De də, de, De Byazi, de, görək, bu nə oyundur?




Bir var, azarkeşlik etdiyin komanda Braziliya, Portuqaliya, Almaniya, İspaniya milliləri kimi əjdaha komandalara uduzsun, bir də var - Lüksemburqa.
Qlobusa baxanda yenə orda Xəzərin qoynuna qısılmış Azərbaycan görünür, amma Lüksemburq görünmür, bəlkə çox zənd eləsən, nöqtə kimi bir yer görərsən.
Düzdür, bu ölkənin valyutası, varidatı bizimkindən çoxdur (düşməni yox, pis qonşusu yox ki, silah-sursata milyardlar xərcləyə - bəxtəvər ölkədir), amma konkret olaraq, ölkənin düz-əməlli futbolu da yoxdur. İndiyəcən qatıldığı bütün turnirlərdə, bütün qruplarda axırıncı yeri tutub, di gəl, indi Avropanın ən zəif 4-5 milli komandasından biri olan Lüksemburq gəlib-gəlib bizi udur.
Bu, yerə-göyə, heç bir dəftər-kitaba sığacaq iş deyil. 44 günlük ildırım sürətli müharibənin müzəffər əsgərlərinin futbolçu qardaşlarına yaraşan nəticəydimi bu? Əsla.
Yadınızda olmaz, 1993-cü ilin yazında müdafiə naziri Dadaş Rzayev Qarabağ cəbhəsindəki hərbi uğursuzluğu şərh edərkən belə bir söz demişdi: “Budur, neçə illərdir, 11 adam tapıb futbol oynada bilmirik, amma məndən qısa müddətdə ordu qurmağı istəyirlər”.
O vaxt bu söz çoxlarına haqlı görünmüşdü, çünki həqiqət idi. Başıpozuqluq, xaos zamanıydı. Amma vaxt keçdi. Keçən il bu vaxtlar 100 min əsgər çıxarıb müharibə-müharibə oynaya biləcəyimizi dünyaya göstərdik, amma hələ də furbol oynamaq üçün 11 nəfər düzəldə bilməmişik.
milli 2021_1617066033_1617355403_483.jpg (165 KB)
Şişirtmə yoxdur, gerçəkdən, düzəldə bilməmişik. Zorla, birtəhər 9 gənc kişi tapmışıq, 10-cu və 11-cini isə kirayə götürmüşük, ordan-burdan cəlb etmişik - legionerləri milliləşdirməklə.
Əlbəttə, kimsə haqlı olaraq deyəcək ki, yaxşı futbol oynamaqla ölkənin ərazisinin genişliyinin, əhalisinin çoxluğunun əlaqəsi yoxdur. Elədir. Elə olmasaydı, hərəyə 1,5 milyard əhalisi olan Hindistan və Çin, ya da dünyanın ərazicə ən azman ölkələri olan Rusiya və Kanada futbolda tornado qoparardılar. Heç onlar da 11 nəfər bacarıqlı futbolçu tapa bilmirlər.
Amma 300 minlik İslandiyanın oynadığı futbol hara, 300 milyonluq Banqladeşin oynamadığı futbol hara (bilənlər desin, ümumiyyətlə, Banqladeşdə futbol varmı, yoxmu).
Bir söz də var: “Bizdə futbol ənənəsi yoxdur”. Bu sözü ilk dəfə deyən adamın sözü bitən kimi futbol ənənəsi yaratmağa başlasaydıq, indi ənənəmizi Kosta-Rikanın futbol ənənəsindən qədim və zəngin olardı. Biz 50-60 il əvvəl futbol oynayanda, forvardımız Banişevski Peleli Braziliyanın qapısına qol vuranda, Ələkbər Məmmədov “Milan”la oyunda het-trik edəndə Kosta-Rikada futbolu kokos qozuyla oynayırdılar. İndi onlar mundialın final mərhələsinin qrupundan çıxırlar, biz isə seçmə oyunların qrupunda axırıncı yerdə qalırıq.
