Dibə çatmışıq, yoxsa hələ batmaqda davam edəcəyik – UTANC MƏNZƏRƏSİ


Dibə çatmışıq, yoxsa hələ batmaqda davam edəcəyik –     UTANC MƏNZƏRƏSİ
Hazırda real olaraq “nə etməli?” sualı qarşısında dayanmışıq, həm də boynubükük
 
Ölkə kubokunun final oyunu ilə Azərbaycanda növbəti futbol mövsümü başa çatdı. Bütün suallar cavablandırıldı, 4 klub yerli futbolu Avropa yarışlarında təmsil etməyə hazırlaşır və qalanları kiçik azarkeş dəstəsinin gözündə özlərini reabilitasiya etmək üçün növbəti çempionatın başlamasını gözləməli olacaqlar. Necə deyərlər, futbol sənayesində bir sakitlik çöküb və fürsətdən istifadə edib, müəyyən nəticələrə gəlmək olar.
 
Deyəcək bir şey olmadığı zaman nə danışmalı...
 
Azərbaycan futbolunun səviyyəsindən danışmaq yəqin ki, mənasızdır. FIFA reytinqinin ikinci yüzlüyündə ləngər vurmaq vəziyyəti istənilən analitik izahdan daha aydın göstərir. Və hər bir futbolsevər həqiqətən suala cavab almaq istəyir: dibə çatmışıq, yoxsa sərbəst düşmə gələcəkdə də davam edəcək?
 
Üstəlik, hamı müsbət, ürəkaçan, parlaq perspektivlər vəd edən cavab gözləsə də, təəssüf ki, ürəkaçan bir söz tapıb demək mümkün deyil. Bu idman növünün Azərbaycanda klinik ölüm keçirməsinin bütün əlamətləri var. Və belə əlamətlər çoxdur, amma bu gün yalnız ikisini göstərəcəyik.
 
Ötən günlərin xatirəsi
 
7-8 il əvvəl də jurnalist qardaşlarımız yerli mətbuatda intriqa atəşini güclü və əsaslı olaraq alovlandırır, yerli və xarici məşqçiləri virtual duelə cəlb edirdilər. Legioner mütəxəssislərlə bağlı fikirlər müxtəlif idi və klubların seçimi uzun və ciddi fikir mübadilələri, analitik izahlar üçün daim mövzu təminatı yaradırdı. Bəli, ancaq o günlərdə heç kimin ağlına da gəlməzdi ki, bir gün bu mövzu da “quruyacaq”.
 
İndi Mustafa Dənizli, Con Toşak, Rasim Kara, Yuri Syomin, Anatoli Demyanenko, Anatoli Konkov, Vlastimil Petrjela kimi görkəmli mütəxəssislərin vaxtilə Azərbaycan klublarının məşqçi körpüsündə dayandığına inanmaq çətindir. Bu gün 8 Premyer Liqa klubunun hamısını yerli mütəxəssislər idarə edir. İtaliyada, İspaniyada, İngiltərədə və ya bu idman növünün möhkəm ayaqları üzərində dayandığı başqa bir futbol ölkəsində bu həqiqət bir növ uğur kimi qiymətləndirilə bilər, amma Azərbaycanda deyil.
 
Yerli mütəxəssislər kimlərdən öyrənməlidir? Samir Abbasov “Neftçi”ni çempionluğa gətirdi, tarixində ilk dəfə Ayxan Abbasovla “Sumqayıt” bürünc medal qazandı. Sonra nə olacaq? Bu məşqçilər nə qədər öz “şirələrində dəmlənəcəklər”? Bu məsələdə Amerika açmağa ehtiyac yoxdur. İndi ən uğurlu türk mütəxəssislərindən söz düşəndə ilk xatırlanılan Fatih Terimdir. Bəs o, “taxta” necə çıxdı?
 
Terim - “sıravi”dən “imperator”a
 
Peşəkar futbolçu karyerasını başa vurduqdan sonra Fatih Terim özünü məşqçi kimi sınamağa qərar verdi. Bununla birlikdə, məşqçilik karyerasının başlanğıcı heç də uğurlu deyildi. Onun rəhbərliyi altında “Ankaragücü” klubu Türkiyə çempionatında 6-cı yeri tutdu və Birinci Liqanın komandası isə “Göztepe” yuxarı liqaya yüksələ bilmədi.
 
