“Bütün İspanıya “Xəzər Lənkəran”ın fırıldaq mağarası olmasından xəbərdardı” - İTTİHAM VAR

“Bütün İspanıya “Xəzər Lənkəran”ın fırıldaq mağarası olmasından xəbərdardı” - İTTİHAM VAR 12 il ölkənin futbol ailəsinin üzvü olan, artıq bir ilə yaxındı fəaliyyətini dayandıran “Xəzər Lənkəran”nın fiaskoya uğramasını şərtləndirən səbəblər haqda bu günə kimi istər “Futbol+”də, istərsə də başqa mətbu orqanlarda çox yazılıb, çox təhlillər aparılıb. Hər kəs Lənkəran təmsilçisinin çöküşünə müxtəlif rakurslardan yanaşaraq, fərqli fikirlər orataya qoyub, zirvədən zirzəmiyə enişin kökünü araşdırmağa çalışıb. Və bu araşdırmaların yekunu kimi də, demək olar ki, hamı eyni qənaətə gəlib: klub yarıtmaz idarəçiliyin qurbanı olub. Mais Mənsimov - Tuyqun Nadirov tandemi iş başında olduğu illərdə yalnız öz şəxsi mənafeyini güdərək, kluba ayrılan milyonları mənimsəməklə, futbolçulara, məşqçilərə “atmaqla”, ikili müqavilələr hesabına qaz vurub qazan doldurublar. Zaman-zaman fırıldaqçı cütlüyün əməlləri mətbuatda işıqlandırılsa da, ikili müqavilələrin mahir ustası olan Nadirov – Mənsimov tandemi öz tilovlarına yeni-yeni qurnbanlar salmağı bacarıblar.

Stajlı azarkeşlər, yəqin ki, 2011-ci ildə Tuyqun bəyin Culius Vobayın başına gətirdiklərini unutmayıb. “Ağ-yaşıllar”ın heyətində 19 oyuna çıxıb 5 dəfə fərqlənən yarımmüdafiəçi klubla birillik müqavilə imzalasa da, Tuyqun bəy israrla onun daha bir mövsüm düşərgədə qalmalı olduğunu, anlaşmanın 2012-ci ildə qüvvədən düşəcəyini bildirirdi. Ancaq syera-leoneli legioner vitse-prezidentlə razılaşmamış, səssiz-səmirsiz düşərgəni tərk edib Misirə yollanmışdı. Həmin vaxt “Futbol+”in əməkdaşı Tuyqun bəylə görüşmüş, yaşananlara aydınlıq gətirməsini istəmişdi. Nadirov isə haqlı olduğunu sübut etmək üçün Vobayın klubla daha birillik müqaviləsinin olduğunu özündə əks etdirən sənəd ortaya qoymuş, yarımmüdafiəçinin onların icazəsi olmadan heç bir klubla anlaşa bilməyəcəyini bildirmişdi. Ancaq çox keçmədən futbolçu “Əl Məsri”də oyuna çıxdı. Və məlum oldu ki, vitse-pörezidentin ictimaiyyətə təqdim etdiyi, Vobayın onlara məxsus olduğunu əks etdirən sənəd saxtadı. Belə olmasaydı, Misir klubu ilə anlaşan qaradərili oyunçuya görə cənubluların rəhbərliyi qarşı tərəfə təzminat davası açardı. 6 ay sonra isə Vobay yenidən Azərbaycana döndü. Ancaq bu dəfə “ağ-yaşıllar”ın əzəli və əbədi rəqibi “Neftçi”nin düşərgəsinə.

