Koronavirus pandemiyası futbolçuların transfer qiymətinə də mənfi təsir göstərib.
Virusun yaratdığı maliyyə böhranı ümumi bazarda qiymətlərin 20 faiz aşağı düşməsinə səbəb olub. 1998-ci il və ondan sonra doğulmuş oyunçuların transfer qiymətindəki eniş isə 10 faiz təşkil edib. Transfer bazarında qiymətlər sürətlə aşağı düşüb. Məşhur futbol agenti Paulo Barboza da qarşıdan gələn yay transfer pəncərəsi haqqında açıqlamasında bildirib ki, klublar futbolçuları ilə yollarını ayırmaq fikrini açıq şəkildə bəyan etməməlidirlər. Çünki bu addım onların dəyərini əhəmiyyətli dərəcədə aşağı sala bilər. Barboza sərbəst pul vəsaitlərinin azaldığını və qarşıdakı dövrdə qazanclı sövdələşmə aparmağın çətin olacağını qeyd edib.
Cebhe.info pandemiya dövründə maaşı azalan məşhur futbolçularla bağlı araşdırma edib. Hazırda dünyanın ən bahalı futbolçusu Fransanın PSJ klubunda çıxış edən Kilian Mbappedir. 22 yaşlı hücumçunun qiyməti 180 milyon avrodur. Lakin o da pandemiyanın yaratdığı iqtisadi çətinlik səbəbilə 21 milyon avro ziyana düşüb.
Bu dönəmdə ən çox ziyan görən futbolçu "Barselona" klubunun ulduzu Lionel Messidir. Hücumçunun fevral ayında dəyəri 175 milyon avro olub. Lakin oyunçunun transfer qiyməti La Liqanın dayandırılması ilə 125 milyon avroya düşüb. Ehtimallara görə, liqa bərpa olunacağı halda, onun dəyəri 134 milyon avroya qalxacaq.
“Mançester Siti”nin futbolçusu Kevin de Bruyne pandemiya səbəbilə ən çox dəyəri düşən futbolçular sırasında ikinci yerdə gəlir. 26 yaşlı yarımmüdafiəçinin transfer qiyməti 24 milyon avro azalaraq 99 milyon avroya düşüb.
PSJ-nin brazilyalı futbolçusu Neymar da Silva isə qiyməti aşağı düşən futbolçular sırasında qərarlaşıb. 26 yaşlı hücumçunun transfer qiyməti 21 milyon azalıb və 137 milyon avroya enib. "Liverpul"un misirli ulduzu Məhəmməd Salahın da transfer qiymətində düşmə müşahidə edilib. 19 milyon avro itirən hücumçunun transfer dəyəri 124 milyon avroya enib. İngiltərə təmsilçisinin daha bir üzvü Sadio Mane də koronavirus səbəbilə ziyana uğrayıb.
"Liverpullu" hücumçunun transfer bazarındakı dəyəri 17 milyon avro düşərək 116 milyon avro olub. “Tottenhem”in hücumçusu Harri Keyn isə 16 milyon avro geri düşüb. Onun transfer gəliri 112 milyon avro ilə tamamlanıb.
“Mançester Siti”nin yarımmüdafiəçisi Rahim Sterlinq isə 13 milyon avro itiriməli olub. Beləliklə, hazırda onun ümumi gəliri 129 milyon avro təşkil edir. "Borrusiya"nın yarımmüdafiəçisi Ceydon Sançonun dəyəri 13 milyon avro düşüb və 121 milyon avro təşkil edir. "Mançester Yunayted"in hücumçusu Markus Reşford da koronavirusdan ziyan görənlərdəndir. O, ümumilikdə 11 milyon avro zərər görüb. Beləliklə, futbolçunun transfer dəyəri 96 milyon avroya düşüb. Qeyd edək ki, Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) koronavirus pandemiyasının futbolçuların transfer dəyərinə təsiri barədə hesabatında bildirmişdi ki, mövsüm iyunun sonuna qədər yekunlaşmasa, oyunçular klublarına orta hesabla 28 faiz ucuz başa gələcəklər:
"Futbolçulardan bəzilərinin qiyməti daha çox düşəcək. Bunların hamısı bir neçə amildən asılıdır: oyunçunun yaşı, müqaviləsinin müddəti, karyera yolu və son dönəmdəki çıxışları. Ən çox qısamüddətli müqavilələri olan yaşlı oyunçular və bu mövsüm meydana girməyənlər itirəcəklər".
Koronavirus pandemiyası səbəbilə Azərbaycan millisində də çıxış edən oyunçuların dəyərində eniş müşahidə edilib. "Transfermarkt"da futbolçuların qiyməti 10-20 faiz aşağı enib. Yığmanın ən bahalı futbolçusu olan Riçard Almeydanın transfer qiyməti 1,3 milyon avroya düşüb. BƏƏ-nin "Baniyas" klubunun yarımmüdafiəçinin daha öncəki dəyəri 1,6 milyon avro idi. "Qarabağ"ın futbolçusu Maksim Medvedevin dəyəri 300 min avro aşağı düşərək, 1 milyon avro olub.