Bundan sonra, 1990-cı ilin avqustunda Terim üç il çalışdığı Türkiyə gənclər millisinə rəhbərlik etsə də, lakin heç bir nəzərəçarpan nəticə əldə etmədi.
 
Ölkənin gənclər komandasına rəhbərlik edən Terim, eyni zamanda əsas komandanın baş məşqçisi köməkçisi oldu. O zaman Türkiyə millisinin başında Danimarka millisi ilə 115 beynəlxalq oyun keçirən və Dünya Kubokunun final mərhələsində (1986) iştirak edən alman mütəxəssis Sepp Piontek dayanmışdı. Pionteklə bir neçə il işlədikdən və lazımi təcrübə qazandıqdan sonra, 1993-cü ildə Terim özü bu vəzifədə alman mütəxəssisini əvəz edərək, Türkiyə millisinin baş məşqçisi oldu.
 
İndi o, tamamilə fərqli bir məşqçi idi. Onun rəhbərliyi altında Türkiyə millisi AVRO-1996-nın seçmə qrupunda ikinci yeri tutaraq (yalnız İsveçrə millisinə 1:2 hesabı ilə məğlub olmuşdular), çempionatın final hissəsinə uğurla vəsiqə qazandı. Turnirin final hissəsində türklər üç matçın hamısında məğlub oldular (möhtəşəm Xorvatiya, Portuqaliya və Danimarka milli komandalarından alınan məğlubiyyətlər), özü də heç bir qol vurmadan. Amma Türkiyədə hamı Terimin işini uğurlu saydı, çünki Türkiyə 1996-cı ilə qədər yalnız 1954-cü ildə böyük bir beynəlxalq turnirdə oynamışdı. “İmperator” ayamasının Türkiyədə ona verilməsi təsadüfi deyildi.
 
Və belə nümunələr çoxdur. Ancaq Azərbaycanda bir neçə dollara qənaət etməyi və “cənnətə” yerli məşqçilərlə birlikdə girməyi üstün tuturlar. Bu ideyadan nəyin alınması isə göz qabağındadır.
 
Həqiqi və toy generalları
 
Başqa, lakin müəyyən dərəcədə birinci problemlə bağlı olan mövzu leginoerlərdir. Heç kimə sirr deyil ki, komandanın heyətində çox şey seliksioner-məşqçidən və baş məşqçinin özündən asılıdır. Təqdim olunan yeni futbolçuda komandanın turnirlərdə uğur qazanmasına kömək edəcək lazımi keyfiyyəti görmək üçün bacarıq və futbol sayıqlığınız olmalıdır. Ancaq təcrübənin göstərdiyi kimi, Azərbaycanda bu sahədə də real deqradasiya müşahidə olunur. Yenə də bir neçə il geriyə qayıdaq.
 
2004-2005 mövsümündə Oqtay Derelioğlu indi tarix olan “Xəzər-Lənkəran”ın heyətində oynamaq üçün Azərbaycan Premyer Liqa klubuna gəldi. Bundan əvvəl Türkiyə çempionu, İspaniya və Almaniya çempionatlarında oynamağı bacaran ölkə Kuboku və Superkubokunun qalibi olan türk hücumçu idi Derelioğlu. Onun transferi Azərbaycan futbolu tarixində ən böyük transfer oldu, baxmayaraq ki, transferin dəqiq məbləği açıqlanmasa da, bəzi mənbələrə görə 200.000 avrodan çox idi. Eyni mövsümdə Derelioğlu 16 qol vurdu və klubun bombardiri oldu: ümumilikdə Lənkəranda oynadığı dövrdə 34 matçda 35 qol vurdu - əla göstəricidir.
 
İndi isə heç kim belə transferləri xəyalına da gətirmir. Bəlkə də bu və ya digər klub “Neftçi”nin son mövsümdə etdiyi kimi artıq sönmüş bir ulduzu toy generalı kimi dəvət edəcək, amma bundan o yana yox. “Neftçi” Keisuke Honda ilə cəmi 7 matçlıq müqavilə imzaladı. Üstəlik, keçmiş yapon ulduzunun start heyətdə olacağına zəmanət verildi, yəni baş məşqçinin onun üçün verdiyi fikir əvvəlcədən onun üçün maraq kəsb etmirdi. Və müqavilənin şərtləri sadəcə fantastik idi.
 
