İlin döyüşü baş tutdu: nə qədər qazandılar? (FOTOLAR)
İlin boks döyüşü britaniyalı Antoni Coşua və yeni zellandiyalı Yosep Parker arasında baş tutub.
Qaynarinfo xəbər verir ki, döyüş Uelsin paytaxtı Kardifdəki "Milenium" stadionunda keçirilib.
Kəmər birləşdirmə qarşılaşması 12 raund davam edib. Bundan əvvəl bütün döyüşlərində nakautla qalib gələn Coşua yeni zellandiyalı rəqibini rəsmi qərardan sonra xalla məğlub etməyi bacarıb.
Britaniyalı döyüşçü bu qələbə ilə birlikdə rinqə çıxdığı 21-ci matçı da qazanaraq məğlubiyyətsizlik seriyasını davam etdirib. O, 21 döyüşdən 20-sini nakautla qazanıb. Coşua qarşısında 12 raund ayaq üstə qalan Parker isə karyerasının ilk məğlubiyyətini alıb.
Bu qələbə ilə Coşua WBA, WBO və IBF kəmərlərinin sahibi olub. Döyüşü 78 min tamaşaçı canlı izləyib. Qarşılaşmanı televiziya vasitəsi ilə izləyənlərin sayı isə milyarddan çox olub.
Döyüşün qalibi 20 milyon funt-sterlinq (təxminən 47 milyon 710 min manat) qazanıb. Karyerasının ilk məğlubiyyətini alan Parker isə 13 milyon funt-sterlinqə (təxminən 31 milyon manat) sahib çıxıb.
Tarix: 1-04-2018, 21:30