Bu gedişlə bu dəfə də qrupda qalacağıq. Bu, dərd ediləsi bir şey deyil, həmişə olan şeydir, amma fərq o olacaq ki, Lüksemburqun altında qalacaqıq. Tarixi ərzində yalnız bizi udmağı bacaram Lüksemburq bizdən bir pillə üstdə olacaq. Bax, bunu yemək olmur. Şirinşayla da getmir, pivə ilə də.
111.JPG (45 KB)
İndi millimizin baş məşqçisi Canni de Byazi desin görək, bu nə futbol idi, oynadırdı. Belə futbolu kim oynayır? Adam güclü oyunçuları ehtiyatda saxlayıb, əvəzediciləri meydana buraxdı, iki qol yeyəndən sonra istiləndi, geri dönüş eləmək istədi, alınmadı. Ara yerdə başı fırlandı.
Razıyam, bundan əvvəlki məşqçilər də as deyildilər. Onlar da meydançaya elə oyunçular buraxırdılar ki, yaşıl sahədə vurduqları qollardan çox, lüks maşınlarıyla yol qırağında xadimə vurmuşdular, meydançada eləcə, ora-bura qaçırdılar – çox zaman da topsuz.
Amma əvvəlki məşqçilərin heç olmasa 5 oyundan bir qələbə qazanmaları, heç-heçə etmələri olurdu və Lüksemburq kimi komandalara uduzmurdular. İtalyan mütəxəssis gələndən bəri yalnız müdrik-müdrik intervülər verməklə məşğuldur, ortada isə ürəkaçan nəticə yoxdur.
22.jpg (314 KB)
Ən pisi odur ki, adam İtaliyada tanıdığı işsiz-gücsüz keçmiş futbolçuları yığıb özüylə gətirib Bakıya. Bu, Benito Karbone, o Klaudio Beluççi, o biri Alessandro Skaya, bu biri Federiko Turitsiani. Axırıncı sinyor videoanalitikmiş. Nə analizi aparırsan, Fed, Lüksemburqun oyununu analiz etmişdinmi barı?
Yenə Klaudio Beluççinin yerinə Monika Beluççini gətirsəydilər, bundan daha effektiv olardı. Sinyorina uşaqlara moral verər, qol vurana öpücük vəd edər, onları daha yaxşı oynamağa həvəsləndirərdi. Yoxsa Benito Karboneni yox, Benito Mussolinini də gətirəsən, sistemsiz, taktikasız, proqramsız oyunla heç nə edə bilməzsən.
Açıq göründü ki, Canni de Byazinin bacaracağı bir iş yoxdur. O, yaxşı komandaların məşqçisidir. Onunku odur ki, əjdaha oyunçular olsun, desin, uşaqlar, çıxın, öz bildiyiniz kimi oynayın.
Belə məşqçilərdən bizə fayda yoxdur. Bizim komandaya ustad, hoca, öyrədən məşqçi lazımdır. Qoy məşhur olmasın, amma futbolu, yeni təmayülləri bilən, hər oyunçunun potensialını düzgün qiymətləndirən, strateq mütəxəssis olsun.
Mərc gələrəm, Canninin şaykasını bu gün istefaya göndərsinlər, yerinə idman jurnalistlərinin bir qrupunu təyin etsinlər, onlar italyan məşqçilərdən pis nəticə göstərsələr, klaviatiuramı dizimə verib qırım. Bu dərəcədə yəni. Çünki futbolda əldə edilə biləcək daha pis nəticə yoxdur. Adamlar dibdədirlər. İstənilən özünə hörmət edən ölkənin futbol təsərrüfatının rəhbərləri dünənki biabırçılıqdan sonra o məşqçilər qrupunu təyyarəyə minməyə qoymazdılar, deyərdilər, sinyorlar, burdan İtaliyaya daha yaxındır, siz oraya uçun.
Tarix: 2-09-2021, 13:48
Xəbəri paylaş





Xəbər lenti