Beləliklə, sahəyə hər çıxışı üçün şəxsi aşpazı ilə Bakıya gələn yapon futbolçu 100 min dollar alırdı. Bonus olaraq, vurulan hər qol üçün 10 min dollar, üstəlik “Neftçi” çempion olarsa (və ağ-qaralar çempionluq qazandılar) 300 min dollar alması nəzərdə tutulurdu. Bəs bu, Azərbaycan futboluna nə verdi? Yerli gənc futbolçular 7 matçda ən yaxşı formasından uzaq olan Hondadan nə öyrənə bilərdi? Tamamilə heç nə! Yalnız həsədlə yaponun meydanda keçirdiyi hər dəqiqə üçün 1000 dollardan çox qazandığını düşünməkdən başqa heç nə!
 
Müflis olan ticarət
 
Və bu gün reallıqda nə əldə etmişik? Tamlıq naminə cari mövsümdə Azərbaycan klublarının “şah” transferlərindən bəzilərini təqdim edirik. Beləliklə...
 
Əslində bu məsələdə ən ideal vəziyyət “Qarabağ”da olmalıdır - axı klub uzun illərdir Avropa turnirlərində oynayır və məşqçilər korpusu çox şey gördü və təcrübə qazandı. Ancaq belə olmadı! Möhtəşəm səs-küylə İspaniyanın 2 divizionunda oynayan Ovusu Kvabena Ağdam düşərgəsinə gəldi. Klub onun üçün çox böyük təzminat ödədi. Futbolçu ilə 3,5 illik müqavilə imzalanıb. Cəmi bir il yarım bəs elədi ki, “köhlənlər”in səbri tükənsin - Ovusunun klubdan ayrılması istənildi.
 
Uros Matiç ilə də eyni vəziyyət yarandı. Qurban Qurbanov məhşur Nemanya Matiçin qardaşına nə qədər şans versə də, serb Ağdam komandasının ansamblında özünə yer tapa bilmədi.
 
Yaxud yeni çempionu – “Neftçi”ni və Talisson Diazla yanlışını götürək. Onunla iki illik müqavilə imzalanmasına baxmayaraq, çox güman ki, bakılılar bu yay Diazla vidalaşacaqlar. Bəzən Samir Abbasov onu əvəzedicilər siyahısına belə, salmırdı.
 
Rener Alves ilə bağlı vəziyyət isə sadəcə bir şah əsəridir - transfer siyasətinin zirvəsidir! 20 yaşlı braziliyalı elə bir reklam edildi ki, sözlə ifadə etmək çətindi! Və nəticədə - o, heç bir matçda meydana girməyib! İndi də əlbəttə ki, səssizcə və reklamsız onu evə göndərirlər.
 
Və hər klubda belə nümunələr çoxdur. Komandaların maddi vəziyyətinin çətin olduğunu nəzərə alsaq, transfer siyasətinin çökməsi yalnız boş yerə xərclənən pul deyil, həm də komandanın növbəti çempionatda iştirakına şübhə yaradan böyük bir zərbədir.
 
Yenidən təkər icad etməyə ehtiyac yoxdur
 
Və tamamilə Çernışevskinin tərzində, “nə etməli?!” sualı qarşısında dayanıb futbolumuz. Dünya futbolunun bir əsrdən çox tarixi var, yəni velosiped ixtirası tələb olunmur. Nə vaxtsa “Neftçi” “Qalatasaray”ı astronomik hesabla darmadağın etmişdi. İndi buna inanmaq çətindir və tarix tam əksini təkrarlaya bilər.
 
Beləliklə, sadəcə və çox primitiv olaraq, qonşuların - Türk futbolunun təcrübəsini götürüb, kopyalaya bilərsiniz. Nəticə var və çox yaxşıdır. Ümid etmək olar ki, Azərbaycan futbolunun bossları nəhayət öz işlərinə ağıllı və məsuliyyətlə yanaşacaqlar. Axı bu idman növünü ölkədə nə kütləvi informasiya vasitələri, nə də azarkeşlər qaldırmalıdır...
Tarix: 28-05-2021, 08:45
Xəbəri paylaş





Xəbər lenti