UEFA Moskvanın hiddətinə rəğmən Ukraynanın yeni formasını təsdiqlədi
UEFA Ukraynanın milli futbol yığmasının 2020-ci ilin Avropa çempionatı üçün formasını təsdiq edib. Üzərində vətənpərvər şüar və Ukraynanın Krımla birlikdə xəritəsini əks etdirən forma Rusiyanı hiddətləndirmişdi. Dövlət Dumasının millət vəkillərindən biri Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Pavelkonun təqdim etdiyi formanı “siyasi təxribat” adlandırmışdı. Ukrayna futbolçuları yeni formanı COVID-19-a görə təxirə salınmış Avro 2020 çempionatında geyinəcəklər. Çempionat iyunun 11-dən iyulun 11-dək Rusiyanın Sankt Peterburq da daxil 11 şəhərində keçiriləcək. UEFA-nın 7 iyunda yaydığı bəyanatda deyilir ki, Avro 2020-ci il çemopionatı üçün bütün komandaların formaları mövcud qaydalara əsasən təsdiqlənib. “Simferopoldan Kiyevə qədər…” Pavelko iyunun 6-da özünün Facebook səhifəsində Ukrayna komandasının “məxsusi formada” çıxış edəcəyini vurğulayıb və formanın fotoşəkillərini paylaşıb. Ukrayna bayrağının rənglərini simvolizə edən mavi-sarı köynəyin üzərində “Eşq olsun Ukraynaya! Eşq olsun qəhrəmanlara!” şüarları yazılıb. Pavelko deyib ki, köynəyin üzərindəki xəritə futbolçuları qələbəyə ruhlandıracaq və “Sevastopol və Simferopoldan Kiyevə, Donetsk və Luqanskdan Ujqoroda qədər azərkeşlər onlara dəstək verəcəklər”. Donetsk və Luqansk Ukraynanın şərqində rusiyayönlü separatçılar tərəfindən işğal edilmiş iki şəhərdir. Sevastopol və Simferopol isə ilhaq edilmiş Krım yarımadasında yerləşir. Azı 100-dək ölkə Krımın Rusiyaya birləşdirilməsini qanunsuz sayır. Zaxarova rişxənd edir Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna millisinin yeni formasına rişxənd edib və deyib ki, “Ukrayna öz ərazisini Rusiyanın Krımına yapışdırıb”. Kreml Krıma üstüörtülü qoşun göndərdikdən sonra burada referendum keçirilib. Əksər ölkələr bu referendumu qanunsuz hesab edirlər. Zaxarova əlavə edib ki, formanın üstündəki şüarlar da nasist salamlamasına bənzəyir. “Ukraynaya eşq olsun!” və “Qəhrəmanlara eşq olsun!” şüarları ilk dəfə I Dünya Müharibəsi zamanı səslənib. Bu şüarlar habelə rusiyayönlü prezident Viktor Yanukoviçin devrilməsi və ölkədən qaçması isə nəticələnmiş Maydan günlərində də səslənirdi. Moskva isə bu şüarları II Dünya Müharibəsi ilə bağlayır. Həmin müharibədə millətçi qruplar SSRİ-yə qarşı döyüşən nasistləri dəstəkləyir və onlarla əməkdaşlıq edirdilər. Kremlin tənqidçiləri Moskvanı bu şüarları qərəzli yozmaqda ittiham edirlər. Vladimir Putinin sözçüsü Dmitri Peskov TASS agentliyinin Ukrayna millisinin forması ilə bağlı sualına cavab verməyib və bu kimi sualları UEFA-ya ünvanlamağı məsləhət görüb. Azadliq radiosu