, daha yaxşı olardı” deyir.


"Kəmər mənim olacaq!”


Buna isə onun daha bir şans var. O, İtaliyada keçirilmiş dünya çempionatında qazandığı "gümüş”ü Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək analoji yarışda "qızıl”a dəyişə bilər. Bu dəfə isə yarış daha çətin olacaq. Belə ki, Şəhriyar artıq medal yox, qızıl kəmər uğrunda döyüşəcək. Kəmər uğrunda öz sahəsi üzrə ən yüksək reytinqə malik idmançılar mübarizə aparır. Şəhriyar bu dəfə də 90 kq-dək çəki dərəcəsində yarışacaq. Hədəf isə bəllidir - çempionluq. Hələ uşaq vaxtından qorxunun nə olduğunu bilməyən Şəhriyarı Lissabondakı çətin sınaq qətiyyən qorxutmur: "Özümü tam hazır sayıram. Deyə bilərəm ki, karyeram ərzində ən yüksək formadayam. Kəmər mənim olacaq!”


Komediya filmlərinin, Dronqonun həvəskarı


Həm polis kimi çalışan, həm də yarışlara hazırlaşan Şəhriyarın çox az boş vaxtı olur. O, boş vaxtlarında film izləməyi sevir. Ancaq maraqlıdır ki, uşaq vaxtından döyüşə böyük marağı olan Şəhriyar, bu cür filmləri sevmir. Onun üstünlük verdiyi janr isə komediyadır. Ancaq Şəhriyar üçün keçmiş Azərbaycan filmlərinin yeri başqadır. O, "Ulduz” kimi komediya filmlərimizə 100 dəfə baxsan da, yenə bezmirsən. Nə qədər desən, o filmlərə baxaram” deyir. Şəhriyar məşq edərkən musiqi dinləməyi xoşlayır.
Polis leytenantımızın mütaliə ilə də arası pis deyil. O, son zamanlar vaxt azlığı ilə bağlı elə də çox kitab oxuya bilməsə də, əvvəllər Çingiz Abdullayevin kitablarını daha çox oxuduğunu deyir. Uşaq vaxtından polis olmağa həvəsli olan Şəhriyarın Abdullayevin detektiv qəhrəmanı Dronqoya rəğbəti anlaşılandır.


Unudulmayan fənd və iki ali təhsilli idmançı


Şəhriyarın uşaq vaxtından kumiri bir dəfə olimpiya çempionu, bir dəfə olimpiadanın gümüş mükafatçısı olmuş Namiq Abdullayevdir. O, Abdullayevin Sidney olimpiadasının həlledici görüşündəki qızıl medal qazandıran fəndini hələ də unutmadığını deyir. Şəhriyar hələ məktəbi bitirməmişdən öncə polis olmağı xəyal edirdi. Ancaq valideynləri bu peşənin çox çətin olmasını əsas gətirərək, onu bu seçimdən çəkindirirlər. O, tam başqa sahəyə üz tutaraq, İqtisad Universitetinə qəbul olur. Buna baxmayaraq, Şəhriyar bir qədər gec də olsa, öz arzusunun ardınca gedir. "Çətin olsa da, peşəmi sevirəm” deyir. Şəhriyar hərbi xidmətdən qayıtdıqdan sonra ikinci ali təhsilini alır. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olur. Buranı bitirdikdən sonra 4 il məhkəmədə çalışan Şəhriyar, nəhayət, öz arzusuna çatır və polisə işə düzəlir. Polis leytenantı olan Hüseynzadə işi barədə "Polis kimi çalışmaq çox şərəfli işdir. Birinə kömək edəndə insana fərəh hissi yaranır” deyir. Neftçala Rayon Polis Şöbəsində axtarış üzrə əməliyyat müvəkkili kimi çalışır. İşdə rəhbərlik ona yarışlara hazırlaşmaq üçün hər cür şərait yaradır. Polis üçün bir nömrəli məqam fiziki hazırlığın qaydasında olmasıdır ki, Hüseynzadənin bu cəhətdən də ideal polis olduğunu demək olar.


"Olimpiya çempionu olacaq”


Valideynləri Şəhriyarın idmanla məşğul olmasının əleyhinə olsa da, o, bu məsələdə fərqli düşünür. Evli olan Hüseynzadənin bir oğlu var. O, övladı barədə danışarkən, "olimpiya çempionu olacaq” deyir. Şəhriyar övladını kiçik yaşlarından idman gimnastikasına yazdırmağı planlaşdırır. Ancaq oğlu başqa sahəni seçəcəyi təqdirdə, onun seçiminə qarışmayacağını, dəstəkləyəcəyini deyir. Şəhriyarın fikrincə, sənətindən asılı olmayaraq, hər bir insan idmanla məşğul olmalıdır. Hüseynzadənin idmandakı uğurları iş yoldaşlarını da həvəsləndirir. Belə ki, artıq onun iş yoldaşları da Şəhriyarla birlikdə məşqə gedirlər. İş yoldaşları Şəhriyara həmişə dəstək olur. Özünün sözlərinə görə, Neftçala əhalisi də yarışlarda daim onu daim dəstəkləyir, uğurlarına sevinirlər.



Daim öz arzularının ardınca gedən Şəhriyar, bu günə kimi hədəflərinə çatmağı bacarıb. Buna görə, onun portretini yaradarkən "döyüşkən, əzmkar” xarakteri daha çox yerinə düşür. İşdə asayişin keşikçisi, arenalarda vətənin layiqli təmsilçisi olan Hüseynzadəni, nümunəvi polis, vətənpərvər idmançı kimi xarakterizə etmək olar. Şəhriyar "mən idmanı buraxsam da, idman məni buraxmaz” deyir. Bu da o deməkdir ki, Şəhriyarın beynəlxalq arenalardakı uğurlarının sədasını hələ çox eşidəcəyik. İşdə asayişi, yarış meydanında Azərbaycanın şərəfini qoruyur - Portret
İşdə asayişi, yarış meydanında Azərbaycanın şərəfini qoruyur - Portret
Tarix: 1-04-2017, 00:50
Xəbəri paylaş





Xəbər lenti