Mübariz Mənsimovun milyonlarını yağmalayan, özünə yüksək şərait quran Nadirovun saxtakarlığını üzə çıxaran daha bir fakt Xorxe Diasla bağlı məsələdi. 2006-cı ilin yayında "Xəzər Lənkəran"a transfer olunan Xorxe Dias həmin ilin qışında klubu tərk edib, vətəni Kolumbiyaya gedib. İstirahət adıyla gedən futbolçu geri dönməyib. Ancaq əldə etdiyi məbləğin 60 min dollarını geri qaytarmağa razılaşıb. Bu pul o vaxt komandanın direktoru vəzifəsində çalışmış Tuyqun Nadirovun xaricdəki bank hesabına oturdulub. Bu əməliyyatdan isə “Palmali”nin şefinin xəbəri olmayıb.

Tuyqun Nadirovun pula necə həris olduğu, cibini doldurmaq üçün hansı vasitələrə əl atdığı haqda faktlar yetərincə çoxdu. Onlardan biri də Davud Quliyevin başına gələnlərdi. Quliyev 1999-cu ildə dayısının təşəbbüsü ilə Rusiyanın Ufa şəhərinə gedib və futbol karyerasına da orda başlayıb. Kimertau klubunda oynayan futbolçu 2010-cu ildə Azərbaycana qayıdıb, hərbi xidmətə gedib. 2011-də isə o, “Kəpəz”ə götürülüb. Lakin orda çox qalmayıb, 2 ay sonra “Xəzər Lənkəran”a üz tutub. Burda isə Tuyqun bəyin saxtakarlığına dözə bilməyərək futboldan uzaqlaşıb: “Kəpəz”də başa düşdüm ki, əsas heyətdə oynaya bilməyəcəm. Müxtəlif səbəblər var idi. O barədə danışmaq istəmirəm. Sonra “Xəzər Lənkəran”da 4 gün baxışda oldum. O vaxt komandanın baş məşqçisi Mirça Rednik idi. O, məni bəyəndi. Mənə bildirildi ki, 5 min maaş alacaqsan. Bu, mənim üçün çox gözəl xəbər idi, çünki puldan çox futbol oynamağı arzulayırdım. “Xəzər Lənkəran” da iddialı komanda idi, fikirləşdim ki, nəhayət, karyeramın uğurlu vaxtı başlayar. Məşqlərdə canımı qoyurdum. Sonra Tuyqun Nadirov otağında mənə dedi ki, klubun vəziyyəti yaxşı deyil. Hələlik maaş məsələləri bir az qarışıqdı. Məşqçinin məni bəyəndiyini bildirdim. Dedi ki, hələlik pul yoxdu. İstəyirsən, qal, sonra maaşını alarsan. Gördüm nəsə konkret söz demir, ora-bura fırladır məni. Heç nə başa düşmədim. Əvvəlcə mənə bildirmişdilər ki, komandaya götürülürəm və 5 min maaş alacam, sonra Tuyqun deyir ki, pul yoxdu, oyna, sonra olacaq. Bu nə deməkdi? Gördüm ki, klubda da aləm qarışıb. Rednik də ordan getmək ərəfəsində idi. Futbola belə çirkinlikləri görüb, uzaqlaşdım. İmkanım yaxşı deyildi, məcbur qalıb başqa işlə məşğul olmağa başladım. İndi futboldan uzağam. Bu uğursuzluqlar mənə çox pis təsir eləmişdi. Görürdüm ki, məndən zəif futbolçular oynayır, mən isə həmişə problemlə qarşılaşıram. Həm də futbolda heç kimi tanımırdım, mənim üçün çətin idi”.

