"Federasiyaların başında peşəkarlar deyil, idmandan xəbərləri olmayan korrupsioner məmur-oliqarxlar yerləşdirildi”
“Tokio Olimpiadasının uğursuz nəticələri hamını, birinci növbədə hakimiyyəti narahat etməlidir. Bizdən əhalisi az olan, iqtisadi cəhətdən dəfələrlə kasıb olan Ermənistan və Gürcüstan daha uğurlu oldular. Səbəb isə ancaq və ancaq korrupsiyadır”. Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas
Aslan İsmayılov deyib.
A.İsmayılov bildirib ki, idmanla məşğul olanların, xüsusilə uşaqların sayı artdıqca uğur da artır: “Azərbaycanda isə insanların kütləvi şəkildə idmanla məşğul olduqları idman yerləri kəskin şəkildə azaldı. İdman ancaq imkanlılar üçün əlçatan oldu. İnsanların pulsuz məşğul olduqları bütün idman sahələri (bütün növ güləş, üzgüçülük, əl oyunları, yüngül, ağır atletika və s.) dədə malı kimi satıldı və stadionlar tikinti komleksləri, qapalı idman sahələri isə saunalar, kazinolar və s. “xana”lara çevrilərək kommersiya obyektləri kimi fəaliyyət göstərməyə başladı. Məktəblərə məxsus idman zalları Təhsil Nazirliyi, həmkarlara məxsus vətəndaşların kütləvi məşğul olduqları sahələr isə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən su qiymətinə satıldı. Ölkədə kütləvi idman tədbirlərinə ayrılan vəsaitlər İdman və Gənclər Nazirliyi tərəfindən mənimsənildi. Ölkədə idmanın inkişafına ayrılan yüz milyonlar legionerlərə xərcləndi, çünki bu vəsaitin mənimsənilməsinin və xaricə çıxarılmasının ən asan yolu idi. Bununla da, idmançıların inkişafına ayrılmış vəsaitlərin heç olmasa bir hissəsi yerli idmançıların yox, əcnəbilərin inkişafına xərcləndi. Yüz milyonların xərcləndiyi, demək olar ki, hər rayonda tikilən olimpiya kompleksləri orada yaşayan vətəndaşların idmanla məşğul olmaları üçün yox, ayrı-ayrı məmurların qohum-əqrabasının obyektləri kimi fəaliyyət göstərdi. İdman Federasiyalarının başında peşəkar idmançılar yox, idmandan xəbərləri olmayan korrupsioner məmur-oliqarxlar yerləşdirildi”.
Tarix: 8-08-2021, 17:21