Mais Mənsimovla Tuyqun Nadirovun fırıldaqlarından Avropadakıların da xəbəri var. İspanıyalı futbol agenti Toni Kruea 2014-cü ilin martında Türkiyənin “Radyospor” radiosuna açıqlamasında klub rəhbərliyini biabır edib: “Onların hamısı fırıldaqçı və yalançıdılar. Bütün İspanıya “Xəzər Lənkəran”ın fırıldaq mağarası olmasından xəbərdardı. Mən bir neçə ispan futbolçunu o klubun düşərgəsinə aparmışdım. Rəhbərlik bütün oyunçulara problem yaradaraq, müqavilədə göstərilən şərtlərin heç birini yerinə yetirmədi. Bizi aldatdılar. “Bareslona”da Puyol, Valdeslə yanaşı iki ilyarım top qovmuş Mario Rosası, “Betis”in forvardı Daniel Martini ora aparmışdım. Tuyqun Nadirov vədini tutmadı. Nə futbolçuların, nə də mənim xərclərim qarşılandı. Halbuki mənə bütün məsrəflərin klub tərəfindən ödəniləcəyini bildirmişdilər. Mübariz Mənsimov ictaimaiyyət arasında tanınan, hörmətli insandı. Başa düşmürəm, o niyə belə fırldaqçıları ətrafına toplayıb, onların əməllərinə göz yumur? Nadirov Mario ilə müqavilə bağlayacaqlarını bildirmişdi. Ancaq son anda fikrindən daşındı. Futbolçu hətta tibbi müayinədən də keçmişdi. Hər iki futbolçunu Bakıya aparan vitse-prezident sonradan yoxa çıxdı. 5 gündən sonra Mario geri qayıtmağa məcbur oldu. Çünki Nadirov futbolçuya müqavilədə göstərilən məbləğin yarısını verə biləcəyini söyləyib. Söhbət Çempionlar Liqasında oynamış futbolçulardan gedir. 30 gün Bakıda qaldıq və hər dəfə fırıldaqçı Tuyqun bizə başqa söz söyləyib, müqaviləyə başqa bəndlər salmağa çalışırdı. İspaniya ilə yanaşı, artıq Avropada da “Xəzər Lənkəran” barədə mənfi fikir formalaşıb. Komanda məşhurluq qazanmaq istəyir, ancaq heç kimin onlara inamı qalmayıb. Biz artıq FİFA-ya müraciət etmişik. Bütün İspanıya bilir ki, bu klub yalan mexanizmi, yalançıların və saxtakarların toplaşdığı yuvadı”.

Vaxtilə “gəmiçilər”in şərəfini qorumuş İvan Pexa da ikili müqavilənin günahsız qurbanlarındandı: “Xəzər Lənkəran”ın adını belə xatırlamaq istəmirəm. Bir mövsüm komandanın uğur qazanması üçün tər tökdüm. Ancaq onların cavabı mənə nə oldu? Bir il futbolsuz qaldım. Halbuki İngiltərə, Almaniya, Slovakiya klublarından dəvətlər var idi. Danışdıqca əsəbləşirəm. Rəhbərlik hansı əməllərdən çıxıb – bunu özləri yaxşı bilir. Azərbaycana gedən əksər legionerlər birillik müqaviləyə imza atır. Mən də bunu düşünüb onlarla anlaşmışdım. Sonradan, çempionatın gedişində və mövsüm başa çatandan sonra dəfələrlə müqaviləyə baxmaq istədim. Ancaq onu mənə heç kim göstərmədi, gizlətdilər. Elə hey deyirdilər ki, iki il kluba məxsussan. Müqavilə ingilis dilində hazırlandığından, hər şeyə fikir vermişdim. Gic deyiləm ki, anlamadığım dildə yazılmış kağıza imza atım. 100 yox, milyon faiz əminəm ki, ilkin anlaşmanın müddəti birillik idi. Sonradan rəhbərlik nə etdisə, müddət daha birilliyə uzandı. Menecerimin klubda zəng vurmadığı adam qalmadı. Az qala biraylıq maaşımı telefon danışıqlarına verdim. Onlar məni buraxmaq istəmədiklərini deyirdilər”.

Göründüyü kimi, Mais Mənsimovla Tuyqun Nadirovun futbolçuların başına açdığı oyunların sayı-hesabı yoxdu. Amma bu da son deyil. Tandemin maskasını bütünlüklə yırtacağıq. İrəlidə onları daha parlaq sürprizlər gözləyir! \\“Futbol+”\\
Tarix: 5-05-2017, 08:21
Xəbəri paylaş





Xəbər lenti